Xəbər lenti

 
Dünən axşamdan başlayaraq Rusiya-Ukrayna cəbhə xəttində vəziyyət xeyli gərginləşib. Artıq Donbass ətrafında Ukrayna Silahlı Qüvvələri ilə rus separatçıları arasında intensiv atışmalar yaşanır.
 
Ovqat.com-un məlumatına görə, Ukrayna XİN bəyanat yayaraq beynəlxalq ictimaiyyəti Rusiyanın Donbasdakı təxribatlarını dərhal pisləməyə çağırıb. 
 
Nazirlik rəsmisi Oleq Nikolenkonun öz facebook səhifəsində paylaşdığı bəyanatda Ukraynanın Donbassda təxribat törətmədiyini və bunu planlaşdırmadığını bildirib. 
 
Ukraynanın Donbassda guya silahlı hücuma hazırlaşması ilə bağlı Rusiya tərəfinin ittihamlarının əsassız olduğu vurğulanan bəyanatda qeyd edilir ki, cəbhə xəttinin hər iki tərəfində Ukrayna vətəndaşları yaşayırlar: “Onların sülh şəraitində yaşayışı, təhlükəsizliyi və rifahı Ukrayna dövləti üçün mütləq prioritetdir. Ukrayna hakimiyyətinin Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərdə guya hücum əməliyyatına başlamaq niyyəti ilə bağlı iddialar reallığı əks etdirmir”.


 
Sözçü vurğulayıb ki, Ukrayna problemin “siyasi və diplomatik həllinə sadiqdir və tərəfdaşları ilə birlikdə gərginliyi azaltmaq və vəziyyəti diplomatik dialoqa uyğun şəkildə saxlamaq üçün hər cür səy göstərir: “Minsk razılaşmaları ilə qadağan edilən silahlardan istifadə isə təhlükəsizlik mühitini gərginləşdirir”.
 
Ukrayna Xarici İşlər Nazirliyi həmçinin xarici dövlətləri və beynəlxalq təşkilatları “Rusiya Federasiyasının və onun Donbassdakı işğalçı administrasiyalarının siyasi və diplomatik həll prosesinə mane olan təxribatlarını dərhal pisləməyə” çağırıb. “Müvafiq reaksiyanın və ya neytral mövqenin olmaması yalnız Rusiyanın vəziyyəti gərginləşdirmək səylərinə xidmət edəcək”, - deyə bəyanatda vurğulanır.
 
Donbassdakı separatçı qüvvələrin yaydığı məlumatlar da vəziyyətin genişmiqyaslı müharibə həddinə yaxınlaşdığından xəbər verir. Separatçıların iddiasına inansaq, Ukrayna silahlı qüvvələri Luqansk bölgəsini 3 istiqamətdə atəşə tutur. Atışmalarda 120 mm kalibrli minaatanlardan və digər ağır silahlardan istifadə olunur.
 
Separatçıların yaydığı məlumatlar:
 
  • “Ukrayna təhlükəsizlik qüvvələri Donetski artilleriya və minaatanlardan atəşə tutub. Donbass ərazisinə 120 mm kalibrli 38 mina və 122 mm kalibrli 27 mərmi atılıb”.
 
  • “Ukrayna təhlükəsizlik qüvvələri KXDR-in Vasilyevka kəndini atəşə tutub, Donetskdə 82 mm kalibrli 4 mina atıblar. DXR təhlükəsizlik qüvvələri sonuncu dəfə noyabr ayında Vasilyevkanın atəşə tutulması barədə məlumat vermişdilər”.

 
Bu gecə ABŞ prezidenti Co Bayden də Ukrayna gərginliyi ilə əlaqədar növbəti açıqlamasını verib. O, ABŞ kəşfiyyat orqanlarına istinad edərək  bildirib ki, Rusiya qoşunları uzağı gələn həftə Ukraynaya hücum etməyi planlaşdırır. Onun sözlərinə görə, ABŞ administrasiyasının bu məlumata inanması üçün əsasları var.


 
"Rusiya qoşunlarının yaxın günlərdə Ukraynaya hücum etməyi planlaşdırdığını və bu niyyətdə olduğunu düşünməyə əsasımız var. İnanırıq ki, onlar Ukraynanın paytaxtı Kiyevə - 2,8 milyon günahsız insanın yaşadığı şəhərə yönələcəklər", - Bayden bu gecə Ağ Evdə keçirdiyi mətbuat konfrasında deyib.
 
Bayden qeyd edib ki, ABŞ rəhbərliyi Rusiyanın planları barədə ona görə yüksək səslə və dönə-dönə danışmır ki, bu münaqişəni istəyir. Əksinə, Rusiyanın Ukraynaya müdaxiləsinə haqq qazandıra biləcəyi hər hansı bir bəhanəni aradan qaldırmaq və rus qoşunlarının irəliləməsinin qarşısını almaq üçün sahib olduğu məlumatları faş edir, bundan sonra da əlindən gələni edəcək. ABŞ prezidentinin dediyinə görə, son günlər Rusiyanın dəstəklədiyi Donbass silahlılarının Ukraynada təxribat törədərək atəşkəsi pozmaq niyyətiylə bağlı çoxlu məlumatlar var: “Məsələn, dünən Ukrayna uşaq bağçasının atəşə tutulması. Rusiya yalandan bunun Ukrayna tərəfindən həyata keçirildiyini iddia etdi. Biz Rusiya tərəfindən getdikcə daha çox dezinformasiyalar yayıldığını görürük. O cümlədən, Rusiya tərəfindən dəstəklənən separatçılar Ukraynanın hərbi əməliyyat keçirməyə hazırlaşdığını, Donbassa kütləvi hücum planlaşdırdığını deyirlər. Bu iddiaların heç bir dəlili yoxdur və ukraynalıların 150 mindən çox rus hərbçisinin sərhəddə olduğu indiki anda münaqişəni gərginləşdirmək yolunu seçəcəklərinə inanmaq ən primitiv məntiqə belə, ziddir”, - prezident əlavə edib. Onun sözlərinə görə, Rusiyanın dövlət mediası da Donbassda soyqırım barədə yalan iddialar irəli sürməkdə və heç bir sübut olmadan Ukraynanın Rusiyaya hücumu barədə xəbərdarlıq edən uydurma bəyanatlar yaymaqdadır.
 
Bayden həmçinin vurğulayıb ki, bütün bunlar rusların əvvəllər istifadə etdikləri ssenariyə uyğun gəlir - Ukraynaya qarşı fəaliyyət göstərmək üçün saxta bəhanələr yaratmaq:Bu, həm də ABŞ və müttəfiqlərimizin, həmçinin tərəfdaşlarımızın həftələrdir xəbərdarlıq etdiyi bəhanə ssenarisinə uyğundur”, -deyən ABŞ lideri vurğulayıb ki, hazırda Ukrayna hərbçiləri “böyük təmkin və səbr” nümayiş etdirirlər.


 
Ukrayna-Rusiya xəttində gərginliklər davam edərkən Donbassdakı dinc əhalinin evukasiya olunduğu xəbərləri gəlməkdədir. Qondarma “xalq respublikası”nın Fövqəladə Hallar Nazirliyi yaxın saatlarda Donbassdan təxminən 700 min insanın təxliyə edilməsinin planlaşdırıldığını açıqlayıb. “Söhbət həm Rusiya Federasiyasının, həm də Donbass vətəndaşlarının bölgədən çıxarılmasından gedir. Yalnız yaşına və ya digər xüsusiyyətlərinə görə səfərbər oluna bilməyən vətəndaş qrupları evakuasiya ediləcək, digər vətəndaşların Donbassda qalması planlaşdırılır”, - qondarma “Donbass Xalq Respublikası”nın FHN bildirib.
 
Bildirildiyinə görə, hazırda qondarma “DXR” sakinlərinin təxliyyəsi tam sürətlə davam edir və “DXR” Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bütün həssas kateqoriyalı vətəndaşların təhlükəsizliyi təmin olunana qədər təxliyə prosesinə gecə-gündüz davam edəcəklər.
 
Digər tərəfdən, məlum olub ki, Donbass qaçqınlarının təxliyyə olunacağı Rostov vilayəti yalnız 10 minə yaxın insan qəbul edə bilər. Bu da öz növbəsində yarım milyondan çox vətəndaşın hara göndəriləcəyi ilə bağlı bir sıra suallar yaradır. Maraqlıdır ki, Ukrayna qaçmağa yer axtaran Donbass sakinlərinə öz qucağını aça biləcəyini bəyan edib. Ölkənin baş nazirinin müavini Vereşuk separatçı silahlıların vasitəsilə Rusiyaya təxliyyə edilən Donbas sakinlərinə müraciət ünvanayıb: "Bizim tərəfə gəlin. Nəzarət Keçid Məntəqəsini keçməyə yol tapıb, bizim tərəfə qaçın. Ukrayna sizi gözləyir. Siz tək deyilsiniz".
 
Bildirilir ki, təkcə Luqanskin 25 minə yaxın sakini şəxsi avtomobilləri ilə artıq Rusiya sərhədini keçib. Donbassdan qaçışın bu gün sürətlənəcəyi təxmin olunur.


 
Ehtimal edilən hücuma gəlincə, bəzi ekspertlərin fikrincə, gözlənilən genişmiqyaslı qarşıdurma 20 fevralda başlayacaq. ABŞ administrasiyası hücumun Rusiya tərəfindən ediləcəyinə əmindir. Rusiya hərbi ekspertləri isə hücuma Ukraynanın başlayacağını proqnozlaşdırırlar. Prinsipcə, ərazisi Rusiyanın təşviqi ilə yerli separatçılar tərəfindən işğal olunmuş Ukrayna Donbassda antiterror əməliyyatı keçirməyə daha maraqlı tərəf kimi görünür. ABŞ və bəzi NATO dövlətləri də Rusiya və Ukrayna arasında hərbi gərginliyin artmasından öz maraqları çərçivəsində yararlana bilərlər. Məsələ burasındadır ki, xüsusilə ABŞ-a Avropa ölkələrini öz qanadları altına alması və II Dünya Müharibəsindən sonra bərqərar olan mövcud dünya düzənini qorumaq üçün Qərbin başı üzərində rus qılıncının yellənməsinə ehtiyacı var. Əks halda Avropanı başqa cür ram etmək böyük müşkül kimi qarşıda dayanacaq. Rus xofu “qoca qitə”ni lərzəyə gətirməsə Avropa Birliyini müstəqillik addımlarından yayındırmaq, özünün ordusunu yaratmaq, pul vahidini gücləndirmək, dolayısıyla dollarizasiya siyasətindən vaz keçmək kimi xəyallarından uzaqlaşdırmaq mümkün olmayacaq.
 
Bununla belə, hər şey Kiyev və Moskvadan asılı olsa, tərəflərin ikisi də müharibəyə həvəs göstərməz, problemin sülh yoluyla həllinə üstünlük verərlər. Baxmayaraq ki, nə Rusiya, nə də Ukrayna işğal altında olan torpaqlardan vaz keçmək niyyətində deyillər. Rusiya Normandiya dördlüyünün xeyir-duası ilə imzalanmış Minsk razılaşmalarının həyata keçirilməsində israrlıdır. Ukrayna isə nəyin bahasına olursa olsun, Donbassı və Krımı geri qaytarmaq əzmindədir. Məhz bir-birinə zidd bu mövqelər Ukraynada yerləşmiş ABŞ və Böyük Britaniya hərbçilərinə istənilən an böyük qarşıdurmalara yol açacaq hadisələrin fitilini atəşləmək fürsəti verir. Onlar sadəcə gərginliyi artıraraq, hələ ki ilk addımın Rusiya tərəfindən atılmasını təmin etmək istəyirlər. Moskva bu tələyə düşməsə, təbii ki, münaqişəyə səbəb olacaq addım Ukrayna tərəfindən atılacaq. Sözsüz ki, Kiyevin bunu arzulayıb arzulamamasından asılı olmayaraq.
 
Rusiyanın Ukrayna sərhədlərinə 150 min əsgər yerləşdirməsi də sözügedən təhlükəni qızışdıraraq münaqişə fitilinin alovlanmasına xidmət edir. Əslində Moskva da bunu yaxşı başa düşür. Fəqət NATO və ABŞ-ın israrlı tələblərindən sonra geri çəkilmək də onun işinə yaramır. Zira bu, Rusiyanın Qərb qarşısında geri çəkilməsi kimi başa düşülə və rus hərbi qüdrətinin onsuz da zədələnən imicini “beşparalıq” edə bilər. Bir sözlə, Rusiya bu gün bir müddət əvvəl Qərbə göstərdiyi əzələ nümayişinin meydana gətirdiyi dalana dirənib və ona heç bir uğur gətirməyəcək münaqişəyə sürüklənir.
 
Bəs Rusiya-Ukrayna münaqişəsi ABŞ-a nə verəcək?
 
Əlbəttə ki, ilk növbədə bu münaqişə Rusiya və Ukrayna kimi eyni mədəniyyət sahəsini paylaşan iki dövlət arasında bir də heç vaxt bərpası mümkün olmayan parçalanmaya yol açacaq. Rusiya Ukraynanı işğal etsə belə, burada çox qala bilməyəcək və qısa müddətdən sonra nifrət edilən hərbi güc kimi geri çəkilmək məcburiyyətində qalacaq. Nəticədə rus imperializminin əsas dayaq nöqtələrindən biri laxlayacaq və Moskva Ukraynanı əbədi olaraq itirəcək.
 
Zorən münaqişənin ikinci əsas nəticəsi Rusiya ilə Avropa arasındakı münasibətlərin korlanması ola bilər. Öz neft və qaz ixracının mühüm qismini Avropaya edən Rusiya Qərb dövlətlərinin ağır sanksiyaları ilə üzləşəcək və nəticədə ən böyük bazarını itirəcək. Nəzərə alsaq ki, Rusiya hər il Avropaya hardasa 200 milyard kub metr qaz ixrac edir, bu ticarətdən ildə 100 milyardlarla dollar qazanır və onun dövlət büdcəsinin 70%-ə yaxını enerji kapitallarından təşəkkül tapır; Ukrayna sürprizinin Moskva üçün böyük bədəl olacağı sirr deyil. Bu iqtisadi sanksiyalar Rusiyanı iqtisadi iflasa apara bilər.


 
Üçüncüsü, Rusiyanın Ukraynada yaşayacağı uğursuzluqlar və bunun nəticəsində üzləşəcəyi iqtisadi tənəzzül Orta Asiya və digər post-sovet ölkələrindən də təsirsiz ötüşməyəcək, hətta Rusiyanın daxilində belə, mərkəzdənqaçma meyllərini gücləndirəcək. Beləcə, rus imperiyası bir də özünü bərpa edə bilməyəcəyi dağılma prosesinə qədəm qoyacaq. 
 
Dördüncüsü, dünyanın ən böyük nüvə ölkəsi olan Rusiya böyük iqtisadi böhranla üzləşsə belə, öz hərbi təhlükəlilik xüsusiyyətini itirməyəcək. Əksinə, Avropa üçün daha təhdidkar vəziyyətə gələcək. Bu da Qərb ölkələri üzərində ABŞ hegemoniyasını gücləndirəcək və Şərqi Avropada yeni güc mərkəzlərinin ortaya çıxmasını sürətləndirəcək. Beləcə, Qərbi Avropanın avanqardı olan Almaniya və Fransa kimi dövlətlər öz təsir güclərini anqlo-sankson mərkəzli qüvvələrə dövr etmək məcburiyyətində qalacaq. 
 
Qısası, ABŞ Ukrayna-Rusiya münaqişəsində bir daşla bir neçə quş vurmağı planlaşdırır. Qəribədir ki, Rusiyanın qonşuları ilə qurmağa çalışdığı ədalətsiz münasibətlər də Vaşinqtonun dürməyinə yağ sürtür.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 188          Tarix: 19-02-2022, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma