Xəbər lenti
 
 
ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenin Nikol Paşinyana telefon zəngi İrəvanda dərin narahatlıq hissi yaradıb. Belə ki, o, Paşinyanla söhbətində “ABŞ-ın Rusiya Federasiyası və müttəfiqlərinin Ukraynaya qarşı əsassız və qanlı müharibəyə görə məsuliyyət daşımaqda” günahlandırıb. Bununla yanaşı, o vurğulayıb ki, indi Cənubi Qafqaz regionunda da vəziyyəti gərginləşməyin vaxtı deyil. Maraqlıdır ki, eyni ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən Blinken eyni sözləri bizim ölkə başçısına deməyib. Bu da İrəvanda ABŞ-ın Cənubi Qafqaz ölkələrinə verdiyi diplomatik mesaj kimi qəbul olunub. 
 
Erməni  analitik Qalust Qriqoryanın bu gün qələmə aldığı “Blinken: Deyəsən, fürsət qapıları bağlanır” sərlövhəli məqaləsində də bu narahatlıq dilə gətirilir. 
 
Azərbaycan oxucusu üçün də aktuallığını nəzərə alıb, məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:
 
Belə görünür ki, ABŞ gərginləşməyə görə Azərbaycanı deyil, bizim ölkəni məsul tutur.
 
Bizim rəsmi strukturların bəyanatlarına əsaslanaraq Ermənistanda və onun ətrafında baş verənləri öyrənmək həmişə vacibdir. Ona görə də Dövlət Departamentinin ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı barədə rəsmi açıqlama narahatlıq doğurur. Çünki bu bəyanat mühüm mesajlarla doludur.
 
Dövlət katibi Kremlin Ukraynada törətdiyi iyrənc hərbi cinayətləri pisləyib, ABŞ və tərəfdaşlarının Rusiya Federasiyası və onun əməkdaşlarının Ukraynaya qarşı əsassız və qanlı müharibəyə görə məsuliyyət daşımaqda davam etdiklərini vurğulayıb. Bu isə çox vacib məqamdır. Əslində, Blinken bu sözləri ilə ABŞ-ın bizdən nə gözlədiyinə eyham vurub.
 
ABŞ-ın Ermənistandan gözlədiyi Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə pisləməkdir. Əgər əvvəllər ümumi formulalardan bundan bir təhər qaçmaq olurdusa, artıq bu, mümkün deyil. Çünki Buçada baş verənləri bütün dünya gördü. Buna bizim hamımız da şahid olduq. Və bu hadisəni mülki əhaliyə qarşı cinayətdən başqa nəsə adlandırmaq artıq işə yaramır.
 
Xeyr, ABŞ Ermənistanın Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb etmir. Onlar bu tələbin qeyri-reallığını mükəmməl başa düşürlər. Amma yenə də Amerika tərəfi getdikcə Rusiyanın hərəkətlərini pisləmənin vacibliyinə eyham vurur. Ən azı Qazaxıstan qədər. Qazaxıstan açıq şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi.
 
Rəsmi Nursultan açıq şəkildə bildirmişdi ki, Rusiya Qazaxıstandan DXR və LPR-i tanımasını tələb edib, lakin ölkə hakimiyyəti bununla razılaşmayıb. Bundan başqa, Qazaxıstan Respublikası Ukraynaya humanitar yardım göndərir. Üstəlik, bu ölkədə mütəmadi olaraq Rusiya əleyhinə mitinqlər keçirilir. Bizdə isə buna bənzər bir şey yoxdur. Və bu fakt təkcə Kiyevdə deyil, bütün dünyada, o cümlədən ABŞ-da qeydə alınıb. Odur ki, çox narahatdırlar.
 
Rusiya isə dayanmaq fikrində deyil. Bu, təkcə ölkə rəhbərlərinin çıxışlarından aydın görünmür. “Müstəqil Levada Mərkəzi” Rusiyada Vladimir Putinin və hakim partiyanın reytinqləri ilə bağlı yeni sorğu dərc edib. Sorğunun nəticələrinə görə, son bir ayda hakimiyyətə dəstək xeyli artıb. Prezident Putini dəstəkləmə səviyyəsi fevralda 71%, martda isə 83% olub.
 
Bu, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Levada Mərkəzinin keçirdiyi ilk sorğudur. İşğaldan bir ay sonra keçirildi. Və göstərdi ki, məsələ təkcə Putinlə də bağlı deyil, rusların özləri müharibəni davam etdirməkdə qərarlıdırlar. Onlar sanksiyalara və məhdudiyyətlərdən irəli gələn çətinliklərə baxmayaraq, bunu davam etdirməyə hazırdırlar. Və bütün bunları başa düşməliyik.
 
Rusiya isə bizim ölkə rəhbərliyindən Ukraynadakı hərəkətlərini sona qədər dəstəkləməyi tələb edir. Və burada etiraf etməliyik ki, Rusiyanın Ermənistana təzyiq etmək üçün ABŞ-ın təsəvvür etdiyindən qat-qat çox mexanizmləri var. Təəssüf ki, Blinken vecinə deyilmiş kimi davranır. Onun bəyanatı deməyə əsas verir ki, Birləşmiş Ştatlar bizim vəziyyətimizin incəliklərini başa düşməyəcək.
 
Mesaj təkcə bununla da bitmir. Birləşmiş Ştatların dövlət katibi vurğulayıb ki, indi regiondakı münasibətləri daha da gərginləşməyin vaxtı deyil. O, bunu Azərbaycan prezidenti Əliyevlə söhbətində deməyib. Bunu bizim baş nazirimizə deyib. Buradan məntiqi nəticə çıxır ki, Birləşmiş Ştatlar vəziyyətin gərginləşməsinə görə Azərbaycanı deyil, bizim tərəfimizi məsul tutur.
 
Bu, çox ciddi bir mesajdır. Yaranmış yeni vəziyyətin təhlükəsini dəfələrlə vurğulamışam. İndiki şəraitdə, kim nə deyirsə desin, Ermənistan Rusiyanın strateji müttəfiqi kimi qəbul edilir və qəbul olunacaq. Qərbə görə, Azərbaycan və Türkiyə belə deyil. Əksinə, onlar Ukraynanın müttəfiqləri sayılırlar, bunu Kiyev də tez-tez vurğulayır. Deyəsən, nəhayət son qapılar da bağlanır və indi bütün bunların bizim üçün necə olacağını gözləmək qalır. Gözləntilər isə çox narahatedicidir.
 
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 140          Tarix: 6-04-2022, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma