Daha əvvəl də ABŞ və Rusiya arasındakı çəkişmənin ən çox Çini məmnun etdiyi barədə danışmışdıq. Hər nə qədər Rusiyanın müttəfiqi kimi təqdim edilsə də, Çinin öz maraqlarını “geosiyasi cəbhələşmə”dən öndə tutduğu barizdir. Məsələn, Çinin real olaraq Ukrayna cəbhəsində Rusiyaya hansısa hərbi dəstək vermədiyi, hətta silah belə satmadığını görürük. Təbii ki, Çinin də əl-qolu tam açıq deyil, Pekini balanslı davranmağa məcbur edən önəmli xarici faktorlar var.
Bununla belə, yəqin ki, Rusiyanın Ukraynaya müdaxiləsi Asiya nəhəngi üçün sözün əsl mənasında göydəndüşmə oldu. Bir müddətdir Çini çevrələməyə hazırlaşan ABŞ-ın Avropada “ilişib” qalması, Ukraynada ölüm-qalım savaşına girdiyini düşünən Rusiyanın isə getdikcə Çindən asılılığının artması Pekini məmnun etməyə bilməz. Hətta, daha da irəli gedərək, Ukrayna cəbhəsinin bu intensivlikdə bir neçə il uzanmasının Pekinin yayılmaçı strategiyasına xeyli meydan açacağını təxmin etmək olar.
Tarixdə mövcud güclü dövlətlərin öz aralarında didişməsinin yüksələn güclərə necə fürsətlər yaratdığı barədə örnəklər boldur. Məsələn, çox uzağa getmədən Avropanın mərkəzi güclərinin I və II Dünya Müharibəsində öz aralarında didişməsinin dünyanın güc mərkəzini Qoca qitədən Şimali Amerikaya sürüşdürdüyünü və ABŞ-ı dominant gücə çevirdiyini örnək verə bilərik. Uzaq tarixdən VI-VII əsrlərdə Bizans və Sasani imperiyalarının bir-biriylə didişərək zəifləməsinin İslam dini altında birləşən ərəblərə meydan açdığını, müsəlmanların əvvəlcə Bizansı, daha sonra Sasani İmperiyasını məğlub edərək güc mərkəzinə çevrilməsinə zəmin yaratdığını örnək vermək olar.
Mövcud vəziyyətə məntiq çərçivəsindən baxsaq, ABŞ və Rusiyanın çox da uzaqda olmayan bir perspektivdə Ukrayna məsələsində danışıqlar yoluna gedəcəyini təxmin etmək olar. Artıq kartlar açılıb, oynanan oynanılıb, aşağı və yuxarı limitlər tərəflərə məlumdur. Rusiya böyük oynamaq istədi, amma buna hazır olmadığı göründü. ABŞ da arxasında durduğu Ukraynanın süqut etməyəcəyini göstərdi. Hər iki tərəfi zəiflədən müharibəyə intensiv və uzunmüddət davam etmək çox ağır nəticələrə, hətta nüvə müharibəsinə də gətirib çıxara bilər. Düşünürəm ki, il sonunadək diplomatik masa qurulması ehtimalı çox yüksəkdir.
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz
Paylaş: