Hazırda Almaniyada yaşayan tanınmış bəstəkar, sabiq deputat Hüseyn Abdullayev 2018-ci ilin prezident seçkilərinə qatılmaq üçün namizədliyinin qeydə alınmasından ötrü sonadək gedəcəyini açıqlayaraq, tərəfdarlarını Milli Şuranın mitinqlərinə dəstək verməyə çağırıb.
Strateq.az xəbər verir ki, Hüseyn Abdullayev bəyanatını özünün facebook səhifəsində paylaşıb.
Bəstəkar yazıb: "Mən keçən yazılarımın birində 2018-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar öz namizədliyimlə bağlı fikirlərimi və platformamı açıqlayacağıma söz vermişdim. Bu gün bunu etməyimin vaxtı olduğunu, lakin bəribaşdan bir neçə mühüm amilin də altını cızmağımın doğru olduğunu düşünürəm.
Əvvəla məni sevən və hər zaman dəstəkləyən dostlarıma bildirim ki, öz namizədliyimin qeydə alınmasından ötrü mubarizəmi aparıb, sonuna qədər gedəcəyəm. Amma bununla yanaşı, hesab edirəm ki, əgər bizlər prezident seçkilərinə qədər bir araya gəlməsək, lazımi milli iradəmizi ortaya qoyub hakimiyyətin istefasını tələb etməsək, hakimiyyətə seçkiləri saxtalaşdırmağa imkan versək, nəinki mənim, digər namizədlərin də seçki kampaniyasını aparması, yaxud da seçkidə qalib gəlməsi mümkün olmayacaq.
Bu baxımdan, fikirləşirəm və əminəm ki, xalqımız kütləvi şəkildə Milli Şuranın təyin etdiyi mitinqlərə qatılmalı, heç bir təzyiqdən çəkinməməli və köləliyə son qoymaq məqsədi ilə bu rejimin dəyişməsinə nail olmalıdır. Hər kəs anlamalıdır ki, həmin kütləvi mitinqlərə qatılmaq kiməsə səs verib onu prezident seçmək deyil".
Bəyanatında hakimiyyətə qarşı çıxmasının səbəblərinə də toxunan Hüseyn Abdullayev onun üçün şəxsi marağın və şan-şöhrətin heç bir önəm daşımadığını və yeganə bir istəyinin də hakimiyyəti dəyişmək olduğunu açıqlayıb, seçki platformasında yer alacaq əsas istiqamətləri sadalayıb: "Prezident seçilərəmsə, həllini qarşıma məqsəd qoyduğum əsas prioritet məsələlər bunlardır:
1. Ölkəmizdə tam qayda-qanun yaratmaqdan ötrü ən azı 2 illiyinə fövqəladə vəziyyət elan edəcəyəm. Və bu müddət ərzində bütün dövlət strukturlarında, xüsusilə də hüquq-mühafizə orqanları, məhkəmə, ədliyyə və gömrük-vergi sistemlərində kök salmış kriminal ünsürlərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəcəyəm.
2. Tək adamın iradəsindən aslı olan Prezident üsul-idarəsini ləğv edib, Parlament üsulu ilə idarəetmə sisteminə keçidi reallaşdıracam. Elə bir Parlament olsun ki, başda dövlət başçısı, baş nazir və digər nazirlərdən hesab tələb etməyə, gərəkirsə, kimliyindən asılı olmayaraq hər birini cinayət məsuliyyətinə cəlb etməyə səlahiyyəti və hüququ olsun.
3. Dövlət büdcəmizin sadəcə xammaldan (neft və qaz) asılılığını minimuma endirib, çoxşaxəli ixrac modelinin yaradılmasına hər cür şərait və imkan yaradacağam. Müqayisə üçün qeyd edim ki, heç bir önəmli təbii sərvətə sahib olmayan Almaniya öz iqtisadiyyatını məhz bu istiqamətdə formalaşdırır. Təsəvvür edin ki, Almaniya milli şirkətləri “MADE İN GERMANY” brendi altında hər il orta hesabla 1 trilyon 400 milyard avro dəyərində mal ixrac edirlər. Azərbaycandakı mövcud rejimin 2018- ci il üçün nəzərdə tutdugu 11 milyard 837 milyon dollarlıq gülünc büdcə vəsaitindən fərqli olaraq".
Qeyd edək ki, H.Abdullayev bəyanatında “haqqın az” saytının rəhbəri Eynulla Fətullayevi və "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunu da hədələyib, onları yazılarında sübut edə bilməyəcəkləri ifadələr işlətməkdə qınayıb: "…Son vaxtlar millətimizi çaşdırmaq məqsədi ilə mənimlə baglı şantaj, təhdid və agır ittihamlarla dolu əsassız məqalələr dərc edirsiniz… Mənim heç zərrə qədər də şübhəm yoxdur ki, sizlər bir gün məhkəmə qarşısında hər atdığınız böhtana, şərə və yalana görə cavab verəcəksiniz".
Paylaş: