Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
"Rus sülhməramlıları dünəndən Fərrux kəndindədirlər. Onlar təkcə kənddə deyil, həm də onun ətrafındakı yüksəklikdə qərarlaşıblar".
Ovqat.com-un məlumatına görə, qondarma “DQR”-nın rəhbəri Arayik Harutyunyan "hökumət"in bugünkü iclasında belə deyib.
O bildirib ki, “Qaraqlux” dağının bir neçə əsas yüksəkliyində və ən hündür nöqtəsində "Artsax Müdafiə Ordusu"nun bölmələri, könüllülər və qondarma qurumun "Milli Təhlükəsizlik Xidməti"nin bölmələri yerləşdiriliblər.
Harutyunyan onu da etiraf edib ki, bəzi ərazilər hələ də Azərbaycan ordusunun nəzarətindədir.
Rus “sülhməramlı”larının Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra bu cür təxribatçı addım atması, zənnimizcə, təsadüfi deyil. Belə ki, aprelin 6-da keçirilən bu görüşündən sonra Rusiyanın xeyli narahat olduğu ortada idi. Görüşdən dərhal sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Moskvaya çağırmış və onunla birgə keçirdiyi mətbuat konfransında bəzi ermənipərəst açıqlamalar vermişdi. Lavrov həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Ermənistanı Rusiyanın əsas müttəfiqi adlandıraraq, onun hərbi qüdrətini gücləndirəcəyini bildirmişdi: “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək göstərəcək”.
Lavrov çıxışında həmçinin ATƏT-in Minsk qrupunun taleyinin necə olacağının da bilinmədiyini fikirlərinə əlavə edərək təəssüfünü bildirmişdi: “ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”, - Görünən bu idi ki, Kreml Qarabağ məsələsində Rusiyanın oyundankənar vəziyyətə salındığından ciddi narahat olub.
Dünən Azərbaycan Xarici İşlər nazirinə zəng edən Lavrov həmkarı Ceyhun Bayramovla “ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıb”. Telefon söhbətində tərəflər Qarabağda mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Bu gün isə Rusiya prezidenti Vladimir Putin danışıqlar trafikinə qoşulub. Putin əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın ağzını arayıb. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nikol Paşinyan Rusiya prezidentinə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda Rusiya “sülhməramlı” kontingentinin cavabdehlik zonasına daxil olması barədə şikayətini çatdırıb. Paşinyanın deyib ki, Ermənistan tərəfi Rusiyadan Azərbaycan bölmələrinin öz məsuliyyət zonasından çıxarılmasını təmin etmək üçün konkret addımlar gözləyir.
Söhbət zamanı Ermənistanın baş naziri Putinə aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşün nəticələri barədə də məlumat verib. Tərəflər sülh müqaviləsinin imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə işlərin başlanmasına dair sazişlərin əhəmiyyətini qeyd ediblər. Putin bu prosesi təşviq etməyə hazır olduğunu bildirib. Halbuki, Brüssel görüşündə Azərbaycan və Ermənistan liderləri iki dövlət arasındakı məsələləri üçüncü tərəfin iştirakı olmadan çözməyə qərar vermişdilər və burada nəzərdə tutulan əsas “artıq şəxs”in Rusiya olduğuna şübhə yoxdur.
Paşinyanla danışdıqdan sonra Putin Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon söhbəti aparıb. İlham Əliyevin təşəbbüsü ilə baş tutan söhbətdə prezidentlər Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsində bulunublar. İlham Əliyev həmkarına Kremli məyus edəcək “bəd xəbəri” verib: Ermənistan tərəfi Brüsseldə Azərbaycanın dövlətlərarası münasibətlərin qurulması üçün irəli sürdüyü beş prinsipi qəbul edib.
Xatırladaq ki, həmin 5 prinsiplər arasında tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və torpaqlarına iddia etməməsi məsələsi də yer alır. Bu isə Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması və həmin ərazidəki problemi ölkəmizin daxili məsələsi kimi qəbul etməsi anlamına gəlir. Görünür, Moskvanı qıcıqlandıran da budur. Çünki Ermənistan bu prinsipləri qəbul edirsə, deməli, 9 noyabr Bəyanatı da öz əhəmiyyətini itirir. Nədən ki, erməni tərəfinin Qarabağla əlaqədar hər hansı sənədə qol çəkməsi və məsələdə israrı Azərbaycanın daxili işlərinə müdaxilə anlamına gəlir və bu da rəsmi Bakının irəli sürdüyü, Paşinyanın isə Brüsseldə razılaşdığı prinsiplərdən imtinası demək olardı. Əslində, Paşinyanın bu gün Putinlə telefon söhbətində Azərbaycanı ona şikayət etməsi də Brüsseldəki razılaşmalara ziddir və yəqin ki, İrəvan Qərb himayədarları tərəfindən layiqli qulaqburması alacaq. Ən azı ona görə ki, Ermənistan baş naziri Brüsselə getməmişdən əvvəl ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkendən “Cənubi Qafqazda gərginliyin zamanı olmadığı” barədə ciddi xəbərdarlıq almışdı. Blinkenin bu xəbərdarlığından sonra Brüsseldəki görüşdə Azərbaycanın beynəlxalq hüququn təməl prinsiplərindən sayılan 5 şərtini qəbul etmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, aprelin 6-da Brüsseldə keçirilən görüşdə Ermənistan və Azərbaycan liderləri bu ayın sonunadək sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Avropa Şurasının prezidenti Çarlz Mişel görüşdən sonra verdiyi bəyanatında ikitərəfli komissiya anlayışına aydınlıq gətirərək bildirmişdi ki, bu, sərhəd məsələlərini həll etmək və İrəvanla Bakı arasında sülh danışıqlarına başlamaq üçün işçi qrupdur. Yəni, “üçüncü tərəf artıqdır”. Qarabağ məsələsi isə həmin bəyanatın mətnində qeyd olunmamışdı.
Rusiyanın tövrləri isə bu görüşlə razılaşmadığını göstərir. Putinin “bu prosesi təşviq etməyə hazır olduğunu” dair fikirlərindən əvvəl də Sergey Lavrov ermənistanlı həmkarı ilə söhbətində Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı başlanan işə yardım etməyə hazır olduğunu bildirib. Bu da Kremlin burnunu iki dövlət arasında həll edilməsi planlaşdırılan məsələyə soxmaq niyyətini bariz şəkildə göstərir.
Bu gəlişmələrin fonunda rus “sülhməramlı”larının Fərrux kəndinə girməsi və bəzi yüksəklikləri ələ keçirməsi Moskvanın artıq “sülh müqaviləsinin imzalanması ilə bağlı” vədini yerinə yeritməyə başladığından xəbər verir. Təbii ki, Moskvanın bu "töhfəsi" Cənubi Qafqazda gərginliyin davam etdirilməsinə çalışmaq deməkdir. Başqa sözlə, Rusiya deyəsən indi də Qarabağda “qaşınır” və Azərbaycan Ordusu bu mərəzin dərmanına sahib olduğunu hələ il yarım əvvəl – 44 günlük müharibə zamanı göstərmişdi.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar