Xəbər lenti

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun xeyli adamı MR-də hələ də vəzifədədir. Bu günlərdə qudası – Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun vəzifədən çıxarıldığı bildirilir. Bu, Talıbovun vəzifədə qalan sonuncu qohumu idi, yoxsa hələ də iş başında qalan talıbovçular var?

Globalinfo.az-a açıqlama verən Ovqat.com saytının baş redaktoru, tanınmış jurnalist Heydər Oğuz Naxçıvan hakimiyyətinin yuxarı eşelonunda Vasif Talıbovun elə bir qohumunun qalmadığını deyib.

O, V.Talıbovun qudalarının və qardaşının işdən çıxarıldığını bildirib:

“Xırda vəzifələrdə, təbii ki, qohumları var. Sadəcə, özü və balaca oğlu Ali Məclisin deputatı kimi qalırlar. Yəqin ki, növbəti seçkilərdə onlar da gedərlər. Böyük oğlu dünən işdən çıxarılan Bəhruz Əzimovun kürəkənidir, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi kimi öz vəzifəsini davam etdirir. Dolayısı ilə Azərbaycan vətəndaşlığı almaq istəyən əcnəbilərə bu hüququ o verir. Yəqin razılaşarsınız ki, bu, çox strateji vəzifədir və Talıbovların fəaliyyətində hansısa şübhəli məqam vardısa, ilk əvvəl işdən çıxarılmalı şəxs o olmalı idi. Görünür, Azərbaycan hakimiyyəti ya Talıbovları tam zərərsizləşdirmək istəməyib, ya da bu işi tədricən həyata keçirməyə üstünlük verir”.

Jurnalist deyib ki, əsas məsələ Naxçıvandakı məmur sinfinin Vasif Talıbovun qohumu olması ilə bağlı deyildi:

“Onun müxtəlif yerlərə təyin etdiyi məmurların hamısı xüsusi seçilmiş adamlar idi və həmin adamların böyük əksəriyyəti indi də öz vəzifələrini saxlayırlar. Hətta bəzən Azərbaycan siyasi iradəsinin həyata keçirməyə çalışdığı mühüm dəyişikliklərə müqavimət göstərmələrinə, Prezidentin səlahiyyətli nümayəndəsinin fəaliyyətini sabotaj etmələrinə dair məlumatlar da gəlir. Məsələn, bu yaxınlarda Fuad Nəcəflinin Naxçıvan MR mədəniyyət nazirini işdən çıxardığı bildirilirdi. İddialara görə, o, bu qərarını Naxçıvanın iri məmurlarının iştirak etdiyi geniş toplantıda açıqlamışdı. Amma nədənsə, biz onu hələ də öz vəzifəsinin başında görürük. Hətta işdən çıxarıldığı elan olunandan 2 gün sonra sanki nümayişkaranə şəkildə Zərifə Əliyevanın 100 illik yubileyini belə keçirmiş, bununla da səlahiyyətli nümayəndəyə əsl səlahiyyət sahibinin o olmadığı mesajını vermişdi. Haqsız da deyildi”.


H.Oğuz Naxçıvanda aparılması planlaşdırılan struktur islahatlarının tam başa çatmadığını bildirib:


“Prezidentin sərəncamı ilə ora səlahiyyətli nümayəndə təyin olunub. Naxçıvanın Konstitusiyasına görə isə, əsl səlahiyyət sahibi Ali Məclisin sədridir. Ali Məclisin sədri istədiyi vəzifəyə adam təyin edə və ya onu işdən çıxara bilər. Muxtar Respublikanın mədəniyyət nazirinin iş vəziyyəti ilə bağlı son günlərdə baş verən hadisə onu göstərdi ki, Ali Məclisin sədrinin, ya da onun vəzifəsini icra edən şəxsin istədiyi zaman səlahiyyətli nümayəndənin sözünü yerə salmaq imkanları var. Üstəlik, Naxçıvanda aparılan bir sıra struktur dəyişiklikləri ordakı təyinatlara mərkəzi hakimiyyətin də müdaxiləsini mümkün edir. Bir sözlə, Naxçıvanda rəhbər şəxslərin səlahiyyət bölgüsü tam müəyyənləşdirilməyib, bu da Vasif Talıbovun komandasına geniş fəaliyyət sahəsi açır.

Əslində, dünən Milli Məclisdə səlahiyyətli nümayəndələrin vəzifə və səlahiyyətlərinin gündəmə gətirilməsi də bu zərurətdən irəli gəlirdi. Belə anlaşılır ki, mərkəzi hakimiyyət də Naxçıvanda səlahiyyət bölgüsünün düzgün aparılmadığının fərqindədir və orda hansısa dəyişikliklərə hazırlaşır. Bu həm də ondan xəbər verir ki, rəsmi Bakı əslində Naxçıvandakı dəyişikliklərə tam hazırlaşmamışdı və bəzi addımları zamanın hökmü ilə atıb.

Zənnimcə, Naxçıvanın idarəçilik problemini həll etməyin ən optimal yolu muxtariyyət statusunun ləğv olunmasıdır. Muxtariyyət statusu Azərbaycan Konstitusiyasının bir sıra maddələrinə də ziddir və istər-istəməz Naxçıvanın idarə olunmasında problemlər yaradır”.




Ana səhifəyə qayıt        Baxış: 8 101          Tarix: 3-05-2023, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma