Ələmdar Məmmədov
keçmiş prokuror
Bu gün hamı yekdil fikirdədir ki, SSRİ adlı nəhəng dövləti M.Qorbaçov dağıtdı. Mən hüquqşünas kimi hesab edirəm ki, M.Qorbaçovun dağıdıcılıq planlarından biri “Sosialist qanunçuluğunun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi,vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasını gücləndirmək tədbirləri haqqında” Sov.İKP MK-nın 1986-cı il tarixli qərarı idi. Belə bir qərarın olacağı hələ Y.Andropov vaxtında gözlənilirdi. Söz-söhbət gəzirdi ki, istintaq bir əldə cəmləşəcək, prokurorluğun hüquqları və cəmiyyətdəki yeri bir qədər də artırılacaqdır. Əvəzində həmin qərarda prokurorluq və istintaq işçilərinin vəzifə xətasına görə ikiqat tənbeh edilməsi nəzərdə tutulurdu. Başqa sözlə, xətaya yol vermiş istintaq və prokurorluq işçiləri nəinki intizam, həmçinin partiya tənbehinə məruz qalırdılar. Məsələn, indiki Qəbələ rayonunda bir qrup şəxs (ikisi erməni olmaqla) qabaqcadan əlbir olub xüsusilə külli miqdarda dövlət əmlakını mənimsədiklərinə görə, Ali Məhkəmənin hökmü ilə məhkum olunmuşdular. Sonradan SSRİ Ali Məhkəməsi plenumunun qərarı ilə hökm ləğv olunduğuna görə həmin işdə iştirakı olmuş prokurorluq və istintaq işçilərinin demək olar ki, hamısı – başda Respublika prokurorunun birinci müavini Ə.Sultanov olmaqla ağır partiya cəzası alaraq, SSRİ Baş Prokurorunun əmri ilə prokurorluq orqanlarından xaric edilmişdilər.
Bu qərar hüquq mühafizə orqanlarını partiya orqanlarından asılı vəziyyətə salırdı. Prokurorluq və istintaq içiləri səhvsiz işləməyə məhkum edilmişdilər. Heç kim riskə getmək istəmirdi. Bunun nəticəsidir ki, tezliklə bütün ölkə üzrə cinayətkarlıqla mübarizə zəiflədi. Bağlı cinayətlərin sayı sürətlə artmağa başladı. (Statistik göstəricilər bunu təsdiq edir).
Qərarın tüğyan etdiyi vaxtlar mənə hörmət və qayğı ilə yanaşan, Respublika Prokurorluğunun şöbə prokuroru Faiq Məmmədov zəng edərək dedi ki, dünən Ali Məhkəmədə nəzarət qaydasında sizin bir oğurluq işinizə baxılırdı. Bir ilə yaxın həbsdə olan məhkumlar haqqında bəraət qərarı çıxartmaq istəyirdilər. Uzun müzakirələrdən sonra hökmü ləğv edib, işi əlavə istintaqa qaytardılar. Məhkumların barəsində həbs qəti-imkan tədbiri ləğv edildi. Sonra Faiq müəllim bildirdi ki, indidən Respublika prokuroruna müraciət edib, gənc və təcrübəsiz olduğundan belə xətaya yol verdiyini etiraf etsən, səni vəzifədən çıxartsalar da, prokurorluq orqanlarında saxlaya bilərlər.
Mən Faiq müəllimə dedim ki, iş gəlsin, baxaq, hansı xətaya yol vermişəm?! İşə hakim Ənvər Seyidovun sədrliyi ilə baxılmışdı. O, həddindən artıq həyəcan keçirirdi.
Təxminən bir aydan sonra cinayət işi əlavə istintaq aparılması üçün mənə göndərildi. İşi oxuyarkən quruyub qaldım. Bu iş üzrə Faiq müəllim demişkən, nəinki bəraət hökmü çıxarıla bilərdi, hətta...
İşin qısa məzmunu
Cəlilabadın dənizə yaxın Novoqolovka və s. kəndlərində camış heyvanlarını çalaya buraxırdılar. Heyvanlar bəzən 3-4 ay orada qalırdı. Naməlum şəxslər heyvanların başını kəsib, aşağı ətrafını – bud hissəsini aparır, heyvanın leşi qurda-quşa yem olurdu. İki fakt üzrə cinayət işi başlanmışdı. Milisin axtarışları nəticə vermirdi.
Bir gün 5-6 nəfər kəndin kənarında yeyib-içərkən, saat 23 radələrində çaladan, qamışlıqdan bir nəfərin atlı, digərinin piyada gəldiklərini görürlər. Naməlum şəxslər kənd sakinlərini görən kimi, qaçmaq istəyirlər. Təəccüblü olsa da, piyada qaçır, atlını tuturlar. Atın tərkində qana bulaşmış iri kisə və bıçaq görüb, həmin şəxsi milis şöbəsinə gətirirlər. Milis şöbəsində atlı göstərir ki, camışları onlar kəsib, budlarını aparırmışlar. Səhərisi günü piyada da tapılıb gətirildi. Hər ikisi Puşkin (indiki Biləsuvar) rayon sakini idilər. İstintaq zamanı ilk ifadələrində heyvanları harada kəsdiklərini, ətlərini hansı şəxslərə və yeməkxanalara verdiklərini bildirdilər. Hər iki şəxsə CM-nın 143-cü maddəsinin 2-ci hissəsi ilə (xeyli miqdarda ziyan vurmaqla, oğurluq) ittiham elan olundu. Barələrində həbs qətimkan tədbiri seçildi. Bir neçə gündən sonra məzuniyyətə çıxdım.
Təxminən 10 gündən sonra müqəssirlər ərizə ilə müraciət edirlər ki, heyvanların ətini yeməkxanaya verməyiblər, çöldə kabab çəkib, özləri yeyiblər. Çalada kabab çəkdikləri yerləri də göstərirlər. Müstəntiq əməliyyatçıların və hal şahidlərinin iştirakı ilə hadisə yerini –yəni çöldə tonqal qalıqlarını müayinə edir, hətta foto-şəkillər də işə əlavə olunur. Qan izləri olan kisə və bıçaq bioloji ekspertizaya göndərilmir. 60-70 kq camış ətinin iyul-avqust aylarında 2 nəfərin kabab çəkib yemələri doğurdan da gülünc və iyrənc görünürdü. Bununla da yeməkxana işçilərini rahat şəkildə “kənarlaşdırırlar”.
İttihamnamə prokuror əvəzi N.Şəbiyev tərəfindən təsdiq edilməklə iş məhkəməyə göndərilir. Məhkəmənin hökmü ilə hər iki müttəhim 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilirlər. Maddi sübut kimi götürülmüş kisə və bıçaq məhv edilir. 7-8 aydan sonra məhkumlar mərkəzi orqanlara ərizə ilə müraciət edərək göstərirlər ki, ümumiyyətlə, onlar oğurluq etməyiblər. Guya, ibtidai istintaq və məhkəmədə oğurluq etmələrini təzyiq altında etiraf ediblər. Əlbəttə, 60-70 kq camış ətini çöldə kabab çəkib yemələri, işin bel sütununu qırmışdı. Ona görə də cinayət işi əlavə istintaq aparılması üçün qaytarılmışdı.
İttihamnaməni təsdiq edən N.Şəbiyev diqqətsizlik etdiyini etiraf etsə də, tərəfimdən bir neçə ay işdən kənarlaşlaşdırıldı. Müstəntiq və əməliyyat işçisi məcbur qalıb rayondan getdilər. Rəislə münasibətlərimizdə soyuqluq yarandı. Əlbəttə, mənim də təqsirim var idi. İşi düzgün təşkil edə, qanunun sərt üzünü prokuror kimi göstərə bilməmişdim. Bu tədbirlər məsələnin həlli deyildi. Nə etməli?! İctimaiyyətin ,yəni kənd sakinlərinin zərərsizləşdirdiyi oğrular hüquq mühafizə işçilərinin ağır xətaları hesabına doğru çıxmışdılar.
Heç kimlə məsləhətləşmədən məhkum olmuş şəxsləri ataları ilə birlikdə yanıma dəvət etdim. İki saatlıq çətin və gərgin söhbətdən (sövdələşmədən) sonra qərara gəldik ki, onlar əlavə istintaq və məhkəmə baxışı zamanı təqsirlərini etiraf edirlər. Məhkəmə cəza verərkən, həbsdə olduqları müddətlə ( bir ilə yaxın) kifayətlənir.
Hər iki tərəf sözünü tutdu. Beləliklə, hüquq mühafizə işçiləri partiya tənbehindən qurtarmış oldular.
Paylaş: