Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik...
Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün maraqlı olar.
(Əvvəli burada:https://www.moderator.az/news/331749.html )
"...Bunlar gözlənilirdi. Gözlənilməyən şey Əliyevin Əbülfəz Elçibəyi “ev sahibi” adlandırması idi. Heydər Əliyevin Mütəllibovun adamlarına ünvanlanmış sonrakı sərt iradı da gözlənilmirdi...
“Axırıncı dəfə mən 1991-ci ilin avqustunda burada - insanların iradəsinin simvolu olan bu zalda - çıxış etmişdim. O zaman mən 1990-cı ilin dəhşətli hadisələrindən çıxış yolu tapmaq üçün öz köməyimi təklif etmişdim. Onda mənə məhəl qoymadınız. Mənim səylərimdən ....(etika xatirinə yazmırıq-S.L.) Mütəllibov və Moskva ilə əlaqədə olanlar imtina etdilər. Burada olanların çoxu o zaman da zalda əyləşmişdi. Sizin yadınıza düşər və mən sizin yadınıza mənə məhəl qoymamağın nəticələrini salmaq istəyirəm – o zamandan bizim əziz vətənimiz müharibəyə cəlb olunmuşdur, minlərlə şəhidimiz var...”- Heydər Əliyev davam etdi.
Lakin Heydər Əliyev bağışlayandır...
“ Mənim haqqımda çox şeylər deyilib”,- deyə o, tribunada zəhmlə söylədi- Lakin mən bunu səmimi qəlbdən deyirəm: qisas almaq mənim xasiyyətimə xas olan şey deyil. Burada olmuş bir kimsə tərəfindən mənə qarşı ədalətsizlik olubsa, mən onu bağışlamışam və çoxdan unutmuşam...”
Heydər Əliyev faktiki olaraq Azərbaycan cəmiyyətinin hər bir aspektinə toxunduğu üçün onun nitqi 30 dəqiqə davam etdi. Bu, darıxdırıcı deyildi və digər azəri(?-S.L.) dilində danışanlardan fərqli olaraq onun dili səlis və yığcam olduğundan hamı tərəfindən asanlıqla başa düşülürdü. Nəhayət, Heydər Əliyev nitqinin sonunda natiqlik məharətini nümayiş etdirərək Azərbaycana ölməz sədaqəti olduğunu bəyan etdi:
“Qoy mənim məqsəd haqqında sizin heç bir şübhəniz olmasın”- deyə yeni parlament sədri nitqinə davam etdi – Mən Allahın mənim üçün ayırdığı vaxtı Azərbaycanın müstəqilliyini müdafiə etməyə və qanunların, demokratik plüralizimin və ümumbəşəri insan hüquq qaydalarının bərqərar olmasına və bazar iqtisadiyyatının inkişafına həsr edəcəyəm!..”
Filip Remler(ABŞ səfirliyinin 1-ci katibi- S.L.) məni dirsəyi ilə dümsükləyərək göz vurdu.
Gurultulu alqış sədaları zalı bürüdü və Heydər Əliyev yerinə keçib əyləşənədək sürəklənən alqış səsləri səngimədi...
Bu, Mehmet Əli Bayarın başa çatdırılmış sövdələşməsi idi və bu tamaşa güclü təsir bağışladı...
“Gördün o, kommunistləri necə atdı? Geriyə döndü mənim adamım!..” –deyə Mehmet Əli vurğuladı.
“Hə”,- cavab verdim.
Balaca bir fasilə verildi və biz bir az təmiz hava almaq üçün bayıra çıxdıq. Bir az keçmişdi ki, mən yaxınlıqda canlanma olduğunu gördüm. Heydər Əliyev qonağı Əbülfəz Elçibəyi yola salırdı - parlamentdən onu gözləyən Prezident “Mersedes”inə. Mən tələsdim ki, həmin anı çəkim. Lakin gördüyüm mənzərə məni təəccübləndirməkdən çox sarsıtdı: (etika xatirinə bu cümləni yazmırıq- S.L.)... Onlar arasında heç bir söz mübadiləsi-filan olmadı. Və bir an keçmədi ki, artıq Əbülfəz bəy maşında idi. Heydər Əliyev isə ona təzim edən deputatlar və kameralarla əhatə olunmuş binaya qayıtdı...
...Mən “Mersedes”in gülləkeçirməz şüşəsini döydüm: hədsiz dərəcədə özünü itirmiş və tənha görünən Elçibəy diksindi. Sonra yuxarı baxdı, məni və Mehmet Əli Bayarı(Türkiyə səfirliyinin əməkdaşı-S.L.) tanıdı. O, güclə gülümsədi və əllərini qələbə salamı şəklində birləşdirərək bizi salamladı. Bu, bir növ məhbusun dar ağacına aparıldığı zaman mətbuatla vida mərasiminə bənzəyirdi. Elçibəy o dərəcədə təcrid olunmuşdu ki, onun getməyi artıq heç kəsi maraqlandırmırdı...
“Bu da “şərikli” hakimiyyət”- Mehmet Əliyə belə dedim.
Onun deməyə hazır cavabı yox idi...
Heydər Əliyevin sədr seçilməsindən iki gün sonra Surətin qiyam dəstəsi Bakının 30 kilometrliyində idi. Və yeni spikerin dediyinə görə, onları heç nə dayandıra bilməzdi. “Surət hirslidir” – deyə Heydər Əliyev canlı yayımlanan mətbuat konfransında və ya özünün parlamentdəki yeni tribunasından izah edəcəkdi. “Surət uzaqlara diyirlənən başlardan qane deyil və hələ də Elçibəyin istefa verməsini tələb edir” və daha nələr, nələr...
Maşın karvanları Bakı ilə Gəncə arasında gedib-gəlməkdə davam edir, Surətin məhkəməsində sorğu-suala cavab vermək, onu yola gətirmək, yaxud qiyam iştirakçılarının Bakıya yürüşünü dayandırmaqdan ötrü ona yalvarmaq üçün siyasətlə məşğul olan rəsmiləri aparıb-gətirirdilər. Və bütün bu missiyalar eyni şeylə nəticələnirdi; əvvəl yürüşü dayandırmağa dair razılıq, sonra isə buna əməl etməməklə...
Emissarların “ən uğurlusu” Etibar Məmmədov oldu. O, məsələ üzrə parlament komissiyasının Elçibəyin Gəncə hadisələrindəki “şəxsi günahları” barədə hesabat hazırlayana qədər, yəni bir həftə ərzində yürüşü dayandırmağına Surəti razı sala bildi. Sonra isə o, məcbur olaraq etiraf etdi ki, “Surət günahsızdır” qərarını qəbul etməyə razılıq verməyib. Məntiqə görə, Qarabağda döyüşən bütün azəri(?-S.L.) əsgərlərinin ipə-sapa yatmayan erməniləri tərksilah etmək cəhdlərinə görə məhkəmə qarşısında durmalı olacaqlarına işarə edirdi...
Bu arada Surətin dəliləri Bakıya doğru yürüməkdə davam edirdilər. İyunun 16-da onlar artıq paytaxtın lap girəcəyində idilər. Ən dəhşətlisi o idi ki, sadiq sayıla bilən bütün qoşunlar qiyamçılarla açıq-aydın dostlaşmışıdılar. Şəhərin içində artıq nə qədər qiyamçı var? Qırğın nə zaman başlayacaq?..
Baş verə biləcək potensial zorakılığa cavab olaraq və Heydər Əliyevə amerikalıların axmaq olmadığına işarə edərək Robert Finn(1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını açmış və üç il həmin missiyaya başçılıq etmiş Amerika diplomatı. Həmin vaxt səfir Riçard Mayls Bakıda yox idi-S.L.) Amerikanın Bakıdakı vətəndaşlarını ölkədən çıxarmaq üçün xüsusi hazırlıq gördü. Onların çoxu neft adamları və onların tabeliyində olanlar idi. Təxirə salınmadan İstanbula, Moskvaya və hətta Qazaxıstana köç başlandı...
Heydər Əliyev təhlükəsizlik məqsədilə təşkil olunmuş yerdəyişmələri şəxsi təhqir kimi qəbul etdi və tələb etdi ki. Finn bunu dayandırsın.
“Burada sizə qarşı heç bir hərəkət baş verə bilməz!” – deyə Heydər Əliyev Robertin üstünə az qala qışqırırdı - Hər şey mənim tam nəzarətim alıtındadır! Mən sizə şəxsən təminat verirəm!..”
R.Finn: “Sonradan peşman olmaqdansa, təhlükədən uzaq olmağımız yaxşıdır!..”
H.Əliyev: “Neft adamlarını geri qaytarın!”
R.Finn: “Onda qiyamçıları paytaxtdan çıxarın!..”
****
Xarici jurnalistlərin bir qrupu ilə “Karvansaray” restoranında bir masa arxasında oturub kürü ilə sərin şampan içirdik ki, birdən Filip Remler brifinq keçirmək üçün gəlib çıxdı.
-Bu gecə... - o, çoxmənalı tərzdə gülümsəyərək dedi.
-Nə demək istəyirsən?- deyə soruşduq.
-Onu demək istəyirəm ki, mərc gəlirəm: bu gecə çevriliş olacaq...
-Yəqin, daxili məlumatınız var, elə deyil? - başqa bir jurnalist soruşdu.
-Yox, sadəcə olaraq belə bir xəbər var: Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşları Prezident Elçibəyə bildiriblər ki, onlar Surət Hüseynovun yürüşünü dayandırmayacaqlar...
-Biz bunu keçən həftədən bilirdik...
-Bəli, lakin onlar bunu indiyə qədər rəsmi deməmişdilər...
...Cümə axşamı idi – 1993-cü il iyunun 17-i... Mən həmin gecə nə baş verəcəyi fikri ilə getdim yatmağa...”
(Davamı var)
Qeyd : Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.
Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla keçirilmişdir...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar