Xəbər lenti

 
Rusiya “Sarmat” raketlərini sınaqdan çıxatrmaqla ABŞ-a “səni nüvə silahları ilə vura bilərəm” mesajı verdi. ABŞ isə bu mesajı ümumiyyətlə eyninə belə almadı. Hətta Pentaqon yetkililəri açıq şəkildə bildirdilər ki, “Sarmat” kimi raketlər onları təhdid etmir. Halbuki, Rusiyanın iddiasına görə, “Sarmat”lar səsdən 20 dəfə artıq sürətlə yer orbitindən çıxır və göydə 24 yerə parçalanıb hər biri müxtəlif yerlərə yöndərilə bilir. Bu isə eyni anda 24 ünvana nüvə başlıqlı raket göndərmək anlamına gəlir.
 


Elədirsə, ABŞ nədən bu nüvə təhdidindən çəkinmir?
 
Zənnimcə, bunun başlıca səbəbi 70-ci illərdə yaşanan bir hadisədən qaynaqlanır. Belə ki, 1968-ci ildə Rusiyanın Sakit okean donanmasına aid K-129 tipli sualtısı okeanın ortasında birdən-birə yoxa çıxır. Sonradan məlum olur ki, nüvə silahı daşıyan bu sualtı gəmisi okeanın 5 min metr dərinliyində qəzaya uğrayıb. Rusiya uzun illər onu axtarsa da tapa bilmir. ABŞ isə qəzanın ilk günü okeanın dibində baş verən partlama səsini təsbit etdiyindən sualtının koordinatlarını əvvəlcədən müəyyənləşdirmiş və onu çıxarmaq üçün nəhəng gəmi hazırlığına başlamışdı.


 
CİA 1974-cü ilin yaz aylarında həmin gəmi ilə “Azorian Projesi” adlı əməliyyat keçirərək sualtını okeanın dərinliklərindən çıxarmağa qismən nail ola bilir. Əməliyyata mədən axtarışı adı verilir və çalışmalara başlanılır. 2 gün çəkəcəyi planlaşdırılan “xilasetmə” əməliyyatı hava şərtləri səbəbindən 2 həftəyə qədər uzanır. Sonunda sualtının sadəcə bir hissəsini çıxarmaq mümkün olur. 


 
Bəzi məlumatlara görə, əməliyyatda hədəflənən məqsəd reallaşdırıla bilmir. Çünki sualtıdakı nüvə silahları onun çıxaırlmayan hissəsində qalır. Bir başqa iddialara görə isə, sualtının çıxarılan hissəsində də bir nüvə silahı var imiş və Pentaqon onu incələyərək, SSRİ-nin nüvə gücünün qorxulacaq qədər olmadığını öyrənir. Halbuki, o zamana qədər Vaşinqtonda tamamilə fərqli fikirlər vardı. Hesab olunurdu ki, SSRİ-nin nüvə silahları ABŞ-dan dəfələrlə güclüdür. “Azorian Projesi” əməliyyatında əldə edilən məlumatlar bu xofu tamamilə dağıdır. O vaxtdan etibarən Vaşinqton Moskvanın nüvə təhdidlərini qulaq ardına vurmağa başlayır və SSRİ-nin dağıdılması projesinə daha cəsarətlə girişir, 15 ildən sonra öz məqsədinə çatır. Bu gün Putinin “Sarmat” təhdidinə əhəmiyyət verilməməsi də “Azorian Projesi”nin ortaya çıxardığı həqiqətlərdən qaynaqlanmış ola bilər.


 
Dünyanın geosiyasi simasını dəyişən “Azorian Projesi” ABŞ-a ucuz başa gəlməyib. Birləşmiş Ştatlar 2 min ton ağırlığında olan K-129 tipli sovet sualtını 5 min metr dərinlikdən çıxarmağa o dövrün pulu ilə 500 milyon dollar xərcləyir. Həmin vaxt bu məbləğə bir neçə təyyarə gəmisi düzəltmək olardı. Məhz bu səbəbdən ABŞ siyasiləri bu qədər böyük məbləği bir sualtının çıxarılmasına xərclənməsini “misli görünməmiş” israfçılıq sayır və dövrün prezidenti Riçard Niksonu sərt tənqid edirdi. Amma gün keçdikcə, “Azorian Projesi”nin əhəmiyyəti daha gözəl anlaşılır və Putin kimi rus liderlərinin nüvə təhdidləri Vaşinqtonda təbəssümlə qarşılanır.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 729          Tarix: 25-04-2022, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma