Xəbər lenti


 

“Hələ 2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəlişinin sübh çağında ağıllı adamlar ona Rusiya ilə hərbi-siyasi və iqtisadi ittifaqı saxlayaraq, iki kresloda oturmağa çalışmamağı, yəni Qərbə can atmağı tövsiyə edirdilər. Və onlar haqlı idilər - tarixdə az adam uzun müddət iki stulda oturmağı bacarıb. Təəssüf ki, Ermənistan hökumətinin başçısı əməli məsləhətlərə qulaq asmadı, istər Rusiya ilə, istərsə də Qərblə flört etməkdə davam etdi, nəticədə beynəlxalq ictimaiyyətin gözündə qeyri-ciddi liderə çevrilməyə başladı”.

 

 

Ovqat.com-un məlumatına görə, erməni müəllifi Tevos Arşakyan bu fikirdədir. Müəllif “Paşinyan yenidən iki stulda əyləşməyə çalışır: həm Rusiyanı, həm də Qərbi razı salmaq üçün” sərlövhəli məqaləsində yazır: 

 

“Ermənistanın baş naziri ayrı-ayrı paytaxtlarda müxtəlif vədlər verir, sonra isə belə qənaətə gəlir ki, onları eyni vaxtda həyata keçirə bilməz, - yerli politoloqlar baş nazirimizin hərəkətlərini belə təsvir ediblər. Nəticə etibarı ilə, bu, erməni dövlətlərinə qarşı qəddar zarafatdır - 44 günlük müharibə zamanı nə Rusiya, nə də Qərb erməni tərəflərinə əməli yardım göstərmədi.

 

Lakin son il yarımda Paşinyan, deyəsən, xarici siyasətdə əminlik nümayiş etdirməyə başlamışdı. Beləliklə, biz qərb platformalarında (Brüssel, Praqa, Münhen, Vaşinqton) Bakı ilə danışıqlara üstünlük verməyə başladıq, Fransa ilə daha da yaxınlaşdıq və nəhayət, Aİ-nin uzunmüddətli missiyasını ərazimizə dəvət etdik və bununla da öz təmayülümüzü göstərdik. Özü də sərhədimizə KTMT missiyası göndərmək istəyən Moskvaya “yox” deməklə.

 

 

Paralel olaraq, Ermənistan Rusiyaya qarşı getdikcə demarş etməyə başladı, xüsusən də KTMT sammitində yekun bəyannaməni imzalamamaqla, bu blokun təlimləri üçün öz ərazisini verməkdən imtina etməklə, dekabrda Mirzoyanı Moskvada planlaşdırılan üçtərəfli görüşə göndərməməklə və nəhayət, “Putinin NATO-su”nun baş katibinin müavini vəzifəsinə kvotadan imtina etməklə. Bütün bunlar həm Paşinyanın özünün, həm də komandasının üzvlərinin, ilk növbədə Alen Simonyan və Armen Qriqoryanın Moskva və KTMT-yə qarşı sərt ritorikası ilə müşayiət olundu.

 

Lakin son vaxtlar vəziyyət yenidən dəyişməyə başlayıb. Və görünür, Paşinyan yenidən iki stulda oturmağa çalışır. Bunu bir sıra məqamlar göstərir. Birincisi, İrəvan nədənsə KTMT baş katibini qəbul etməyə razılıq verdi. Üstəlik, iki gün dalbadala və ona ölkəni, məsələn, Cermuka səyahət etməyə icazə verdi. Nə üçün? Axı keçən il Cermuk düşmən atəşi altına düşəndə bizim müdafiəmizə KTMT-dən heç kim gəlmədi.

 

Sual olunur ki, KTMT-nin baş katibi, hətta prezidenti Azərbaycanı “qələbə və ərazi bütövlüyünün bərpası” münasibətilə açıq şəkildə təbrik edən Qazaxıstan nümayəndəsi Ermənistanda nə gəzirdi? Ona burada nə lazım idi?

 

İkincisi, birdən məlum olur ki, Ermənistan və Rusiya ticari əlaqələrdə dollar və avro ilə ödənişləri tamamilə dayandırıb. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları Ermənistandan malların tədarükünün artması ilə nəticələnib. Amma biz bu malları dünyada heç kimə lazım olmayan rublla alıb-satırıq. Niyə? Amerika və Avropa valyutası bizə lazım deyilmi? Yoxsa biz sadəcə Moskvanı razı salmaq istəyirik? Biz ötən ilin yekunlarına görə, Ermənistandan Rusiyaya tədarükü 4 dəfə artmağa nail ola bilmişik. Amma bunun müqabilində biz rubl alırıq və dünya ictimaiyyətinin qınaqını qazanırıq, çünki biz Rusiyanın qaydaları ilə oynamağa razılaşırıq.

 

Üçüncüsü, məlum oldu ki, bizim xarici işlər nazirimiz Ararat Mirzoyan martın 20-də Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gedəcək. Mariya Zaxarovanın sözlərinə görə, danışıqlar zamanı nazirlər “ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılan addımları” müzakirə edəcəklər.

 

“Müzakirədə regional məsələlər, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və ümumiyyətlə, Qarabağda Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin tələblərinin həyata keçirilməsi müzakirə olunacaq. Biz gözləyirik ki, qarşıdan gələn görüş Yerevanla dialoqun keyfiyyətinin yüksəldilməsinə, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlərə kömək edəcək”, - deyə Zaxarova bildirib.

 

Mən başa düşə bilmirəm, bu halda ki Rusiya Artsaxda təhlükəsizliyin təminatçısı kimi öz funksiyasını yerinə yetirməkdən imtina edir, açıq şəkildə Azərbaycanın tərəfini tutursa, onunla nədən danışmaq olar. Axı Lavrovun Moskvada azərbaycanyönümlü gündəmi sıxışdıracağı tamamilə göz qabağındadır. Yəni bizim üçün parlaq heç nə görünmür.

  

Paşinyanın daha bir iki stulda oturmaq cəhdi də var. O, Rusiyanın inadkar qucağından qurtulmadan Qərbə getməyə çalışır. Amma bu, Ermənistan üçün daha böyük təhlükələrlə doludur. Ən azı ona görə ki, bizi ikiüzlü hesab etmək olar. Və sonra Azərbaycanın Ermənistana qarşı yeni təcavüzü baş verərsə, bir daha bizə heç kim kömək etməyəcək. Silahlı qüvvələrimizdəki fəlakətli vəziyyəti nəzərə alanda, güclənmək əvəzinə beşinci kolon axtarırıqsa, Ermənistan dövlətçiliyinin özü tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər. Paşinyan əsas addımı atmağa qərar verməlidir - KTMT və Aİİ-dən çıxmaq və 100% Qərb inkişaf vektorunu elan etmək. Yalnız bu halda biz Qərbin anlayışına, onun dəstəyinə arxalana bilərik. Təəssüf ki, burada başqa variant yoxdur”.

 

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 163          Tarix: 17-03-2023, 07:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma