Xəbər lenti


 

Avropanın Rusiyaya qarşı atdığı bəzi həmlələri tənqid edən Avstriyanın xarici işlər naziri Şallenberq deyib ki, “addım atanda sabahı, gələn həftəni, ayı, gələn ayı fikirləşmək lazımdı. Ya elə, ya da belə, biz nüvə gücü və Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanı Avropanın gələcək təhlükəsizlik arxitekturasına daxil etməliyik. Rusiyasız Avropanın dayanıqlı təhlükəsizlik arxitekturasını təsəvvür etmək mümkün deyil.”

 

Bu fikirlər mənə Avstriya İmperatorluğunun tanınmış diplomatı Klemens von Metternixi xatırlatdı. Napolyon müharibələrinin sonunda Avropa nəhəngləri arasında balansın qurulması məqsədilə Metternix Vyana   Konqresini (1814-15) təşkil etmişdi. Avropanın yeni təhlükəsizlik arxitekturasının müəyyən edilməsi prosesinə Britaniya, Avstriya, Prusiya, Fransa kimi mərkəzi Avropa gücləri ilə yanaşı Rusiya da dəvət edilmişdi. Osmanlı İmperiyası isə Rusiyanın  qəbuledilməz tələblər irəli sürəcəyini təxmin edərək Konqresə qoşulmadı. Rusiyanın balansa daxil edilməsinin kifayət edəcəyini düşünən Avropalılar isə Osmanlıya xüsusi ehtiyac duymurdu. Beləliklə də, Rusiyanın iştirakı ilə “Avropa Ahəngi” quruldu və Vyana sistemi adlanan bu düzən Birinci Dünya müharibəsinə kimi davam etdi. 

 

Vyana Konqresindən kənarda qalmaq Osmanlı elitası üçün ağır travma oldu. Türklər ancaq 40 il sonra, Krım müharibəsində Rusiyanın isti dənizlərə çıxmasının qarşısının alınmasında Avropalı güclərə lazım olduğu üçün 1856-cı ildə Avropa Ahənginə daxil edildi. 

 

Maraqlıdır ki, İkinci Dünya müharibəsindən sonra qurulan Yalta sistemində Qərb bu dəfə Türkiyəni öz təhlükəsizlik sisteminə, yəni NATO-ya daxil etmişdi. 

 

Keçən dəfə bir yazıda Avropanın öz təhlükəsizliyi üçün ya Rusiya, ya da Türkiyəni öz sisteminə daxil etməli olduğu barədə fikir paylaşmışdım. Qapıda iki güclü düşmən varsa, ən azından birini öz yanına çəkməlisən, çünki bu ikisinin bir-birilə yaxınlaşması fəlakət olar. 

 

Ukrayna müharibəsindən sonra Avropada yeni təhlükəsizlik sistemi qurulması ehtimal yüksəkdir. Belə görünür ki, bəzi ölkələr Türkiyənin, bəzi ölkələr isə Rusiyanın bu sistemə daxil edilməsini istəyir. Qərbdə Türkiyəyə qarşı qüvvələr getdikcə güclənir və səslərini daha yüksək çıxarmağa başlayırlar. Sözün düzü, bu gedişatla Türkiyənin “Yeni Qərb”dən kənarda qalması ehtimalı da az deyil. Hər şey Ukrayna müharibəsinin nəticəsindən və ən əsası Rusiyanın aqibətindən asılı olacaq... 

 

Şərqə Baxış Analitik Mərkəz

 




Ana səhifəyə qayıt        Baxış: 6 073          Tarix: 25-01-2023, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma