“İlqar Məmmədov və Əli İnsanov da azad edilə bilər”
Son zamanlar ölkəmizdə və ətraf coğrafiyada çox mühüm hadisələr baş verdi. Dünyanın nəbzi əsasən Ukraynada atdı. Saakaşvilinin bütün təhdidlərə baxmayaraq, Lvova gəlməsi heyrətdən hər kəsin ürəyini boğazına gətirdi. Daha sonra Prezident İlham Əliyev, həbsi ciddi beynəlxalq qınağa səbəb olan Mehman Əliyevi azadlığa buraxdı. Üstündən az keçməmiş AYB-ın “26-lar” ayıbı ortaya çıxdı.
Bütün bunlar arasında hər hansı üzvi əlaqə varmı?
Bu və digər suallarla bağlı eks-spiker Rəsul Quliyevin mövqeyini öyrənməyə çalışdıq.
Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
-Rəsul müəllim, hazırda dünya mediasında da, elə Azərbaycanda da gündəmin əsas mövzularından biri Saakaşvilinin Ukraynaya qayıtması oldu. Bu qayıdışı necə qiymətləndirirsiniz?
-Mən Saakaşvili prezident olanda da, gəlib Azərbaycanda MM-də çıxış edib bizlərə ‘’dərs’’ keçəndə də onun ambisiyalı, özündənrazı, narsist bir tip olduğunu söyləmişdim, yenə də eyni fikirdəyəm. Onun Ukraynada nə prezident , nə də aparıcı partiya lideri olmaq şansı yoxdur. Sadəcə narsist xarakteri Saakaşvilini dünyanın diqqətini cəlb etmək üçün özündən asılı olmayan bu addımı atmağa vadar edir.
İnsanlar bəzi mürəkkəb sualların cavablarını özləri tapa bilər, əgər “nə üçün”, “nə səbəbdən” sualına obyektiv cavab axtarsalar. Məsələn, Mişa nə üçün azı 30 faiz (onun partiyası parlamentdə bu qədər yer alıb) dəstəyi olan Gürcüstana yox (bu ölkə də onu vətəndaşlıqdan məhrum edib), maksimum 5 faiz dəstəyi olan Ukraynaya getməyə üstünlük verdi? Hansı səbəbdən işlədiyi, camaatını yaxşı tanıdığı (‘’Yaxşı’’ işinə görə Odessa vilayəti və Gürcüstan camaatı onu daha çox müdafiə etməli idi) Odessaya yox, Livova üz tutdu?
Fikrimcə, bu, özünü təbliğ etmək üçün düzgün addımdır. Rusiya kimi bir aqressorla ölüm-dirim müharibəsi aparan Ukraynanın başını lazımsız məsələ ilə qarışdırmaq isə qeyri-düzgün hərəkətdir. Ancaq səhv addımı birinci onu vətəndaşlıqdan məhrum edən Poroşenko atmışdı…
-Necə fikirləşirsiniz, Saakaşvili Ukraynada hansısa dəyişikliklərə imza ata bilərmi?
-Saakaşvilinin Ukraynada siyasi səhnəni dəyişmək şansı sıfıra bərabərdir. Əvvəla, ona görə ki, Ukrayna AB və NATO-ya daxil olmaq siyasətini azı 2 ildir səylə aparır, bu yaxınlarda referendum keçirəcək və ən azı 70 faiz ukraynalının Avropaya “hə” deyəcəyi gözlənilir.
İkincisi, Ukrayna iqtisadi reformaları aparır və korrupsiyaya qarşı mübarizəni gücləndirir , Beynəlxalq Valyuta Fondu (beynəlxalq arbitr) bunu bir neçə dəfə təsdiqləyib və milyardlıq tranşlar verib və buna indi də davam edir.
Üçüncüsü, Ukrayna hüquqi dövlət yaratmaq istiqamətində çox böyük addımlar atıb. Keçmiş məhkəmə sədrlərinin 70 faizini dəyişib, elə Saakaşvilinin ölkəyə qeyri-qanuni daxil olması və həbs edilməməsi hüquqi dövlət statusunun təntənəsidir. Düzdür, Saakaşvili istənilən variantda qanunu pozubsa cəzalandırılacaqdır, ancaq məhkəmə tərəfindən. Bu məsələlərdə (bütün hüquqi dövlətlərdə olduğu kimi ) prezidentin fərmanı işləmir.
-Bəs, Rusiya nə yaxşı ona qarşı təxribatlara əl atmadı? Olmaya, Rusiya Saakaşvilinin bu gedişinin Qərbyönümlü hakimiyyəti zəiflədəcəyinə və Moskvaya bağlı qüvvələrin asanlıqla yenidən hakimiyyətə gələcəyinə ümid bəsləyir?
-Saakaşvili faktiki Rusiyanın kartını oynayır. Hakimiyyətə gəlmək üçün doğma anasını sata bilən Timoşenkonun onun yanında olması 2 qat Rusiyanın xeyrinədir. Ancaq indiki hakimiyyətdə olanlar Rusiyadan uzaqlaşmaq üçün ardıcıl və qətiyyətli siyasət aparırlar, onları yolundan döndərmək mümkün deyildir.
Saakaşvili başqa bir korrupsioner və ambisioz siyasətçi Timoşenko ilə birləşib xaos yaratmağa cəhd edə bilər, ancaq uğurları parlamentdə qazanılacaq 20 faiz deputat yerindən o tərəfə keçməz.
Hər halda Ukraynada Qroysman və onun hökuməti, keçmiş baş nazir Yaçenyuk və onun komandası, Kiyevin meri Kliçko kimi dəyərli siyasətçilər var. Onların arasında bağıra-bağıra başqalarına böhtan atmaqdan başqa əlindən az iş gələn Timoşenko və Saakaşvilin qələbə çalmaq şansları yoxdur.
-Rəsul müəllim, gəlin razılaşaq ki, Saakaşvili də demokratik islahatları və koorupsiyaya qarşı mübarizəsilə ad çıxarmış biridir.
-Bəli, Saakaşvilinin Gürcüstanda demokratiyanın yaranması və nəticə etibarilə korrupsiyanın bir neçə dəfə azaldılmasında rolunu danmaq olmaz və bu, ədalətsizlik olar. Ancaq Gürcüstanda işləyən çığır-bağır metodlarını eynən Ukraynaya tətbiq etmək ağılsızlıqdır.
-Saakaşvilinin Ukraynaya qayıdışı xəbəri yayılan kimi, nədənsə, Azərbaycan ictimaiyyəti sizin bir vaxtlar eyni təşəbbüslə çıxış etdiyinizi xatırladı. Gürcü liderin qayıdışını daha cəsarətli olmasıylamı, yoxsa başqa amillərləmi izah etmək olar və bu amillər nələrdir?
-Saakaşviliyə qorxaq demək olmaz, o kifayət qədər cəsarətli adamdır. Ancaq mən özümü də heç vaxt qorxaq hesab etməmişəm və məni tanıyanların hər biri dediyimi təsdiqləyə bilər. Hətta bugünkü hökümətdə olanlar 1994-cı ilin oktyabr və 1995-ci ilin mart hadisələrini xatırlayıb daha çox dediklərimi təsdiqləyərlər.
Mən Azərbaycana gəlməkdə Ukraynaya gedən Saakaşvilidən qat-qat qətiliyətli idim. Fəqət Saakaşvili hüquqi dövlətə gedirdi, mən isə totalitarizmin tuğyan etdiyi bir ölkəyə. Üstəlik, mənim gedəcəyim ölkənin qonşuluğunda və hətta 1000 kilometrliyində Polşaya oxşar sivil dövlət yox idi. O vaxt demokratiyaya cəhd edən bir yeganə qonşumuz var idi - Gürcüstan. Bu gün yüksək materiyadan danışan Saakaşvili isə Londondakı konsulunu mənim qaldığım yerə göndərib Gürcüstana gəlməməyimi tələb edirdi. Mişa “bizim Azərbaycanla yaxşı münasibətlərimiz var” (qazı demək olar ki, müftə alırdı. Bu gün rüşvətin əleyhinə çıxış edən Mişa o vaxt faktiki Azərbaycandan rüşvət alıb məni Gürcüstana gedişimin qarşısını kəsdi) deyib, məni Gürcüstana buraxmayacaqlarını bildirmişdi. Mən təyyarə ilə uça bilərdim və təyyarənin ölkəyə buraxılmaması isə ən asan məsələdir. Əlbəttə, mən Gürcüstana gələ bilsəydim, oradan Azərbaycana keçməyim (hər halda sərhəddə məni Mişa kimi 1000-2000 min yox, 10 minlər qarşılayacaqdı. Bakıya gəlib çatdıqda bu rəqəm bir milyona çatacaqdı və indiki rejimdən əsər-əlamət qalmayacaqdı) çox rahat olardı. Bu gün də mən Azərbaycana dönməkdə israrlıyam və daha qətiyyətli cəhdlər edəcəyəm.
-Amma bəzi müşahidəçilər sizin Azərbaycana gələ bilməməyinizi və Saakaşvilinin son addımını Qərbin dəstəyi ilə əsaslandırırlar. Mülahizələrə görə, sizə dəstək verməyən Qərb Saakaşvilinin qayıdışının arxasında dayandı…
-Qərb Saakaşvilinin 2008-ci il cənubi Asetiya avantürasında olduğu kimi, bugünkü Ukraynaya qayıdışını da dəstəkləmir. Siz səhv fikirdəsiniz. Düşünürəm ki, məhkəməni qərarı ilə Mişa yenidən Ukraynanı tərk etməli olacaq. Məni xaricin dəstəkləyib-dəstəkləməməsinə gəlincə, yenə səhv mövqedəsiniz. O hadisələr baş verəndən bir neçə il sonra Osloda (Norveç) səfirlə görüşdüm. Onun dediklərini olduğu kimi təkrarlayıram: “Biz ABŞ-ın səfiri başda olmaqla hamımız aeroporta getdik. Yol boyu çoxsaylı hərbi texnika, tanklar, BTR-lər və əskərlərlə rastlaşdıq. Həmçinin minlərlə insan şəhərin hər yerindən aeroporta axışırdılar. Səfirlər, nəhayət, Azərbaycanda müxalifətin kim olduğunu anladılar”. Məni dəstəkləməyən Qərb, səfirlərini aeroporta göndərməz. Çox təəssüf ki, verilən rüşvətə görə məni Simferopolda saxladılar, Azərbaycana getməyə icazə vermədilər. Azərbaycandan gəlmiş prokurorluq işçilərinə vəkilim “Rəsulu Azərbaycana aparmaq istəyirsinizsə razıdır, gəlin, gedək” deyəndə aradan çıxdılar. “Bizə deyiblər ki burada saxlanılmasına nail olaq, aparılmasına yox” cavabını verdilər. Hökümət məni həbs edib Azərbaycana gətirməkdən belə qorxurdu, mən yox.
-Azərbaycana gələ bisəydiniz, ölkədə nə dəyişiləcəkdi?
-Gələ bilsəydim, indi azərbaycanlılar ən azı türklərdən yaxşı yaşayacaqdı və neftdən asılılıq 30 faizə endiriləcəkdi. Gələ bilsəydim, hər şey dəyişəcəkdi. Tərəfdarım da kifayət qədər idi. Hətta o vaxtdan keçən uzun illər mənim tərəfdarlarımın sayını çox da azalda bilməyib. Bu gün də tərəfdarlarımın sayı özünü müxalifət adlandıran istənilən təşkilatdan 10 dəfələrlə çoxdur. Azərbaycanın qonşuluğunda azacıq Polşaya bənzər bir ölkə olsa, Azərbaycana dönüşümü gözləmərəm, maksimum 2-3 aya bu işi görərəm. Təssüf ki, Naxçıvanla qonşu olan, özünü demokratik adlandıran, ancaq orta əsrlərin qanun-qaydasına qayıdan Türkiyədən də (onda da Türkiyə mənə icazə vermədi) icazə almaq mümkün deyil.
-Saakaşvilinin ətrafında indi Ukraynanın tanınmış simaları, o cümlədən Timoşenko dayanır. Sizin də elə bir komandanız varmı?
-Mənim yanımda Timoşenko tipli adamların olmasını şərəfsizlik hesab edərdim. Azərbaycan o Timoşenkolarla doludur (ondan ağılsız olsalar da), ancaq onlar heç vaxt mənim yanımda ola bilməzlər.Mənim yanımda normal insanlar olacaq, buna şübhə etmirəm.
-Rəsul müəllim, Sizin qayıdışınız dövründə Azərbaycanın əksər müxalif qüvvələri sizi dəstəkləyirdi. Amma yenə də bu qayıdış baş tutmadı. Həmin vaxt kim hansı səhvə yol verdi ki, qayıdış planı işləmədi?
-Bəli, biz o dövrdə koalisiya yaratmışdıq. Koalisiyanın rəhbərləri ilə mən yox, nümayəndəm danışıqlar aparırdı. Onların hamısının məni qarşılamaqda iştirak etməsi vacib idi. Ancaq təəssüf ki, iki şəxs - İ.Qəmbər və Ə.Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər. Mən Ukraynada olan ABŞ səfirliyinin təzyiqi ilə buraxıldıqdan sonra Kiyevdə İ.Qəmbərlə görüşdüm. Birdən o gülməli bir fikir söylədi. Guya mənim buraxılmağımı Yuşenkodan o xahiş edibmiş. Mən İsa Qəmbərə o, Kiyevdə görüşlərə başlayana qədər azad edildiyimi və Yuşenkonun tapşırığı ilə 5 nəfərdən ibarət qoruyucu verildiyini izah etdim. Bizim çörək yediyimiz restoranın ətrafı Ukraynanın silahlı qüvvələri tərəfindən qorunurdu. Və onların gözlərinin qarşısında mən gedəndə onlar da maşınlarına minib arxamca sürdülər. Ondan başqa mənim siyasi sığınacaq statusumun olduğunu və BMT-nın 1951-ci ildən bu statuslu insanların toxunulmazlığı barədə qərar qəbul etdiyini dedim. Nə üçün bunları sadalayıram? Bir neçə il bundan öncə yenidən bu insanın “mən Quliyevi xilas etdim” kimi cəfəng fikirlərinə rast gəldim.
-Rəsul müəllim, istərdim ki, bir az da yerli gündəm barədə danışaq. Son zamanlar Azərbaycanın xarici diplomatlara və mətbuat orqanlarına rüşvət vermək üçün 3 milyard dollar həcmində vəsaitin ölkədən çıxarıldığı barədə məlumatlar yayıldı. Qəribədir ki, hökumət ortaya qoyulan sənədlərdən heç nə danışmadı və məlumatın ermənilər tərəfindən yayıldığını iddia etdi. Hər şeydə erməni barmağı axtarmaq nə dərəcədə doğrudur?
-Hakimiyyət artıq 10 illərdir xalqa qarşı siyasət aparır və hər dəfə bu qeyri-qanuni hərəkətlərin üstü açılanda öz əməllərindən utanıb bir daha etməyəcəyinə söz vermək əvəzinə erməniləri günahlandırır. Əcaib məntiqlə cinayət törədənləri yox, bunun üstünü açan ''erməniləri'' (hərçənd, bu cinayətlərin açılmasında heç bir erməni barmağı yoxdur) təqsirləndirmək gülüncdür. Həbs etdikləri jurnalistlərin əməllərində də ermənilərlə əlaqələrin olması göstərilir. Belə çıxır ki, bu insanların ən yaxın dostları ermənilərdir. Diqqət verin, hakimiyyəti ələ keçirməkdə ermənilərin misilsiz rolu olub. 20 ildən çoxdur ki, müxalifəti zindana atarkən onların ermənilərlə əlaqələrinin olması qabardılıb. Ermənilər hakimiyyət üçün bataqlıqda batanın saman çöpü rolunu oynayır. Bunların indiyə qədər batmaması möcüzədir.
-Saakaşvilinin bu gedişindən sonra rəsmi Bakı da müəyyən addımlar atdı. İlk növbədə Mehman Əliyevi azadlığa buraxdı. Bu da istər-istəməz bəzi müşahidəçilərdə belə bir fikir yaratdı: ABŞ Saakaşvilinin Ukraynaya icazəsiz keçməsiylə sanki post-sovet məkanına “siz istəmədiyiniz halda belə, ölkənizə bizə bağlı qüvvələri gətirə və hakimiyyət uğrunda mübarizələrini dəstəkləyə bilərik” mesajını verdi. Rəsmi Bakı da bu mesajdan öz nəticəsini çıxartdı. Siz bu yanaşmaya necə baxırsınız?
-Mehman Əliyevin azad edilməsinin Saakaşvili ilə heç bir əlaqəsi ola bilməz. Sadəcə, Mehman Əliyevin bəxtindən 3 milyard dollarlıq rüşvət skandalı ortaya çıxdı və ABŞ Konqresini bir qədər də sanksiyalara yaxınlaşdırdı. Hökümətin onu azad etməmək şansı yox idi. Əlavə bir necə siyasi məhbusu, o cümlədən, İlqar Məmmədov və Əli İnsanov da azad edilə bilər.
-Son olaraq sizdən Yazıçılar birliyi ətrafında baş verənlərə münasibətinizi öyrənmək istərdim. Baş verənləri necə qiymətləndirirsiniz?
-Yazıçılar İttifaqında kiminsə 26 Bakı komisarına rəğbət bəsləməsi inandırıcı deyil, daha doğrusu, mümkün deyil. Yazıçılar arasında həmişə daxili çəkişmələr olub. Bu versiyanın müəllifi, böyük ehtimalla, onların öz içərisindəndir.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Paylaş: