Xəbər lenti
Dünən, 19:25

Nazım Əkbərov 

Mən artıq təqaüddə olan müəlliməm. Aktiv müəllimlik həyatı arxada qalmış, tarix olmuşdur. Lakin bu tarix olmuş müəllimlik həyatında bu günün müəllim və tərbiyəçiləri üçün də örnək ola biləcək bəzi şeylər var. Bu düşüncə ilə həmin tarix olmuş ömrün bir səhifəsini, bəlkə bu günün müəllim və tərbiyəçilərinə faydası olar, düşüncəsi ilə sizinlə paylaşmaq istəyirəm.

ŞAGİRDLƏRİNİ AMANSIZLIQLA DÖYƏN MÜƏLLİMİM

Onuncu sinifdə oxuyanda Qəzəbqulu (ad şərtidir) adlı müəllimimiz var idi. Çox amansız, mərhəmətəsiz biri idi. Bizdən yuxarı sinifdə oxuyan şagirdlər bizi məlumatlandırırdılar:
- Çox əzazil müəllimdir, fənnini çox yaxşı bilir, xəritəni gözübağlı göstərir, amma dərsi bilmədin, ya da dərsinə bir dəqiqə gecikdin, qanın getdi, adamı eşşək kimi döyür.
Əlində həmişə uzun, göstərici ağac olardı. Avtonəqliyyat qəzasında bir ayağı şikəst olduğundan axsayardı. Uşaqlar və onu tanıyan müəllimlər “Onu uşaqların ahı tutdu,” deyirdilər. Üstəlik də qadınlara qarşı münasibəti də başqa cür idi. Zahiri görünüş etibarı ilə yaraşıqlı idi, qadınların xoşuna gələrdi. Bundan da istifadə edirdi. 
İşin tərsliyindən bizim sinfin rəhbəri də o oldu. Doğrudan da dərs deməsinə söz yox idi. Fənnini çox yaxşı izah edirdi, xəritəni ən incəliklərinə qədər bilirdi. Əlində gəzdirdiyi göstərici ağacın ucunu partanın üstündə mürəkkəb qabı üçün qazılmış çuxura, çənəsini isə ağacın o biri başına dayayardı və dərsi bu vəziyyətdə izah edərdi. İzah etdiyi mövzunu elə təsvir edərdi ki, gözləri yol çəkərdi, onun danışdığı ölkələri, dağları, çayları, gölləri təsəvvüründə canlandırdığını başa düşürdük.
Hər dərs ilinin əvvəllərində şagirdləri məcburən qəzetə abunə yazdırardılar. Səkkizinci sinfəcən illik abunə haqqı 1 manat 08 qəpik olan “Azərbaycan pioneri” qəzetinə yazdırardılar. Amma biz artıq böyümüş, komsomolçu olmuşduq və abunə olacağımız qəzet də dəyişmiş, “Azərbaycan gəncləri” olmuşdu. Bunun illik abunə haqqı isə 3 manat 12 qəpik idi.
Yay məzuniyyətindən sonra müəllimlərin maddi vəziyyəti yaxşı olmazdı. Üç aylıq uzun tətildən sonra məktəbə qayıdan müəllimlər həsrətlə sentyabrın 16-nı gözləyərdilər ki, maaş alıb borclarının bir hissəsini ödəsinlər. Bu yandan da qəzet abunəsi. Evimizdə pul olmadığını bildiyim üçün Qəzəbqulu müəllimin qəzet pulu gətirmək barədə tapşırığını yerinə yetirə bilməmişdim. Məni və qəzet pulu gətirməyən 1-2 sinif yoldaşımı sinifdən çıxardı, “Qəzet pulunu gətir, sonra dərsə gir!”-dedi.
Mən evə getmədim, çünki evdə pulumuzun olmadığını bilirdim. Olmayan şey üçün evə gedib onsuz da hövsələsiz olan anamın dərdinin üstünə bir də mən dərd qoymaq istəmirdim. Koridorda dayanıb zəngin çalınmasını gözləyirdim.
Zəng vuruldu. Müəllimlər bir-bir siniflərdən çıxmağa başladılar. Qonşu sinifdə mənim sevdiyim qız oxuyurdu. Mən onu yeniyetmə qəlbimlə çox sevərdim. Onun da mənə qarşı laqeyd olmadığını bilsəm də, yaxınlaşıb bir söz deməyə cürət etmiridim. Mən gözlərimi onun sinfinin qapısına dikmiş, o qızın sinifdən çıxmasını gözləyirdim. Birdən qarşımda Qəzəbqulu müəllimi gördüm.
- Nə oldu, qəzet pulunu gətirdin?-deyə soruşdu.
- Xeyir, gətirmədim,-deyib günahkarcasına başımı aşağı dikdim.
Qəzəbqulu müəllimin əlindəki göstərici ağac yuxarı qalxdı və başıma endi. Mən özümü qorumağa çalışırdım. Amma Qəzəbqulu müəllim zərbə ardınca zərbə endirirdi. Çiynimə, qoluma, kürəyimə enən zərbələrdən özümü qorumam mümkün deyildi. Koridorda uşaqlar dayanıb qorxu və heyrət içində mənim döyülməyimə tamaşa edirdilər. Qəzəbqulu müəllim isə vurduqca qızışırdı. Ağacla döymək ona az gəldi, bu dəfə salamat ayağı ilə məni təpikləməyə başladı.
Mən ondan necə qurtulub aşağı qaçdığımı xatırlamıram. Onu bilirəm ki, məktəb həyətindın yel kimi qaçıb özümü böyük bağa saldım. Skamyaların birində oturub ağlamağa başladım. Mənə dəyən zərbələrə görə yox, sevdiyim qızın və məktəb yoldaşlarımın gözü qarşısında amansızca döyülməyimə, təhqir olunmağıma görə.
Nə üçün Qəzəbqulu müəllim evimizdə pul olmadığına inanmaq istəmirdi? Axı o özü də müəllim idi, mənim anamı da, ağır maddi vəziyyətdə olduğumuzu da bilirdi axı! İnsan bu qədər qəddar olarmı? 
Mən bədənimin göyərmiş yerlərini bir neçə gün anamdan gizlətdim. Amma bir səhər məni yuxudan oyatmaq üçün gələndə ayağımda, dizimin altında tuluqlanmış göyərtiləri görüb məni oyatdı. Bunun nə demək olduğunu soruşdu. Mən əvvəlcə hadisəni gizlətmək istədim, amma anamın ağlına daha başqa fikirlər gəldiyini görüb, hadisəni olduğu kimi danışdım. Anam məni soyundurub bədənimə baxdı. Dolmuşdu. Bir kəlmə söz də deyilsəydi, ağlamaqdan özünü saxlaya bilməyəcəkdi.
Məni məktəbə yola saldı. İkinci, bəlkə də üçüncü dərsdə idik. Bədən tərbiyə müəllimimiz İbrahim müəllim gəlib “Nazimi direktor çağırır,” deyib mənə dərsdən çıxmaq üçün icazə aldı.
Sinifdən çıxıb nə olduğunu, nə üçün Abbas müəllimin məni çağırdığını anlamağa, düşünməyə macal tapmamış özümü onun kabinetində gördüm. Təəccüblüsü, bibim Gülsüm də kabinetdə idi. Hirslə siqaretini çəkirdi. Abbas müəllim məndən Qəzəbqulu müəllimin məni nə üçün döydüyünü soruşdu. Mən səbəbini dedim.
Bibim ağzını açıb gözünü yumdu:
- O Qəzəbqulunu görüm tikə-parça olsun, uşaqları yetim qalsın, mənim qardaşımın yetim balasını döydüyü kimi, onun da uşaqlarını ayaq altına salıb təpikləsinlər, çolaq köpək oğlunu…
Daha nələr, nələr. Sən demə anam məni məktəbə yola salandan sonra məktəbə gedirmiş. Yolda bibimlə rastlaşıb. “Nazim necədir?” deyə soruşub, anama da bu sual kifayət edib. Başlayıb hönkür-hönkür ağlamağa. Qəzəbqulu müəllimin məni necə amansızlıqla və nəyə görə döydüyünü ona deyib.
Bibim Gülsümə “qaraçı” deyərdilər. Qəzəbqulu müəllimin yanından beş Qəzəbqulu müəllim də çıxarardı. Bunu eşidən kimi yolunu dəyişib gəlib məktəbə. Qəzəbqulu müəllimi yaxalayıb atasını yandıracaqmış ki, zor-güclə tutub Abbas müəllimin yanına gətirib sakitləşdirməyə çalışıblar.
Xalamın əri o zaman Naxçıvan MSSR Prokuroru idi. O da Qəzəbqulu müəllimə qulaqburması vermişdi və Qəzəbqulu müəllim doğrudan da qorxmuşdu. O hadisədən sonra mənə bir daha acı söz demədi. Amma mən onun bu qəddarlığını unutmadım, unuda bilmədim. O hadisədən yarım əsr - 50 il keçir. Bu gün belə o hadisəni xatırlayanda narahat oluram.
Biz məktəbi qurtarıb ali məktəbə qəbul imtahanı vermək üçün Bakıya getmişdik. Sinif yoldaşlarımla bulvarda gəzirdik. Bu vaxt bir az kənarda skamyanın üstündə oturan Qəzəbqulu müəllimi gördük. Uşaqlar “Gedək, görüşək,” dedilər. Mənim ayaqlarım getmədi.
O hadisənin üstündən xeyli zaman keçmişdi. Mən Ali Sovetdə İşlər Müdiri vəzifəsində işləyirdim. Bir gün Qəzəbqulu müəllimin vəfat etdiyini dedilər. Axşam onun yas məclisinə getdik. Evlərinə çatmağa az qalırdı ki, içimdə fırtına qopdu. Ayaqlarım yerə mıxlandı, bir addım belə ata bilmədim və… geri qayıtdım.
Qəzəbqulu müəllim mənim və şagirdlərinin hafizəsində uşaqları amansızlıqla döyən adam kimi qalmışdı. Mən haqqımı ona halal etmişəm, amma qəlbim düzəlmir ki, düzəlmir…Bilmirəm, haqqımı halal etməkdə səmimi deyilləmmi, yoxsa şərti olaraq Qəzəbqulu adını verdiyim müəllimimin etdiyi zülmmü çox acıdır? Bunu da müəllim olmaq istəyənlərin və müəllimlik peşəsini davam etdirənlərin mühakiməsinə verirəm.




Ana səhifəyə qayıt        Baxış: 1 578          Tarix: 20-12-2017, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma