Xəbər lenti
 

Cəmşid Dərələyəzli
                     
Tarixin bütün dövrlərində hər bir millətin yadellilərə qarşı döyüşlərində, öndə onun seçilmişləri, ölümdən qorxmayan igid oğulları   getmişlər. O oğullar ki, sərkərdə, ordu başları  olub həmişə ordunun önündə sipər olmuşlar.  Döyüşlərdə   isə ordu itki verməsin deyə, hətta   ilk olaraq düşmən ordusunun öndə gedəni ilə özləri savaşarmışlar. 
 
Bu gün Azərbaycanımız uzaq tarixi demirəm, son iki yüz ildə olmayan bir savaşdan keçdi və  44 günlük  bu    savaşı qələbə ilə başa vuran  Ali Baş Komandan  başda olmaqla, Azərbayvcanın Müzəffər İgid Oğulları  qanları  ilə dastan   yazaraq, adlarını  tarixə qızıl həriflərlə həkk etdilər.
 
O dastan  ilk olaraq ağ   kağızlarda mürəkkəblə yox, cəbhədə Vətən torpağında, Şuşanın sərt qayalarında  qanla yazıldı. Ona görə də alınan hər bir qarış torpaq bizim üçün qutsaldır, qiymətlidir. Çünki, o torpaqların hər bir qarışında uca şəhidlərimizin qanı var. Unutmasın bunu gərək yeni nəsillər. Şəhidlərimiz  onların and yeri və ən ali vətənpərvərlik meyarıdır artıq. Çünki, onlara düşəcək çox işlərimiz, geri alınacaq  İravan, Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu mahallarımız var, Turana gedən yol, ardınca  Dərbənd, Borçalı,  Bütöv Azərbaycan var!
 
Amma təssüf  ki,   mənfur düşmənlərimiz və onların havadarlarının ucbatından  bu qələbə son 27 illik sürdürülən siyasi yolla  həll  olunmadı. Ölkənin başçısı,  Ali Baş Komandan  onun üçün nə qədər ağır olsa da, sonda məcbur qalıb Qarabağın azad olunması üçün hərbi -siyasi yola  əl   atmış oldu. Hətta deyərdim ki, sonunda O buna  məcbur   edildi. Çünki özünə qalsa idi, o bu qələbəni daima itkisiz əldə etmək istəyirdi və bunun üçün uzun illər ərzində olmazın mücadiləsini verdi və bununla bərabər Ordu quruculuğunu bir an olsun belə ehmal etmədi.  Biz bunu   görməzdən gələ bilmərik. Nəhayət də   O, bütün bu ağırlıqları gözə alaraq 44 günlük savaşda demək olar ki, həm masada və həm də sahədə unikal  bir mövqe və cəsarət nümayiş etdirmiş oldu ki, bu da xalqın ona qarşı rəğbətini daha da artırdı. Bu qələbədən sonra nə qədər nainkor və qərəzli olmalısan ki, Qarabağdakı savaş  və o yöndə yürüdülən siyasət  qonusunda Ölkə Başçısının  bunca   cəsarətinə və siyasi uzaqgörənliyinə qarşı  küfr edəsən. Amma keçmez, çünki xalq   Ölkə Başçısı qonusunda  7-dən 70-ə   öz seçimini edibdir  artıq.


 
O ki qaldı, bu  müharibədə nədən ölkənin hər cür cəfasını çəkən  kasıb balalarının şəhid olduğunu, amma bu ölkənin bütün səfasını sürən imkanlı şəxslərinin  övladlarının isə şəhid olmadıqlarını,  haqlı   olaraq  dillə  gətirib   duranlara,  onlar   bir  şeyi  unudurlar   ki,  tarixin əksər zamanlarında   igidlik və vətənpərvərlik keçmişi imkansız və torpaqdan olan kasıb komalarda cücərib.
 
Mayası, qayəsi para (ola ki də haram para) olanlarda bu hisslər, o cürət olmaz, olsa da az olar. Çünki, onlarda hər şey pulla ölçülər və onları zorla   cəbhəyə aparsan belə, elələri torpaq almazlar, bəlkə də torpaq və milləti satarlar. 
 
Ondandır ki, tarixən  ölümə gedənlər xalqın və millətin seçilmişləri, ölməz oğulları olub. O seçilmişlər ki, çıxdıqları yolun sonunu fikirləşməzlər ki, bu yolda ölüm var, qan var. Çünki sonunu fikirləşəndən, heç bir zaman qəhraman olmaz. Demək Qələbə də olmaz, Vətən də qalmaz.   Məhz ondandır ki, o oğullar cəbhəyə oynaya-oynaya yollanarlar, toya – düyünə yollananlar  kimi. O düyünə, cəbhəyə gedən oğullar isə, şəhid olarkən bir evdən yox, eldən gedərlər. Ona görə də şəhidlərə  bir ev, bir ailə yox, bütün el, cümlə Azərbaycan, bütün Türk dünyası    ağlar. Məhz ondandır ki, oğlu şəhid olan atalar da "dünən mənim oğlum idi, indi  isə xalqın oğlu oldu” deyib, dik durarlar. 
 
Türkiyənin istiqlal savaşından öncə Şükrü paşa bir vəsiyyət yazıb: "Düşmən sərhədlərimizi keçdikdən sonra ölsəm məni dəfn etməyin, qoyun ətimi itlər yesin. Düşmən sərhədlərimizi keçməmiş ölsəm sabunum, kəfənim çantamdadır". Budur amal, budur qarşıya qoyulan məqsəd, budur şəhidlik.
 
Məkan sarıdan Şükrü paşanın vəsiyyəti uzaqda yazılsa da, ruh baxımından Azərbaycanda olmuş  kimi dərk edib, onun yolunu gedən oğullar Şəhiddir. Şəhidlik həm də Vətən naminə ölümə qənşər getməkdi. Şəhidlər  həm də ölümün gözlərinə kül ələyənlərdi, yəni ölümü gözündən güllələyənlərdi. Şəhidlik  ləkələnmiş namusun,  töküllmüş nahaq qanların  qisasını alıb, bütöv bir milləti utancdan qurtarmaqdır. 


    
Bəli budur gerçək, budur seçilmişlik. Bu gün həm də cəbhədən qayıdıb, cəbhədaşları kimi şəhid olmadıqlarının göz yaşları ilə   üzüntüsünü yaşayanlardır, seçilmişlər. Bu gün şəhid övladının “dönüşünə” qurbanlar kəsən analardır seçilmişlər. 
    
Amma onu da unutmamalıyıq ki, şəhidlik, nə qədər ülvi, pak, müqəddəs və yüksək bir mərtəbə olsa da, geridə qoyub getdikləri əzizlərinin hər biri üçün, ağır bir itkidir.  Çünki bir oğulun  dünyadan yarımçıq köçməsi, atanı övladsız, ananı balasız, həyat yoldaşını ərsiz, övladı atasız, bacını qardaşsız qoyub da getməsidir. Yəni bütöv bir ailəni, doğmalarını, onu sevənləri ömürlərinin sonuna kimi iztirablara tərk etməsidir. 
        
Təssüf ki, seçilmişlərdən kənarda qalanlardan bəzi qanı pozuqlar, bunun nə demək olduğunu belə anlamazlar. Anlamadıqları üçün də, hətta   əllərinə fürsət düşəndə bu qələbəyə kölgə salmaq üçün,  yaralı şəhid ailələrimizi, qazilərimizi incidərlər. Bəzi amacları suya düşənlər bilərəkdən edərlər bu alçaqlıqları. Amma onlar  unutmasınlar ki, şəhid ruhları da, onların əmanətləri də,  qazilərimiz də bu millətin və  Dövlətin Başçısının qırmızı cizgisidir. Bu cizgini aşan hər  kəs  bilsin ki,   bunun bədəlini cox ağır ödər.
 
Ömür Vətən üçündür, təki Vətən sağ olsun deyib, şəhadət şərbətini içən Şəhidlərimizə allahdan rəhmət diləyir və   onların müqəddəs ruhları qarşısında   baş əyirik. Amalınız amalımız, əmanətiniz əmanətimizdir!   


Ana səhifəyə qayıt        Baxış: 3 706          Tarix: 30-11-2021, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma