Xəbər lenti


Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.

"...“Amerikanın Prezidenti Alyaskada səfərdədirsə, bu o demək deyil ki, artıq o, Amerikanın Prezidenti deyil”,-  Xarici İşlər naziri Tofiq Qasımov belə dedi..."


(Əvvəli burada:https://www.moderator.az/news/332005.html )


“...Cümə axşamı idi – 1993-cü il iyunun 17-i... Mən həmin gecə nə baş verəcəyi fikri ilə getdim yatmağa... Terror aktı? İntihar? Nə olacaq?..

Səhər tezdən Filipə mən zəng etdim.

O: “Yaxşı ki sən mərc gəlmədin”-dedi. 

Elçibəy getməli oldu... Bu, onun Prezident inaqurasiyasının ildönümündən bir gün sonra beş verdi (Necə istəyirsiniz, adlandırın: intuisiya və ya paranoya, lakin mən əminəm ki, vaxt seçimi, çətin ki, təsadüf idi. Yeni Sovet düşüncəsini rəmzi rəqəmlərlə təngə gətirən Elçibəyə imkan verilməyəcəkdi ki,  prezidentliyin ildönümünü iş başında qeyd etsin)... 

Əliyevin Elçibəyin gedişinə cavabı cəld oldu – bəlkə də çox cəld oldu... 

Cümə gününün səhəri – iyunun 18-də  öz sevimli mediasından istifadə edərək Əliyev canlı yayımla millətə elan etdi ki,  Prezident Elçibəyin anlaşılmayan səbəblərə görə “qəfil” yoxluğuyla əlaqədar  və onun harada olması haqda heç bir məlumatı olmadığna görə Azərbaycan Konstitusiyasına uyğun olaraq  parlament  sədri kimi  respublikanın prezidentliyindən irəli gələn bütün vəzifə və məsuliyyəti öz üzərinə götürməyə məcburdur...

Ola bilsin ki, bu bəyanat Əliyevin yeganə səhvi idi. Elçibəyin Bakıdan uçuşu elan edildikdən sonra  bir saatın içərisində onun yeri müəyyən olundu.  Bəlkə də o qaçmışdı. Lakin hələ də Azərbaycanda idi – və ölkənin elə Heydər Əliyevin siyasi təcriddə olduğu illərdə sığındığı həmin o, xəlvət yerində idi: dərin, qaranlıq Naxçıvanda...

“Amerikanın Prezidenti Alyaskada səfərdədirsə, bu o demək deyil ki, artıq o, Amerikanın Prezidenti deyil”,- həmin gün parlamentin bir az sonra keçirilmiş fövqəladə iclasında Xarici İşlər naziri Tofiq Qasımov belə dedi.

Robert Finn(1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını açmış və üç il həmin missiyaya başçılıq etmiş Amerika diplomatı. Həmin vaxt səfir Riçard Mayls Bakıda yox idi-S.L.)  bu sözdən yapışaraq bir az da uzağa getdi:

“Alyaskanı, hətta Havay adalarını da unudun. Bill Klinton Fransaya və ya Çinə getdikdə də prezident olaraq qalır – və Birləşmiş Ştatlar Prezident Elçibəyi onun harada olmasından asılı olmayaraq Azərbaycanın Prezidenti hesab edəcək”- dedi...

Bir neçə saat ərzində Heydər Əliyev əvvəlcə tam hakimiyyətə sahiblənməsi barədə dediklərini geri götürdü və sonra isə onlardan tamamilə imtina etdi.

“Xalq Əbülfəz Elçibəyi Azərbaycanın Prezidenti seçmişdir”-dedi, – Mənim onun qərarlaraına yalnız dərin hörmətim var. Lakin bunun müqabilində Prezident də xalqa hörmət etməlidir!..”

Bununla Əliyev demək istəyirdi ki,  Əbülfəz bəy Bakıya qayıtmalıdır və millətin rəhbəri, silahlı qüvvələrin komandanı  rolunun məsuliyyətini öz üzərinə götürməlidir,  yaxud öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gələ bilmədiyinə görə impiçmentlə üzləşməlidir...
Əliyevin qiyamçıların paytaxta davam edən yürüşünü öz şəxsiyyətininn gücü hesabına dayandıra bilməməsi faktı barədə heç vaxt heç nə deyilmədi.  

Heydər Əliyev dedi: “Prezident qayıtmalıdır. Bizim rəhbərimiz geri qayıtmalıdır...”

Bu sözlər Heydər Əliyevin dilindən televiziya ilə canlı yayımlanan gündəlik fövqəladə sessiyalarda  və həmçinin hər gün həmin sessiyalardan sonra keçirilən  mətbuat konfranslarında ikrah hissi doğuruncaya qədər  təkrar olunan mantraya çevrildi.  Mənə elə gəlirdi ki, Əliyevin metodu məşhur Çin su  işgəncəsi vasitəsi ilə təlqin olunan DTK-nın indiyədək bəlli olmayan beyinyuma proqramına əsaslanırdı və xalqı yorub əldən salaraq  baş vermiş çevriliş faktı ilə üz-üzə qoymaq üçün hazırlanmışdı... 

Hər dəfə kameralar çəkəndə  Heydər Əliyev uzun-uzadı mövcud böhrana gətirib çıxarmış hadisələri  təkrar-təkrar sadalayırdı.  Bundan sonra isə o, özünün Elçibəy və Surətlə son danışıqları və həmçinin hadisələrdən narahat xarici dövlətlərin  rəsmiləri ilə görüşlər barədə bütün təfərrüatıyla məlumat verirdi. Bütün bunlar axırda mütləq ölkədə gündən-günə ağırlaşan təhlükəli vəziyyətlə bağlı  insanların ürəyinə vəlvələ salan xəbərdarlıqla bitirdi; “Qarabağda, yaxud onun ətrafında ermənilərin yeni hücumları olmuşdur, talışlar arasında yeni separatçı hərəkat vüsət tapmaqdadır, yaxud ləzgilərin arasında siyasi qətllər baş verməkdədir...” 

Heydər Əliyev, əlbəttə ki, bunların heç biri üçün, yaxud ölkənin üzləşdiyi müxtəlif təhlükələrin həlli üçün  məsuliyyət daşımırdı. Bunlar üçün cavabdeh qaçmış Prezident Elçibəy idi. O, paytaxta qayıtmalı və vəziyyətlə əlaqədar tədbir görməlidir. Qoy Elçibəy qayıtsın və rəhbərlik etsin, axı onun bunun üçün seçiblər...”


(Davamı var)

Qeyd: 
Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.


Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun  “Azərbaycan gündəliyi”  kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla  keçirilmişdir...


Təqdim etdi: Sultan Laçın



Ana səhifəyə qayıt        Baxış: 3 139          Tarix: 29-06-2020, 22:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma