Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Demokratiya, bilirsiniz, necə ortaya çıxır?
Bu suala cavab vermək üçün, gəlin, tarixə qısa bir səyahət edək.
Hardasa 4500 il bundan əvvəl Afinada bizim indiki hakimiyyətlə müqayisədə qat-qat avtoritar idarəetmə sistemi vardı, desəm, yəqin ki, təəccüblənməzsiniz. Bir çox coğrafiyalarda ibtidai icma quruluşlarının hökm sürdüyü bir zamanda, əlbəttə ki, Afinadan daha fərqli rejim gözləmək olmazdı. Yalnız bir ovuc imtiyazlı şəxslərin idarə etdiyi bu şəhər-dövlət daha sonra qonşu şəhərləri ələ keçirməyə başladı. Beləcə, Afinanın sərhədləri böyüdü və ələ keçirilən həmin şəhərlərin sakinlərindən orduda qulluq üçün əsgərlər tələb olundu. Əvvəl heç bir hüququ olmayan bu əsgərlər artıq ölkənin quruculuğunda, sərhədlərinin genişlənməsində mühüm rol oynamağa başladılar. Ölkə quruculuğunda ortaya qoyduqları bu xidmət, sözsüz ki, onların da idarəçilikdə iştirak iddialarını da artırdı. Afina hakimiyyəti də bu etirazlarla razılaşmaq məcburiyyətində qaldı və onların vətəndaşlıq hüquqlarını tanıdı. Bu isə həm də seçib-seçilmək haqqı demək idi. Dolayısıyla “demokratiya qaliblərin mütləq zərurətdən doğan idarəetmə sistemidir”, desək yanılmarıq. Daha sonrakı tarixlər də sübut edir ki, həqiqətən qalib dövlətlər demokratiyanı, məğlublar isə diktaturanı, avtoritar rejimləri doğurur.
Ermənistanın 44 günlük müharibəyə qədər demokratikləşmə sahəsində bizi üstələməsinin də səbəbi bu idi. Özlərini “böyük zəfər”in qalibləri kimi görən insanlarda həm özgüvən hissi formalaşır, həm də hakimiyyətdə yer almaq iddiaları ortaya çıxırdı.
44 günlük müharibədən sonra isə düşmən dövlətdə tamamilə fərqli abu-hava hiss olunur. Son növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın bundan sonra “səsini çıxaranın başını əzəcəyəm” məntiqinə əsaslanan çəkic siyasəti yürüdəcəyi barədə açıq bəyanatı da bu mənada təsadüfi deyil. İrəvan bu siyasəti yürütməsə, hərc-mərclik baş alıb gedər və ölkə yer üzündən silinər. Ermənilərin revanş savaşından ümidləri kəsildikcə, rejimin daha da sərtləşməsi qaçınılmaz olacaq.
Azərbaycana gəlincə, 44 günlük savaşa qədər hakimiyyətin eyni məntiqlə vətəndaşların siyasi iddialarının qarşısını alması normal idi. Əks halda ölkənin iqtisadi infrastrukturlarını, ordusunu möhkəmlədə bilməz və məğlubiyyətin gətirdiyi hərc-mərcliklər arasında itib-batardı. Zənnimizcə, dünyanın aparıcı dövlətləri də məhz bu dağılma prosesinin qarşısını almaq üçün hakimiyyəti açıq şəkildə dəstəkləyir, müxalifətin sıradan çıxarılmasına yaşıl işıq yandırırdılar.
II Qarabağ savaşının gətirdiyi qalibiyyətdən sonra isə eyni siyasəti yürütmək çətin olacaq. Artıq müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin etiraz sədaları, Marksın məşhur təbirilə desək, əvvəlki kimi yaşamaq istəmədikləri açıq şəkildə özünü göstərir. Bir ovuc məmurun ölkə torpaqlarının işğaldan qurtarılmasında heç bir qatqısının olmadığı halda, idarəetmə orqanlarını və dövlətin sərvətlərini dədə malı kimi mənimsəməsi, qəhrəman oğullarımızın sırf kasıb balası kimi doğulduğu üçün yalnız savaşlarda yada düşməsi haqlı narazılıqlar doğurur və bu dövrü tarixin arxivinə göndərilməsini şərtləndirir. Üstəlik, bizi qarşıda yeni döyüşlər də gözləyir və Azərbaycan əsgəri öz dövlətinin həqiqi sahibi olduğuna inanmalıdır. Çünki bu sahiblənmə hissi ordunun əsas mənəvi gücüdür və tarixən bu psixologiyaya malik olan ordular ən güclü düşmənə qarşı parlaq zəfərlər qazanıblar.
Hakimiyyət onsuz da labüd zərurətə çevrilən bu dəyişiklik tələbindən çəkinməməli, demokratikləşmənin yalnız ölkəni gücləndirəcəyini nəzərə alıb sözügedən açılıma rahatlıqla getməlidir. Nədən ki, bu açılım artıq dövrün tələbinə çevrilir və bizim istəyimizdən asılı olmayaraq reallaşacaq. Biz isə çayın axarına qarşı üzməməli, əksinə, axarın enerjisindən dövlətimizin böyüməsi üçün faydalanmağı bacarmalıyıq.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar