Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Almaniyanın Rusiya qazının Avropaya nəqli məsələsində Ukraynanın dövlət maraqlarına zidd mövqe tutması, “Şimal axını-2” layihəsini dəstəkləməsi və bu səbəbdən Kremlin bir sıra kaprizlərinə göz yumması gözlənildiyi kimi Kiyevin Berlinə diplomatik hücumlarına yol açıb.
Ovqat.com-un məlumatına görə, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Berlin hökumətinin Rusiya ilə bağlı siyasətini kəskin tənqid edən məqalə yazıb.
“Berliner Zeitung” qəzetində dərc olunan məqalədə səfir Almaniyaya Ukrayna qarşısındakı “mənəvi borcu”nu xatırladıb və Krım məsələsinin ədalətli həllində Kiyevi dəstəkləməyə çağırıb. Onun fikrincə, yarımadanın indiki vəziyyətdə düşməsində Krımın ötən əsrdə iki dəfə alman işğalına məruz qalmasının da xüsusi rolu var və nədənsə alman cəmiyyəti bunu xatırlamaq istəmir. "Federativ respublikanın mənəvi borcu Ukrayna qarşısında nasist zülmünə görə tarixi məsuliyyətindən irəli gəlir. Almaniya Krımı son yüz ildə iki dəfə hərbi vasitələrlə işğal edib", – deyə Melnik məqaləsində yazır.
Səfir Almaniyanın və müttəfiqlərinin bir çox siyasi və iqtisadi alətlərə sahib olduğunu bildirib və bunlardan istifadə olunaraq Rusiyanı Krımdan imtinaya məcbur etməyin mümkünlüyünü irəli sürüb: "Hazırda Almaniyanın qarşısında Kreml hökmdarlarına yeni transatlantik sərtliklə qarşı durmaq üçün yeni ABŞ hökuməti ilə səyləri birləşdirmək üçün tarixi fürsət yaranıb", – deyə Miller əlavə edib.
Ukrayna səfirinin Berlinə diplomatik hücumuna cavab, gözlənildiyi kimi, Almaniyadan deyil, Rusiyadan gəlib. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev elə həmin qəzetdə dərc olunan cavab məqaləsində vurğulayıb ki, “Ukraynadaxili münaqişə və bundan sonrakı problemlər həm ölkə konstitusiyasını, həm də beynəlxalq hüququ pozan qüvvələrin Ukraynada həyata keçirdikləri dövlət çevrilişi səbəbindən baş verib”. Müəllifin fikrincə, bu çevriliş "Qərbin siyasi və maliyyə dəstəyi ilə" Rusiya ilə Ukrayna arasına nifaq salmaq, “Kiyevi Avroatlantik strukturlara bağlamaq və yad iradənin itaətkar ifaçısına çevirmək məqsədi” güdüb.
Qeyd edək ki, son zamanlar rəsmi Kiyev Krımın geri qaytarılması üçün məkik diplomatiyasına start verib. Ukrayna hökuməti "Krım platforması" adı altında gələcək addımların müzakirəsi üçün beynəlxalq birliyi səfərbər etməyə çalışır. Kiyev bu formatda Almaniya, Avropa İttifaqının digər ölkələri ilə yanaşı, ABŞ və Türkiyənin də iştirakını nəzərdə tutur. “Ukrayna platforması” çərçivəsində ilk zirvə görüşünün avqust ayında keçirilməsi gözlənilir.
Moskva isə 2014-cü ildə ələ keçirdiyi Krımı və Ukraynanın digər ərazilərini geri qaytarmaq niyyətində deyil. Bu yaxınlarda Krımın “rəsmi” telekanallarından birinə müsahibə verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yarımadanın əbədi olaraq Moskvanın nəzarəti altında qalacağını, ABŞ başda olmaqla heç bir Qərb ölkəsinin bu yarımadanı Kremlin əlindən almağa gücünün çatmayacağını bildirmişdi.
Krımın rus işğalından azad olunması NATO qüvvələrinin də əsas öncəliklərindəndir. Alyans Moskvaya təsir etmək üçün Qara dənizdə tez-tez hərbi təlimlər keçirir, onun bu su hövzəsində meydanını dar etməyə çalışır. Bunun başlıca səbəbi isə Krımın Rusiya üçün geosiyasi əhəmiyyətindən irəli gəlir. Nədən ki, Rusiya Qara dənizə özünün isti sulara, dolayısıyla dünyaya açılan əsas qapısı kimi baxır. Onun bu qapını qoruyan hərbi dəniz donanmasının əsas bazası isə Azovda yerləşir. Azovdan Qara dənizə açılan Kerç boğazı isə Krımın şərqindədir. Deməli Krım kimindirsə, Kerç boğazı da onundur. Yarımadanın Ukraynanın nəzarətində olması Rusiyanın Qara dəniz donanmasının Azovda ilişib qalmasına, dolayısıyla əlinin-qolunun bağlanmasına yol aça bilər. Bununla da Moskva isti dənizlərə açılan qapısını da itirər.
NATO qüvvələrinin Qara dənizdə, həm də rus sərhədlərinə yaxın ərazilərdə davamlı hərbi təlimlər keçirməsi faktiki olaraq eyni vəziyyətin yaranmasına səbəb olur. Təsadüfi deyil ki, bu təlimlərə etiraz edən Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonun Qara dənizə hərbi dəniz donanmasını göndərməsini “özgə qapısında qılınc oynatmağa” bənzətmiş və Bayden hökumətini təxribatlardan çəkinməyə çağırmışdı. Fəqət Rusiyanın etirazları bəyanatdan o tərəfə keçməmiş, ABŞ öz hərbi təlimlərinə davam etmişdi.
Yeri gəlmişkən, NATO-nun Baş katibi Yens Stoltenberq də mətbuata verdiyi açıqlamada aydın şəkildə bildirmişdi ki, alyans qüvvələrinin Qara dənizdə fəallaşmasının səbəbi Kremli qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət etməyi öyrəşdirməkdir.
NATO və ABŞ-ın bu səylərinə baxmayaraq, Almaniyanın Rusiya ilə flört etməyə çalışdığı da nəzərdən yayınmır. Berlin xüsusilə “Şimal axını-2” layihəsinin çəkilməsində israrlı mövqeyini sürdürməklə faktiki Ukraynanın milli maraqlarını tapdalayır. Zira “Şimal axını-2” layihəsi Ukraynanı rus qazının Avropaya nəqli prosesindən uzaqlaşdırmaq, bu ölkənin ərazisindən keçən qaz kəmərinin fəaliyyətini dayandırmaq məqsədi güdür. Məsələyə bu aspektdən yanaşanda Ukrayna səfirinin “Almaniya və müttəfiqlərinin əllərində Rusiyaya təsir etmək üçün bir çox siyasi və iqtisadi alətlərə sahib olduğunu” bildirərkın nəyi nəzərdə tutduğu anlaşılır.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar