2018-ci ilin may ayından başlayaraq Gürcüstan daxili siyasəti müstəqillikdən sonrakı dövrdən ilk dəfə bu qədər uzun müddətli siyasi böhran və təlatümlü dövrünü yaşamaqdadır. 2018-ci ildən artıq Gürcüstanda dörd baş nazir dəyişib. Müxalifət və iqtidar bu dövr ərzində mütəmadi olaraq müxtəlif məsələlər ətrafında dəfələrlə toqquşdular. Bu qarşıdurmalarda bir sıra hallarda iqtidar və müxalifətin hansısa məsələlərdə razılığa gəlməsi üçün xarici ölkələrin səfirlikləri vasitəçilik etdilər. Hakimiyyət daxilində qrupların mübarizəsi siyasi böhranı daha da mürəkkəbləşdirərək, vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi təəssüratını yaratmaqdadır.
Eyni zamanda Obama dövründə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Gürcüstanda ABŞ və Rusiya arasında mövqelərin qeyri-rəsmi bölüşdürülməsi üzrə tapılmış ortaq məxrəc və konsensus pozulmuşdur. Hər iki tərəf Gürcüstan üzərində tam və şəriksiz nəzarəti ələ keçirməyi qarşılarına məqsəd qoyub. Belə ki, Ukrayna müharibəsinin başlaması ilə Qərb üçün Cənubi Qafqazın Xəzər hövzəsinin enerji resurslarına çıxış yolu kimi strateji dəyəri artıb.
Son bir neçə ildə getdikcə gərginləşən Gürcü Arzusu hakimiyyəti ilə Qərbin münasibətləri Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra növbəti mərhələyə daxil oldu. Bəzi şərhçilər bu mərhələni siyasi proseslərin gələcəyini müəyyən edəcək kulminasiya dövrü də adlandırırlar. İyunun 17-də Avropa İttifaqı Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana üzvlük namizədliyi vermədi və əvəzində 12 bənddən ibarət şərt irəli sürdü.
Bu bəndlərin içərisində Gürcüstanın demokratikləşməsi, korrupsiyaya qarşı effektiv mübarizə, siyasi qütbləşmənin aradan qaldırılması kimi mücərrəd tələblərlə yanaşı, hakim Gürcü Arzusu partiyasını çox pis vəziyyətə qoyan bir bənd də vardı. Bu da “şəxsi maraqların iqtisadi, siyasi və sosial həyata hədsiz təsirini aradan qaldıraraq “deoliqarxizasiya” kursunu həyata keçirmək”lə bağlı tələb idi. B.İvanişvilinin adı konkret çəkilməsə də hər kəsə aydındır ki, bu tələbdə məhz o, nəzərdə tutulur. Qərb bu tələblə Gürcü Arzusu hakimiyyəti ilə gələcək münasibətlərində manevr imlkanlarını tam məhdudlaşdırdı.
Hazırki Gürcü Arzusu hakimiyyəti Ukrayna müharibəsi başlayandan sonra Rusiya ilə münasibətlərdə maksimum dərəcədə ehtiyatlı olmağa və Moskvanı qıcıqlandırmamağa çalışır. Maraqlıdır ki, Baş nazir İ. Qaribaşvili və hakim partiyanın üzvləri son aylarda müxalifəti və dolayısı yolla Qərbi “Gürcüstanı Rusiya ilə müharibəyə sürükləməkdə” ittiham edirlər. Ümumiyyətlə, Gürcü Arzusu hakimiyyətinin Rusiya ilə son illər münasibətlərinin xarakterini təhlil edərkən şərhçilər iki fərqli qənaətə gəlirlər. Birincisi, Gürcü Arzusu hakimiyyətinin Rusiya ilə əlaqələrinin əsas məqsədi Moskvanın qəzəbinə gəlməməkdir. İkincisi, bu əlaqələrlə Gürcü Arzusu hakimiyyəti Gürcüstanı tədricən Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır.
Gürcüstanın daxili və xarici siyasətindəki bu mürəkkəb dövr və regionda cərayan edən təhlükəli proseslər həm qonşu ölkənin daxili ictimai siyasi vəziyyəti üçün təhdidlər yaradır, həm də onun Rusiya və Qərb arasında açıq mübarizə meydanına çevrilməsi ehtimalını artırır.
Belə bir vəziyyət isə Azərbaycanın Gürcüstandan keçən qlobal əhəmiyyətli enerji və nəqliyyat infrastruktur layihələrinin təhlükəsizliyi üçün təhdidlər yaradır. Yaranmış vəziyyətdə Gürcüstan üçün heç bir təhdid yaratmayan, onu geosiyasi qütblərin mübarizə meydanı çevrilməsindən kənarda tuta və təhlükəsizlik təminatı verə biləcək yeganə xarici siyasət formatı Azərbaycan-Gürcüstan-Türkiyə formatında münasibətlərin dərinləşdirilməsidir. Çünki Azərbaycan və Gürcüstan arasındakı qarşılıqlı asılılığın xarakteri Gürcüstanda hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq Azərbaycanla əlaqələrin hər iki tərəfin marağında olması obyektiv gerçəkliyini diktə edir. İstər Qərbdə, istərsə də ki, digər geosiyasi qütblərdə Gürcüstanın strateji dəyəri Azərbaycanla münasibətlər və bağlılıq kontekstində nəzərdən keçirilir.
CƏNUBİ QAFQAZ TƏDQİQATLAR MƏRKƏZİ
Paylaş: