Xəbər lenti

Ötən ayın 27-də Tehrandakı səfirliyimizə silahlı basqından dərhal sonra eyni anda yüz minlərlə insanın ağlına və dilinə gələn versiya zaman keçdikcə təsdiqləndi və başqa versiyalara yaşam haqqı tanımadı. Hamı bu hadisəni terror adlandırmışdı, elə olduğu tam təsdiqləndi.

Musavat.com-un analitik qrupunun fikrincə, bu günlərdə hadisənin təfərrüatlarına dair yayılan yeni video heç bir şübhəyə yer qoymur. O biri videolar basqınçının səfirliyin binasının bayırında və içindəki hərəkətlərini, eləcə də dışarıdakı situasiyanı anbaan göstərirdisə, yeni video 50 yaşlı bu cantaraq adamın – Yasin Hüseynzadənin gənc və güclü mühafizəçimizə - Vasifə necə müqavimət göstərdiyini, təxminən 40 dəqiqə onunla çarpışdığını nümayiş etdirir. Adam həqiqətən də idmançı vücudlu və hərbi təlim görmüş birisidir, rəşadətli mühafizəçimizə asanlıqla, rahatlıqla, necə deyərlər, can vermir. (Vasifin isə çyinindən və çənəsindən iki güllə yarası almasına baxmayaraq silahlı terrorçunu təpəqapaq etməsi gerçək bir şücaətdir).

Videoda terrorçunun tərksilah edildikdən sonra əliyalın şəkildə səfirlik binasından çıxması və səfirliyin önünə yaxınlaşan maşının üstünə zərərçəkən kimi, döyülmüş uşaq dayısının üstünə qaçaraq ağlaya-ağlaya, “bax, məni orda təkləyib döydülər” deyirmişçəsinə yüyürməsi görünür. Polis avtomobildə olanlar isə sanki məsələdən öncədən hali imişlər kimi hərəkət edirlər, onun şikayətini sona qədər dinləmədən, hətta avtomobildən enmədən, sürüb uzaqlaşır, açıq-aşkar məsuliyyətdən qaçmağa çalışırlar.

Bax, bu epizod da İran dövlətinin poqonlu qulluqçularının 27 yanvar teraktında əli olmasını təsdiq edir. Bundan əvvəl səfirliyin önündəki mühafizə köşkündə oturan polismen də əlisilahlı terrorçunun zərərsizləşdirmək, səfirliyə daxil olduqdan sonra onun ardınca getmək əvəzinə, arxayın bir şəkildə kiməsə zəng etməklə məşğul olmuşdu. Bədən dili üzrə ixtisaslaşmış hər kəs, eləcə də bu işlərdən az-çox baş çıxaranlar həmin şəxsin davranışlardan asanlıqla belə bir qənaətə gələ bilərlər ki, adam heç bir təlaş keçirmədən, intizarla gözlədiyi subyektin nəhayət gəlib çıxdığından məmnunluq duya-duya özündən vəzifəcə böyük birinə raport verir: “Gəldi, içəri keçdi, hazırda üzərinə düşəni etməklə məşğuldur”.

Bu adamı biz əvvəlki və sonrakı videolarda görmürük. Sanki onun vəzifəsi terrorçunu qarşılamaq, bir çətinliyi olarsa ona kömək etmək imiş. Ancaq Hüseynzadə ilk maneəni dəf etdikdən sonra o, əl-ayağa dolaşmamaq, hadisə yerində görünməmək üçün aradan çıxır.

Demək, İran dövlətinin poqonunu və silahını daşıyan şəxslər iki epizodda öz vəzifələrini yerinə yetirmir, terrorçunu himayə edir, ona səfirlikdə qırğın törətmək üçün şərait yaradırlar. Bütün bunlar təkzibedilməz video-faktlarla ortadadır. Heç cür danmaq, ora-bura yozmaq, başqa izahatlar vermək mümkün deyil.

Bunun qarşılığında biz nə gördük? Tehran polisinin şefi arsızcasına bəyan etdi ki, hadisə yerinə yetişən polis qüvvələri terrorçunu zərərsizləşdirib. Hansı polislər? Terrorçuya “gəl çıx da” deyə əl yelləyənmi? Maşını sürüb qaçanlarmı? Açıqca görünür ki, bu işi etməkdən ötrü avtomobildən enməyən polislər terrorçunu zərərsizləşdirmək fikrinə düşmürlər, ola bilər ki, yarıtmazlığına görə “haram olsun” deyə onu “zəhərləyib” gedirlər.

Hüseynzadəni zərərsizləşdirən Vasifin yeni ifadəsində daha bir detal var: “O, tam hazırlıqlı gəlmişdi. Onu tutandan sonra həmin şəxs iki atış açdı. İkinci güllə mənim çiynimdən dəydi. Özümdə güc topladım ki, bu binada ailələr, uşaqlar yaşayır, mənə bir şey olsa da, onlara heç nə olmasın. Bacardığım qədər onu çölə atmağa, polisə təhvil verməyə çalışırdım. Fars dilində də qışqırararq polisdən kömək istəyirdim”.

Polislər isə yaxşı anladıqları fars dilindəki haraya yetmir, iki darağı olan “Kalaşnikov”la, bir tapança ilə səfirliyə soxulmuş uğursuz “Rembo”nu dayandırmırlar. Bu detal da onu göstərir ki, adamın məqsədi ikinci mərtəbəyə qalxaraq mülki şəxsləri, qadınları və uşaqları öldürmək olub - əlbəttə, daha dəhşətli faciə və böyük xof yaratmaq üçün. (“Kalaşnikov” avtomatının iki darağında 60 güllə olur və onunla səfirlikdə olanların hamısını güllələmək mümkün idi).

Nə yaxşı ki, səfirliyin əməkdaşı Vasif Tağıyev avtomatın güllə darağını vaxtında çıxarmağa müvəffəq olub və məruz qaldığı tapança atəşlərindən yaralansa da, onu başından dəmir balonla vuraraq binadan çıxara bilib.

Yəqin ki, terrorçu məhz başından dəmir balonla vurulduğuna görə küçəyə qaçıb yaxınlaşan polislərə şikayət edirdi.

Bir sözlə, İran tərəfi öz əfəl “Rembo”suna görə xəcalət çəksə də, çəkməsə də, məsuliyyəti öz üzərinə götürsə də, götürməsə də, Azərbaycan tərəfi bu hadisəyə öz layiqli cavabını verdi, Tehrandakı səfirliyi qapadaraq bildirdi ki, İran etibar olunası qonşu deyil, orada elçilər və ailələri hər dəqiqə zavala gələ bilər.

 Musavat.com-un analitik qrupu




Ana səhifəyə qayıt        Baxış: 6 145          Tarix: 7-02-2023, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma