Xəbər lenti


Türkiyədə meşə yanğınlarının qaynağı barədə bir sıra mülahizələr var. Bəzi qaynaqlar yanğınların PKK-ya bağlı “Atəşin uşaqları insiativi” tərəfindən çıxarıldığını, bəziləri isə sırf təbiət hadisəsi olması üzərində dayanırlar. Qeyd edək ki, hər iki mülahizənin söykəndiyi əsaslı arqumentlər var.

Yanğının ekoloji terror hadisəsi və ya müharibəsinin nəticəsi olması tezisini gücləndirən başlıca amil “Atəşin uşaqları insiativi”nin hadisələrin məsuliyyətini öz üzərinə götürməsidir. Sözügedən terror təşkilatının bundan əvvəl də dəfələrlə meşə yanğınları törətdiyini rəsmən bəyan etməsi, haqqında danışdığımız versiyanın mümkünlük dərəcəsini artırır. Xüsusilə, Türkiyə ordusunun son zamanlar İraqın şimalında PKK qüvvələrinə qarşı anti-terror əməliyyatları keçirməsi, çox sayda terrorçunu zərərsizləşdirməsi separatçıları intiqam aksiyaları keçirməyə təşviq edə bilər. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da hadisədə terror izinin təsbit olunduğunu çox açıq üslubla dilə gətirdi və bu ehtimal öz təsdiqini taparsa cavabının ağır olacağını bəyan etdi. Ölkənin daxili İşlər naziri Süleyman Soylu da həmçinin Türk polis orqanlarına indiyədək 300-ə qədər yanğının qəsdən törədilməsi barədə məlumatların verildiyini söylədi. Hətta yaxalanan şübhəlilərdən birinin PKK-dan yanğın törətmək müqabilində pul aldığını etiraf etdiyini də gizlətmədi. Bütün bunlar yanğınların terror aktı olması arqumentini gücləndirir.

Yanğınların mənbəyi barədə irəli sürülən digər iddia onun sırf təbiət hadisəsi ilə bağlı olmasıdır. Bu mülahizəyə görə, meşə yanğınlarının əsl səbəbi qlobal istiləşmədən qaynaqlanır. İddia olunur ki, havaların tədricən istiləşməsi istər Türkiyənin, istərsə də dünyanın müxtəlif ölkələrinin eko-sistemində bəzi dəyişiklikləri də bərabərində gətirir. Yeni temperatur şəraitinə uyğunlaşa bilməyən meşə örtükləri istər-istəməz yanır və təbiət sanki öz donunu dəyişir. Bu mülahizəyə görə, yanan meşələrin yerinə yeni növ ağaclardan təşəkkül tapan bitki örtüyü yaranacaq və ekvatora yaxın bölgələrin flora və fauna sistemi tədricən şimala və cənuba doğru “sürüşəcək”. Təbiətin meşə yanğınları ilə “don dəyişdirməsi” mülahizəsini dəstəkləyən faktlar da az deyil. Məsələn, Türkiyədəki yanğınlarla eyni vaxtda Yunanıstanın, İtaliyanın bir çox meşələrində, Rusiyanın Yakutiya, İrkutsk, Novosibirsk və Altay bölgələrində bənzər hadisələr baş verir, hər il 10 min hektarlarla meşə örtüyü sıradan çıxır.



Dünyanın müxtəlif yerlərindən vaxtaşırı media orqanlarına yansıyan meşə yanğınlarının çox sadə bir səbəbi var. Qeyd olunur ki, xüsusilə dəniz kənarlarında yerləşən ərazilərdə dənizdən qalxan küləklər dağ yamacları boyunca yüksəldikcə hər 200 metrdə 1 dərəcə soyuyur. Soyuduqca özüylə gətirdiyi nəm ağırlaşır və zirvələrə buraxılır. Dağ aşağı endikdə isə quru külək şəklinə düşür. Zirvənin əks tərəfində aşağı endikcə daha sürətlə isinir. Yoxuşa qalxarkən 200 metrdə 1 dərəcə soyuyan və qurulaşan küləklərin temperaturu yoxuş aşağı enərkən 100 metrdən bir yüksəlir. Bu da onun ağaclara, torpağa sürtünməsi nəticəsində baş verir. Dağ ətəyinə çatanda isə dənizdən qalxarkən temperaturunun 2 qatına çıxır. Üstəlik, quru vəziyyətdə olduğundan ağacları, otları qurudur və davamlı sürtünmə nəticəsində yanğın qaçılmaz hala gəlir. Biz bunu qədim insanların ağacı saman qurusu üzərində sürtə-sürtə od əldə etmək metodu ilə müqayisə edə bilərik. Elmdə buna fön küləkləri deyirlər. Bəzi mütəxəssislərin fikrincə, istər Türkiyədə, istərsə də dünyanın bir çox ölkələrində baş verən meşə yanğınlarının başlıca səbəbi fön küləkləridir.

Bununla belə, Türkiyənin Aralıq dənizi sahillərindəki meşə yanğınlarının çoxluğu, yayılma sürəti dünyanın digər bölgələri ilə müqayisədə daha geniş miqyaslıdır və bu da hadisələrdə hadisələrdə ekoloji savaş arqumentini gücləndirir. Məhz bu səbəbdən də bizim mülahizələrimizə görə, Türkiyədəki meşə yanğınlarında hər iki amil eyni anda rol oynayır və bir-birinə yardım edir.

Zənnimizcə, bəzi daxili və xarici qüvvələrin törətdikləri yanğınların söndürülə bilməməsi də bu iki amilin bir-biri ilə “yardımlaşmasından” qaynaqlanır.



Bəs bu yanğınlar Türkiyəyə nə qədər zərər vura və nə ilə nəticələnə bilər?

Hələ ki, bu suala dəqiq cavab vermək mümkün olmasa da bəzi inkaredilməz təxminlər yürütmək olar. Fikrimizcə, bu zərərləri bir neçə qrupda təsnifatlandıra bilərik.

• Ekosistem dəyişikliyi

Meşə yanğınlarının ən böyük zərəri, sözsüz ki, Türkiyənin ekoloji sisteminə dəyəcək. Yuxarıda da qeyd etdiyimiz kimi, qlobal iqlim dəyişikliyi Türkiyədə bəzi meşələri risk altına atır. Xüsusilə isti iqlimə dözümsüz palıd meşələrinin tədricən sıradan çıxıb öz yerini şam və küknar kimi hər mövsümə dözümlü ağaclara verəcəyi təxmin olunur. Türkiyənin meşə örtüyündə palıd ağacları isə mühüm yer tutur. Məlumata görə, Türkiyənin meşə sahəsi 23 milyon hektardır. Bunun hardasa 6 milyon hektarı palıd ağaclarından təşəkkül tapır. Palıd meşələri bu mənada qardaş ölkənin ekosistemində ən geniş yer tutan yaşıl örtüsüdür. Mütəxəssislərin proqnozlarına inansaq havaların isinməsi, su qıtlığı zamanla bu ağacların sıradan çıxmasına səbəb olacaqdı. Türkiyədəki yanğınlar bu prosesi daha da tezləşdirdi.

Ölkənin meşə sahəsində geniş yayılmasına görə ikinci sıranı şam ağacları tutur. Şam meşələrinin yayılma arealı 5.6 milyon hektardır. Palıd meşələrindən fərqli olaraq şam meşələrinin yanğınlardan sonra özünü yeniləmə xüsusiyyəti var. Belə ki, şam qozaları onun toxumlarını ən kəskin yanğınlarda belə, qoruyur. Yanğın başa çatdıqdan sonra torpaq üzərində qalaqlanmış xəzəl, ot kimi maneələr aradan qalxdığından toxumlar birbaşa torpaqla təmasa keçirlər. Beləcə, uzağı bir il ərzində məhv olmuş ağacların yerində 1-1.5 metr uzunluğunda yeni tinglər ucalır. Getdikcə böyüyən bu ağaclar ertəsi il gənc ağaclara çevrilir. Başqa sözlə desək, meşə yanğınları şam ağaclarının özünü yeniləməsi üçün əsl fürsət rolunu oynayır. Zənnimizcə, Türkiyədə də belə olacaq. Yanan meşələrin əksəriyyəti cavan şam meşəliklərinə çevriləcək.



• Fauna

Əlbəttə ki, bu yanğından ən çox ölkənin fauna sistemi zərər çəkəcək. Bir çox heyvanlar məhv olacaq, amma təbiət onların yerini də dolduracaq. Hətta bəzi yeni heyvan növləri də meydana gətirəcək. Bir sözlə, təbiət bir müddətdən sonra özünü bərpa prosesinə başlayacaq. Təbii ki, quraqlığın gətirdiyi problemlərin də təsiri ilə bir meşə sahəsinin azalması da gözlənilir. Böyük ehtimalla hər ərazilər kənd təsərrüfatı üçün istifadə olunacaq.

• Kənd təsərrüfatına dəyən zərərlər

Yeri gəlmişkən, cari planda Türkiyədə ən çox zərər çəkən sahə kənd təsərrüfatı sektoru olacaq. Çünki yanğınlar ilə təkcə meşələrlə qalmayıb, bir çox əkin sahələrini də külə çevirib. Üstəlik, meyvələrin tam yığıma hazır olduğu zamanda bu fəlakətin baş verməsi Türkiyə aqrar sektoru çalışanlarına böyük zərərlər vurub. Nəzərə alsaq ki, Türkiyənin əsas bitkiçilik və meyvə sektoru əsasən Aralıq dənizi yaxınlığındakı bölgələrdə formalaşmışdı, yanğınların bütün ağırlıqları kənd təsərrüfatı müəssisələrinin üzərinə düşəcək. Bununla belə, Türkiyə böyük dövlətdir və özəlliklə ərəb sərmayəsini cəlb etməklə bu pronlemin öhdəsindən gəlməyə çalışacaq.

• Turizm sektoru
İqtisadi sahədə ən çox zərər çəkən sektorların başında turizm gəlir. Bəllidir ki, 2019-cu ildə Türkiyə turizmdən hardasa 35 milyard dollar qazanmışdı. 2020-ci ildə koronavirus pandemiyasının yayılması ilə gəliri 65%-dən çox azalan turizm sektoru bu il yenidən özünü bərpa prosesi yaşayırdı. Yanğın isə tam ən çox turistin gəldiyi mövsümdə baş verdi. Yəqin ki, bu hadisə gələcək illərdə də Türkiyəni seçən turistlərin sayında ciddi azalmalara yol açacaq.



• Sosial zərərlər

Yanğınlar həm də Türkiyə vətəndaşlarına zərər vurdu. Xüsusilə Bodrum, Antalya kimi turistik bölgələrdə məskunlaşan insanların evləri, heyvanları, təsərrüfatları yanıb külə çevrildi. Türkiyə rəsmiləri bu problemi həll etməyə çalışsalar da, təbii ki, tam bərpa prosesi bir neçə il çəkəcək.

Nəticə

Qısası ekoloji terror təşkilatları ilə iqlim dəyişikliklərinin çətin vəziyyətə saldığı Türkiyə ciddi itkilərlə üzləşsə də, yaşadığı bu fəlakəti özünü yeniləmə fürsətinə çevirə bilər. Özü də təkcə iqtisadi və sosial sahədə deyil, həm də təbii resursları ilə. Biz də qardaş ölkəyə məhz bu intibahı arzulayırıq. Türkiyənin bu sahədə əngin təcrübəsinin olması bizim ümidlərimizi artırır. Unutmayaq ki, bu ölkə yüz il bundan əvvəl Osmanlının külləri arasında çıxaraq, qısa müddət ərzində özünün toparlamış və dünyanın sayılıb seçilən dövləti halına gəlmişdi. Əminik ki, Türk dünyasının ən böyük ümid yeri olan qardaş ölkə yenə eyni əzmi göstərə biləcək.

Mürvət Həsənli,
İş adamı


Ana səhifəyə qayıt        Baxış: 5 024          Tarix: 3-08-2021, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma