Arayış
2020-ci ildə Azərbaycanın qətiyyətli qələbəsi və işğal olunmuş torpaqlarının azad edilməsi ilə əlamətdar olan İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Fransa-Azərbaycan münasibətləri getdikcə daha da gərginləşib. İki ölkə arasında siyasi – diplomatik münasibətlərin kəskinləşməsi isə birmənalı olaraq rəsmi Parisin müxtəlif müstəvilərdə Azərbaycana qarşı hibrid müharibə xarakteri alan atdığı addımlarla bağlıdır.
İkinci Qarabağ Müharibəsindən sonra Fransanın bölgədəki strateji maraqları, neoimperialist gündəliyi və ölkə daxilində köklü erməni diaspor şəbəkələrinin təsiri rəsmi Parisi açıq şəkildə erməni mərkəzli mövqe tutmağa vadar etdi. Hibrid müharibə strategiyasına bənzəyən bu mövqe müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli sahələr üzrə müxtəlif elementləri və Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətləri əhatə edir.
Birləşmiş Millətlər Təşkilatı
- 2020-ci ilin oktyabrında BMT TŞ-də Fransa tərəfindən dəstəklənən TŞ Sədrinin Bəyanatının qəbul edilməsi təşəbbüsü olmuşdur. Bu təşəbbüs həmin vaxt Şuranın üzvü olan 7 Qoşulmama Hərəkatı üzv-dövlətinin (Dominikan Respublikası, İndoneziya, Niger, Sent Vinsent və Qranadin, Cənubi Afrika Respublikası, Tunis və Vyetnam) mövqeyi nəticəsində baş tutmamışdır.
- 2021-ci ilin iyununda BMT TŞ-də Fransa tərəfindən Azərbaycan əleyhinə qətnamə layihəsi qeyri-rəsmi olaraq irəli sürülmüş, lakin bu təklif üzərində iş dalana dirəndi və layihəni irəlilətmək mümkün olmadı.
- 13 sentyabr 2022-ci ildə Ermənistanın müraciəti və Fransanın birbaşa dəstəyi ilə BMT TŞ-nin Azərbaycan-Ermənistan mövzusunda açıq müzakirələri keçirilib. Fransa TŞ adından mətbuat bəyanatının qəbul edilməsi təşəbbüsünü irəli sürsə də, buna nail ola bilməyib.
- 20 dekabr 2022-ci ildə Laçın yolunun “bağlanması” ilə əlaqədar Ermənistanın rəsmi müraciəti ilə BMT TŞ-nin açıq müzakirələri keçirilib və iclasda Fransa TŞ Sədrinin Bəyanatının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Sənəd layihəsinin 4 dəfə 3 yenilənmiş versiyası Fransa tərəfindən irəli sürülsə də, layihə üzrə konsensusa nail olunmayıb.
- 2023-cü ilin iyul-avqust aylarında Laçın yolundakı vəziyyətlə əlaqədar TŞ-nin iclasının çağırılması və sənədin qəbulu təşəbbüsləri olub. 16 avqustda TŞ-nin açıq iclası keçirilib. İclasın nəticəsində TŞ adından sənəd qəbulu təşəbbüsü irəlilədilsə də, buna nail olunmayıb.
- 21 sentyabr 2023-cü ildə Azərbaycan tərəfindən həyata keçirilən anti-terror tədbirləri ilə əlaqədar Ermənistanın rəsmi müraciəti və Fransanın birbaşa səyi ilə TŞ-nin iclası çağırılıb. Ciddi cəhdlərə baxmayaraq iclasda Azərbaycan əleyhinə hər hansı sənədin qəbul etdirilməsi mümkün olmayıb.
- 11 oktyabr 2023-cü ildə Fransa BMT TŞ-nin Ermənistan-Azərbaycan mövzusunda qətnamə layihəsini təqdim edib. Hətta Ermənistan özü də bu təşəbbüsdə iştirak etməyib. Layihə TŞ üzvləri tərəfindən dəstəklənməyib. Fransa ilkin irəli sürdüyü və anti-Azərbaycan mahiyyətli layihəyə sonradan bəzi düzəlişlər etmək məcburiyyətində qalsa belə, yenə də sənədin qəbulu üçün tələb olunacaq sayda üzv ölkənin dəstəyini təmin etməyə nail olmayıb.
- 2023-cü ilin oktyabrında BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycana qarşı qəbul edilmiş birgə bəyanatı təşviq edən əsas dövlətlərdən biri də Fransa olmuş, həmin bəyanat bu ölkənin nümayəndəsi tərəfindən oxunmuşdur.
– 2023-cü ilin noyabrında İHŞ-də Universal Dövri İcmal üzrə Azərbaycanın milli hesabatının dinlənilmələri zamanı Fransa tərəfi ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən tövsiyələr ünvanlamışdır.
Avropa İttifaqı
- 20 oktyabr 2022-ci ildə iki aylıq müddətə yaradılmış Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki Missiyasının müddəti bitdikdən sonra Fransanın öncüllüyündə və Azərbaycan tərəfinin razılığı olmadan ona 20 fevral 2023-cü ildən etibarən iki il müddətinə mandat verilmişdir. Aİ Xarici İşlər Nazirləri Şurasının 11 dekabr 2023-cü ildəki iclasında Fransanın təşəbbüsü ilə təşkilatın Ermənistandakı Missiyasının şəxsi heyətinin sayının 138-dən 209 qaldırılması barədə qərar qəbul edilmişdir.
- Aİ Xarici İşlər Nazirləri Şurasının 13 noyabr 2023-cü ildə keçirilən iclasından sonra Aİ Şurasının Ermənistana Avropa Sülh Mexanizmi (EPF) vasitəsilə qeyri-öldürücü dəstəyin verilməsi imkanlarının araşdırılması barədə qərar qəbul edilmişdir.
– 13 noyabr 2023-cü ildə keçirilməsi razılaşdırılan Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsinin iclası tədbirdən 2 gün öncə Fransa tərəfinin təşəbbüsü ilə (Yunanıstan və Kiprin dəstəyi ilə) ləğv edilmişdir.
Avropa Parlamenti
- İkinci Qarabağ Müharibəsindən sonra AP tərəfindən qəbul olunan anti-Azərbaycan qətnamələrinin qəbulunda fransalı deputatlar xüsusi rol oynayıblar.
ATƏT
- 21-27 oktyabr 2022-ci ildə Ermənistan hökumətinin dəvəti və Fransanın ciddi dəstəyi əsasında ATƏT tərəfindən bu ölkəyə “ehtiyacların qiymətləndirilməsi heyəti” göndərilmişdir. ATƏT-in müvafiq sənədlərinə, təşkilatdakı qərarların qəbulu prosedurlarına və mövcud təcrübəyə zidd şəkildə atılmış bu addım ilə əlaqədar fəsadların neytrallaşdırılması məqsədilə təşkilat daxilində ardıcıl və sistemli addımların atılması təmin edilib. Nəticədə, həmin missiyanın ATƏT-də kollektiv qərarla qəbul olunmadığı, ATƏT-in mandatına malik olmadığı və beləliklə də, təşkilatla heç bir əlaqəsinin olmadığı, missiyanın yalnız ATƏT-ə sədrlik edən Polşa tərəfinin individual təşəbbüsü olduğu, səfər üçün təşkilatın vahid büdcəsindən olan vəsaitlərdən istifadə olunmadığı və onun individual iştirakçı dövlətlər tərəfindən maliyyələşdirildiyinin ATƏT Katibliyi tərəfindən bəyan edilməsi təmin edilmişdir.
NATO
Fransa, məqsədyönlü fəaliyyəti ilə Azərbaycan – NATO münasibətlərinə də mənfi təsir göstərir. Belə ki, NATO ilə tərəfdaşlıq haqqında sənədi (ITPP) məhz Fransanın bloklaması səbəbindən təsdiq oluna bilmir. Haşiyəyə çıxaraq qeyd edək ki, Fərdi Tərtib edilmiş Tərəfdaşlıq Proqramları (İTPP) NATO-nun Alyansa üzv olmayan tərəfdaşlarla əməkdaşlığını əlaqələndirmək üçün istifadə etdiyi əsas vasitələrdən biridir və 2021 – ci ildə Şimali Atlantika Şurası tərəfindən qəbul edilib. Qeyd edək ki, sonuncu dəfə sükut proseduru 10 maya kimi uzadılıb. Sənədin təsdiqi üçün Fransanın şərtləri:
- Ermənistan tərəfindən NATO-da irəli sürülən bütün namizədlərə Türkiyə tərəfindən razılıq verilsin;
- NATO Komitəsində yalnız müttəfiqlərin iştirakı ilə “Cənubi Qafqazda hibrid fəaliyyətlər” mövzusunda müzakirələr keçirilsin (Ermənistanın narrativi);
- NATO Komitəsində Azərbaycanın iştirakı ilə 32+1 formatında müzakirələr keçirilsin. Fransa bu müzakirələrin Azərbaycanın Fransaya qarşı dezinformasiya fəaliyyətlərinə həsr edilməsini təkid edir.
Beynəlxalq Frankofoniya Təşkilatı
- 19-20 noyabr 2022-ci ildə Fransa Ermənistanla birlikdə BFT-nin Tunisdə keçirilən Sammiti zamanı Cerba Bəyannaməsi və Frankofoniya ərazisində böhran vəziyyətlərə dair qətnamə layihələrinə Azərbaycan əleyhinə müddəaların daxil edilməsi işində fəal iştirak etmiş və hətta bunun üçün digər üzv dövlətlərə təzyiqlər göstərmişdir. Azərbaycan tərəfinin digər üzv dövlətlərlə apardığı iş nəticəsində Fransa və Ermənistanın ölkəmizə qarşı əksər təşəbbüsləri qəbul edilməmiş və ya yumşaldılmışdır.
- 6-7 noyabr 2023-сü ildə Frankofoniya Parlament Assambleyasının Avropa Regional qrupunun Afinada keçirilmiş iclasında Fransa və Ermənistanın təhriki ilə Azərbaycana qarşı Bəyannamə qəbul olunmuşdur.
UNESCO
- Fransa UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirib təşkilatı Xarici İşlər Nazirliyinin “idarəsi” kimi istifadə edir, humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə UNESCO missiyasının göndərilməsini əngəlləyir. Fransanın ikitərəfli müstəvidə ölkəmizə qarşı apardığı fəaliyyət 2020-ci ilin noyabrından bu günədək Fransa Senatı və Milli Assambleyasında ümumilikdə 6 anti-Azərbaycan qətnamə qəbul olunub və “Avropada Sülh Mexanizmi tərəfindən Ermənistanın xeyrinə yardım tədbirinin maliyyələşdirilməsinə dair Avropa Qətnamə Layihəsi” adlı bir qətnamə hazırda Senatın gündəliyindədir. Qəbul edilən bu qətnamələrin əksəriyyətində Qarabağdakı qondarma – cinayətkar rejimin tanınmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırışlar edilib. Fransa parlamenti tərəfindən qəbul edilən anti – Azərbaycan qətnamələrinin hüquqi qüvvəsi olmasa da iki ölkə arasında münasibətlərə ciddi xələl gətirib.
Fransa Senatı tərəfindən qəbul edilən qətnamələr :
1. 25 noyabr 2020 - ci il tarixində qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə demək olar ki, yekdilliklə qəbul edilib.
2. 15 noyabr 2022 – ci il tarixində “Azərbaycana münasibətdə sanksiyaların tətbiqi, onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi tələbi, 9 noyabr 2020 tarixli atəşkəs razılaşmasına hörmət etməsini tələb edən və iki ölkə arasında davamlı sülhün qurulmasına yönəlmiş bütün təşəbbüslərin dəstəkləməsinə dair” qətnamə qəbul edilib.
3. 17 yanvar 2024 – cü il tarixində “Azərbaycanın Dağlıq Qarabağda hərbi hücumunun qınanılması, Ermənistan Respublikasının ərazi bütövlüyünün pozulmasına qarşı hər hansı digər təcavüz cəhdi və Ermənistan Respublikasının ərazi bütövlüyünün pozulmasının qarşısının alınması, Azərbaycana qarşı sansksiyalara çağırışlar və erməni əhalinin Dağlıq Qarabağa geri dönmək hüququnun təmin edilməsi” adlı qətnamə qəbul edilib .
Fransa Milli Assambleyasında qəbul edilən qətnamələr:
1. 3 dekabr 2020 – ci il tarixində “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə qəbul edilib.
2. 30 noyabr 2022 – ci il tarixində “İki ölkə arasında və daha qlobal şəkildə regional miqyasda dayanıqlı sülhün bərqərar olması məqsədilə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə, Ermənistan ərazisində mövcud olan Azərbaycan silahlı qüvvələrinin tam və dərhal geri çəkilməsinin və 9 noyabr 2020-ci il tarixində imzalanmış atəşkəsə riayət olunmasının tələb edilməsinə dair” qətnamə qəbul edilib.
3. 4 mart 2024 – cü il tarixində “Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən etnik təmizlənməsini pisləyən və Ermənistan Respublikasının ərazi bütövlüyünə hörmət tələb edən” qətnamə qəbul edilib.
Fransanın Azərbaycana qarşı qəbul etdiyi digər qərarlar aşağıdakılardır:
- 03 oktyabr 2023-cü ildə Paris şəhərinin Meriyası “Dağlıq Qarabağ ermənilərinə” Paris şəhərinin fəxri vətəndaşlığının verilməsinə dair niyyət sənədi qəbul edib.
- 30 sentyabr 2023-cü ildə Fransa tərəfinin təşəbbüsü ilə Milli Assambleyada Fransa Azərbaycan Dostluq-Qrupu öz fəaliyyətini dayandırıb.
-Son illərdə ikitərəfli müstəvidə münasibətlərə zərbə vuran amillərdən biri də Fransa mediasında Azərbaycan əleyhinə kampaniyanın geniş vüsət alması olub. Xüsusilə, anti-Azərbaycan təbliğat kampaniyasına Fransanın bir sıra tanınmış telekanallarında və Le Figaro, Le Monde, Le Point, Francetvinfo.fr, La Croix, İntelligence Online və s. kimi əsas media resurslarında geniş yer verilib. Fransa mediasında Azərbaycan əleyhinə yönələn təbliğatda diqqəti cəlb edən iki əsas məqamı belə qeyd etmək olar :
- Fransanın Azərbaycana qarşı ittihamları Ermənistanın ölkəmizə qarşı ittihamlarından daha kəskin xarakter daşıyır.
- Azərbaycanın guya Fransada qeyri-sabitlik yaratmaq istiqamətində addımlar atdığına dair məlumatlar tirajlanır.
Eyni zamanda, qeyd edək ki, Fransa rəsmiləri də anti-Azərbaycan təbliğat kampaniyasında fəal iştirak edirlər. Məsələn, Fransa prezidenti E.Makron 2022 – ci ilin oktyabrında “France 2” telekanalına verdiyi müsahibədə Azərbaycanı 2020 – ci ilin payızında “çoxsaylı qurbanlara, amansızlıqlara və işğala gətirib çıxaran müharibəyə başlamaqda” ittiham edib. Onu da əlavə edək ki, prezident E.Makronun və digər Fransa rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, o cümlədən də, dövlətimizin beynəlxalq hüquq normalarına əsaslanaraq həyata keçirdiyi hərbi əməliyyatlara qarşı səsləndirdiyi digər fikirlər də fransız və dünya mediyasında geniş yayılıb.
İkitərəfli münasibətlərdə problem yaradan hadisələrdən biri də Fransanın Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinin təhqirə (heykəlin üzərinə qırmızı boya atılmış, burnu deşilmişdir) məruz qalması olmuşdur. Əvvəla, hesab edirik ki, Azərbaycan şairinin heykəlinin Fransada təhqir olunmasında bu ölkədə aparılan anti-Azərbaycan təbliğatı böyük rol oynamışdır. Eyni zamanda, Natəvanın heykəlinin bərpası istiqamətində Fransa hakimiyyət orqanlarının heç bir addım atmaması (Azərbaycanın diplomatik kanallarla dəfələrlə müraciət etməsinə baxmayaraq) da, baş verən bu vandalizm aktının heç də təsadüfən meydana çıxmadığını göstərdi. Qeyd edək ki, Natəvanın heykəlinin Evian şəhərində təhqirə məruz qalması və məsələ ilə bağlı Fransa hakimiyyət orqanlarının qeyri – adekvat davranışı Azərbaycanın ən yüksək səviyyədə kəskin etirazına səbəb olmuşdur.
Azərbaycanın Fransadakı səfirliyinə radikal erməni qruplarının hücumları və bu hücumlar zamanı ölkənin hüquq – mühafizə orqanlarının öz vəzifələrini yerinə yetirməməsi də ikitərəfli münasibətlərin daha da gərginləşməsinə səbəb olmuşdur. Məsələn, 2022 – ci ilin sentyabrında radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olmuş və nəticədə səfirliyin binasına zərər yetirilmişdir. Səfirliyə hücum zamanı fransız polisi etirazçılara müdaxilə etməmişdir. Fransa polisinin bu davranışı “Diplomatik Əlaqələr” haqqında 1961 – ci il Vyana Konvensiyasının kobud surətdə pozulması kimi dəyərləndirilə bilər. Qeyd edək ki, “Diplomatik Əlaqələr” haqqında 1961 – ci il Vyana Konvensiyasına görə yerləşmə dövləti xarici ölkələrin səfirliklərinin təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyır.
Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan – Fransa münasibətlərində gərginlik yaradan məqamlardan biri də rəsmi Parisin Ermənistanı silahlandırması olmuşdur. Ermənistan – Fransa hərbi əlaqələri İkinci Qarabağ Müharibəsindən əvvəl də mövcud olsa da bu əlaqələr məhdud xarakter daşımaqla o qədər də əhəmiyyətli olmamışdır. İkinci Qarabağ Müharibəsindən sonra Fransa – Ermənistan siyasi əlaqələrində baş verən yaxınlaşma iki ölkənin hərbi əlaqələrinə də proyeksiya etmişdir. Fransanın Ermənistanı silahlandırması yalnız iki ölkənin (Fransa və Azərbaycan) münasibətlərinə mənfi təsir etmir, həmçinin, Ermənistan və Azərbaycan arasında da hərbi – siyasi eskalasiyanı artırır.
Bütövlükdə, Fransanın regionda militarist siyasət həyata keçirməsi iki əsas səbəbdən Cənubi Qafqazın təhlükəsizlik mühitinə neqativ dinamika gətirir. Birincisi, Ermənistan və Azərbaycan arasında hələ də sülh müqaviləsi imzalanmayıb və bütövlükdə, münaqişə bitsə də iki ölkə arasında ciddi problemlərin qalması səbəbindən davamlı sülh əldə olunmayıb. Otuz ilə yaxın dövr ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayaraq təcavüzkar siyasət həyata keçirən və hələ də daxili qanunvericilik sənədləri ilə Azərbaycana qarşı ərazi iddialarını davam etdirən bir ölkəni silahlandırmaq yenidən erməni siyasi elitasında, cəmiyyətində revanşist meyilləri, işğalçılıq istəklərini gücləndirə bilər.
İkincisi, son illərdə kəskinləşən Rusiya – Qərb münasibətləri fonunda Ermənistanın Qərbə doğru reveransları, Fransa da daxil olmaqla bəzi aparıcı Qərb dövlətlərinin Ermənistandan Rusiyaya qarşı istifadə cəhdlərinin Cənubi Qafqazı yeni geosiyasi qarşıdurma meydanına çevirmək potensialı böyükdür. İndiki mərhələdə Ermənistanın qüvvələr balansı (balance of power) siyasətini tədricən Rusiyaya qarşı çevirməsi regionda xaotik geosiyasi proseslərin getməsinə səbəb olar ki, bu da nəticədə, Cənubi Qafqazın təhlükəsizlik sistemi üçün ciddi fəsadlar yarada bilər.
Son zamanlar Fransa və Ermənistan arasında hərbi tərəfdaşlığın dərinləşməsini özündə ehtiva edən faktlar isə kifayət qədərdir:
22-23 oktyabr 2023-cü ildə Ermənistan müdafiə nazirinin Parisə səfəri zamanı tərəflər arasında aşağıdakı sənədlər imzalanıb:
- “Thales” şirkəti ilə 3 ədəd “GM200” müşahidə radarının alınmasına dair müqavilə sənədi;
- “Safran” şirkəti ilə gecəgörmə cihazlarının (binokl) alınmasına dair müqavilə sənədi;
- Fransa Silahlı Qüvvələr nazirliyi ilə hava hücumundan müdafiə sahəsində avadanlıqlar baxımından əməkdaşlığın gücləndirilməsinə xidmət edən niyyət məktubu (Bu çərçivədə Fransanın Ermənistanın hava-hücumundan müdafiə sahəsində audit həyata keçirməsi planlaşdırılmışdır).
- Bundan əlavə, quru qoşunlarda döyüş əməliyyat təlimlərinin keçirilməsi məqsədilə Ermənistana göndəriləcək mobil təlim qruplarının döyüş əməliyyatları üzrə üç təlim - “piyada döyüş təlimləri”, “dağ şəraitində döyüş təlimləri” və “atış təlimləri” - sahəsi müəyyən edilmişdir.
• 2023-cü ilin dekabrında Fransa 24 ədəd “Bastion” zirehli avtomobili Ermənistana artıq çatdırıb, əlavə olaraq 26-nın da göndəriləcəyi gözlənilir.
• 22-23 fevral 2024-cü ildə Fransa Silahlı Qüvvələr naziri Ermənistana səfər edib. Səfər çərçivəsində:
- Fransanın “PGM” şirkəti ilə Ermənistan rəhbərliyi arasında snayper tüfənglərinin alınmasına dair saziş imzalanıb;
- “Saint-Cyr” hərbi-tədris müəssisəsi və Ermənistan hərbi akademiyası arasında tərəfdaşlıq üzrə razılıq əldə edilib. (5 erməni kursantı sözügedən akademiyada təhsil alacaq); - MBDA şirkəti tərəfindən yer-hava “MISTRAL” raketlərinin alınmasına dair Ermənistana “təklif” təqdim olunub.
- “Thales” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, “GM200” müşahidə radarlarlarından birinin 2024-cü ilin sonunadək İrəvana çatdırılacağı bildirilib.
- Fransa naziri 2024-cü il ərzində erməni hərbçilərinə dağ-döyüş hazırlığı kurslarının (3 sayda) təşkil ediləcəyini elan edib. Kurslara cavabdeh bölmə Fransanın “Alp ovçuları” elit dağ qüvvələrinə aid təlimatçılardır. Həmin təlimatçılardan ibarət təlim qrupu 2024-cü ilin fevralında Ermənistanın “Armavir” təlim sahəsində ermənilərə müvafiq təlimlər keçmişdir. Fransa naziri səfəri zamanı təlim məşğələlərini izləyib.
• Fransa və Ermənistan nazirlərin 2023 və 2024-cü il görüşlərində Müdafiə islahatları kontekstində, hərbi məsələlər üzrə fransalı müşavirin Ermənistan Müdafiə nazirliyinə 2024-cü ildə ezam olunacağı elan edilib.
• Kadr mübadiləsi proqramı çərçivəsində, 2023-cü ilin sentyabr ayından Fransa Silahlı Qüvvələrinin erməni əsilli çavuşu İşxan Tovmassyan Ermənistan Müdafiə nazirliyinə ezam olunub.
• 2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayınadək Ermənistanda hərbi attaşe vəzifələrini müvəqqəti icra etmək üçün iki fransalı zabit (quru qoşunları və jandarma) İrəvandakı Fransa Səfirliyinə ezam olunmuşdur.
• 28 aprel 2023-cü ildə Fransanın xarici işlər naziri Ermənistana səfəri zamanı İrəvandakı Fransa səfirliyinin nəzdində “müdafiə missiyasının” (hərbi attaşelik) təsis ediləcəyini elan edib.
Beləliklə, qeyd olunan faktlar və proseslərin inkişafı bir daha təsdiq edir ki, 44 gün davam edən İkinci Qarabağ Müharibəsindən sonra Fransanın anti – Azərbaycan siyasəti ardıcıl, sistemli, çoxsahəli olmaqla ikitərəfli münasibətlərə ciddi zərbə vurub. Bu baxımdan, qeyd edə bilərik ki, Fransa Azərbaycanla münasibətlərinin yenidən konstruktiv məcraya qayıtmasını arzulayırsa ilk növbədə regionla bağlı siyasətini yenidən nəzərdən keçirməli, beynəlxalq hüquq normalarına, Azərbaycanın legitim əsasları olan maraq və mövqeyinə hörmət etməlidir.
Mətin Məmmədli,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
Paylaş: