Həm Ermənistan, həm də bəzi beynəlxalq dairələr Zəngəzur dəhlizinin açılmasına müqavumət göstərsələr də, bu nəhəng geoiqtisadi layihə istənilən halda, reallığa çevriləcək... Enerji resursları və iqtisadi potensialını mərkəzləşdirməkdə olan Türk Dövlətləri Birliyinin yeni dünya düzənində önəmli söz sahiblərindən biri kimi ön plana keçməsinin əngəllənməsi artıq mümkün deyil...
Dünyada yeni situasiya yaranmağa başlayıb. Ukrayna savaşından sonra dünya düzəninin imdikindən ciddi şəkildə fərqlənəcəyi artıq qətiyyən şübhə doğurmur. Mövcud beynəlxalq qaydalar böyük ölçüdə öz əhəmiyyətini itirməyə başlayacaq. Yeni dünya düzənində hərbi və iqtisadi gücə, eləcə də, enerji resurlarına sahib olan, beynəlxalq nəqliyyat-kommunikasiya xətləri məkanında yerləşən dövlətlər əsas siyasi iradə sahibləri sırasında yer alacaqlar.
Təbii ki, bütün bu önəmli faktorları nəzərə aldıqda, Azərbaycan-Türkiyə İttifaqının beynəlxalq məkanda əsas hegemon mövqelərə iddia etmək şansları kifayət qədər cəlbedici görünür. Çünki bu ittifaq digər Türk dövlətləri üçün də geopolitik cazibə mərkəzi rolunu oynamağa başlayıb. Xüsusilə də, Türk Dövlətləri Birliyinin yerləşdiyi coğrafiyanın enerji resursları ilə zəngin olması, geoiqtisadi potensialı və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi hazırda yeni dünya düzənində həlledici faktorlardan birinə çevrilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin tarixi şansı dəyərləndirmək niyyətində olduqları da açıq-aşkar nəzərə çarpır. Türk coğrafiyasında daha sıx iqtisadi yaxınlaşma və enerji potensialı ətrafında ortaq strateji tərəfdaşlıq meyilləri güclənməkdədir. Xüsusilə də, Ukrayna savaşı ilə bağlı sanksiyalara məruz qalan Rusiyanın dünya enerji bazarlarından sıxışdırılıb, çıxarılması ilə bağlı proses Türk Dövlətləri Birliyinə yeni strateji hədəflər açır.
Məsələ ondadır ki, Türk Dövlətləri Birliyi öz enerji resursları potensialını buna ciddi ehtiyac duyan Avropa Birliyi məkanına birbaşa marşrutlarla çıxartmaq imkanları qazanmağa başlayıb. Hər halda, enerji resurslarının dünya bazarlarına çıxarılması məsələsində Rusiya ilə anlaşmağa daha o qədər də ehtiyac yoxdur. Hətta bu məsələdə Rusiyanın maraqlarını nəzərə almaq da daha lazım deyil.
Maraqlıdır ki, Özbəkistan Rusiya ilə enerji ittifaqı yaradılması təklifindən imtina edib. Rəsmi Daşkənd bu məsələdə digər Türk dövlətləri ilə ortaq fəaliyyət göstərmək niyyətində olduğunu qətiyyən gizlətmir. Eyni mövqeyə Qazaxıstan da şərik çıxır. Rəsmi Astana bəyan edib ki, Qazaxıstan enerji resurslarının dünya bazarlarına çıxarılması üçün alternativ marşrutlara, xüsusilə də, Transxəzər xəttinə yönəlmək imkanları araşdırılır.
Digər tərəfdən, Türkmənistanın da enerji sahəsində Azərbaycan-Türkiyə İttifaqı ilə ortaq hərəkət etməyə qərar verdiyi artıq qətiyyən şübhə doğurmur. Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə üzərindən Avropa məkanına çatdırılması həm Avropa Birliyinin, həm də hər iki Türk dövlətinin maraqlarına tamamilə cavab verir. Və bu istiqamətdə artıq konkret addımların atılmasına da başlanılıb.
Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədo tərəfindən geniş tərkibli görüş keçirilib. Bəzi önəmli məsələlər üçtərəfli rəsmi sənədlərin imzalanmasıyla artıq təsdiqlənib. Və belə anlaşılır ki, dünyada yeni enerji, iqtisadi və siyasi məzmunlu həm iradə, həm də cazubə mərkəzi yaranmaqdadır.
Məsələ ondadır ki, əgər, bu önəmli proses uğurla yekunlaşarsa, dünyada nəhəng maliyyə-iqtisadi potensial birləşdirilmiş olacaq. Çünki bəzi mütəxəssislərin hesablamalarına görə, Türk dövlətləri coğrafiyasının iqtisadi dövriyyə potensialı təxminən 4,5 trilyon dollardan artıqdır. Və bu, Türk Dövlətləri Birliyini yeni dünya gücünə çevirməyə qadir faktor sayılır.
Onu da qeyd etmək lazımdır ki, Türk Dövlətləri Birliyinin geoiqtisadi potensialının daha da artırılması üçün də imkanlar olmamış deyil. Belə ki, Avropadan başlayıb, Cənubi Qafqazdan keçərək, Asiya məkanına uzanacaq geoiqtisadi dəhliz reallığa çevrilərsə, bu, Türk dövlətləri coğrafiyasına dünyada hegemon mövqelər qazandıra bilər. Və hazırda bu nəhəng geoiqtisadi layihənin reallaşdırılması istiqamətində də strateji addımlar atılmaqdadır.
Hazırda bu geoiqtisadi layihə qarşısında Zəngəzur dəhlzinin açıqlamasına bəzi ermənipərəst beynəlxalq dairələrin müqavimət göstərməsi əsas əngəl rolunu oynayır. Belə ki, həmin beynəlxalq dairələr Türk Dövlətləri Birliyinin yeni dünya düzənində əsas siyasi-iqtisadi iradə sahibi ola biləcəyindən ciddi şəkildə narahatdırlar. Ona görə də, Ermənistanı Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə həvəsləndirirlər.
Ancaq Ermənistan üzərindən Zəngəzur dəhlizini əngəlləməyin mümkünlüyü də qətiyyən inandırıcı görünmür. Hər halda, Ermənistanın müqavimət potensialı Cənubi Qafqazdakı geopolitik, geoiqtisadi və geostrateji proseslərə adekvat deyil. Və rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının təzyiqlərinə uzun müddət tab gətirə bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanda verdiyi açıqlamalar da Zəngəzur dəhlizinin açılması ilə prosesdə Ermənistanın mövqeyinin əhəmiyyət daşımadığını göstərir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində intensiv fəaliyyət davam edir. Dəmir yolu xəttinin 40 faizi, avtomobil yolunun isə 70 faizi artıq yekunlaşdırılıb. Və Azərbaycan bu layihə üzrə görəcəyi bütün işləri 2024-cü ildə sona çatdırmaq niyyətindədir.
Təbii ki, bu, həm Ermənistana, həm də Zəngəzur dəhlizinə əngəl törətmək istəyən bəzi beynəlxalq dairələrə də açıq mesajdır. Yəni, bu mesajdan rəsmi İrəvan narahat olasa da, Zəngəzur dəhlizi istənilən halda, reallığa çevriləcək. Və Ermənistanda bu ehtimala qarşı aksiyalara başlansa da, Türk Dövlətləri Birliyini yeni dünya düzənində önəmli söz sahiblərindən biri kimi ön plana keçirə biləcək layihə baş tutmuş olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Paylaş: