Vladimir Putinin Rusiyanın yeni Xarici Siyasət Strategiyasını təsdiqləməsi Kremlin üzləşdiyi strateji qırılmaları bərpa etməyə yönəlib.
Rusiyanın xarici siyasət cəbhələrini genişlətmək üçün təqdim edilən strategiya Moskvanın regional və qlobal siyasətini Qərblə kəskinləşən münasibətlər fonunda ambisiyalı saxlamaq üçündür.
Çünki budəfəki sənəd 2016-cı ildəki Xarici Siyasət Konsepsiyasından fərqli olaraq Qərbi daha artıq dərəcədə anti-Rusiya cəbhəsində yer alan və beynəlxalq sabitliyi pozan qüvvə kimi təsvir edir. Bu, NATO-nun 2022-ci ilin iyun ayında təsdiqlədiyi yeni strategiyaya adekvat cavab kimi başa düşülə bilər.
Deməli, Moskvanın növbəti hərəkətləri üçün istinad divarı olan sənəd Rusiya ilə Qərb arasında mübarizənin şiddətlənməsinə, tərəflərin başqa dövlətlərdən hibrid müharibə üçün proksi qüvvə kimi istifadə etmək cəhdlərinə mühüm “töhfə” verəcək.
Qərbin çətiri genişdir, o, NATO sistemini birləşdirici dəyər kimi inkişaf etdirir, lakin Rusiyanın müttəfiqləri, demək olar ki, yoxdur. Təklənən Rusiya Ukraynadakı müharibədən sonra özünə məxsus qırılan ipləri, əsasən, Çin və Hindistanla əlaqələri dərinləşdirməklə bitişdirmək niyyətindədir.
Qərb isə Rusiyanın alternativ axtarışlara başladığı zaman kəsiyini fürsətə çevirir və Moskvanın güclü nüfuz dairəsi yaratdığı postsovet məkanına əlini uzadır.
Beləliklə, Rusiya ilə NATO arasındakı didişmələr böhranları, münaqişələrin “həlli”nə dair yanaşmaları daha çox birqütblü siyasi düzən çərçivəsinə salır. Belə tendensiya mübahisələri sonlandırmaq əvəzinə, onun dairəsini genişləndirəcək.
Putinin təqdim etdiyi Konsepsiya güc amili rolu ilə beynəlxalq münasibətlərin tənzimlənməsinə vurğu edir və bunu Qərbin hibrid müharibəsi fonunda təsvir edir. Deməli, Rusiya nüfuz dairəsini əlində bərk saxlamaq üçün hərbi münaqişələri körükləməyə getməkdən bundan sonra da çəkinmədiyini əyan edir.
Qərb Rusiyanın üstün olduğu regionlarda özünün birbaşa hərbi müdaxilə etməsinin tərəfdarı deyil, buna görə də Moskvaya qarşı əməliyyatların fərqli istiqamətlərini inkişaf etdirir.
Bunun aşkar əlamətləri MDB məkanında müşahidə edilir. Cari tabloda Rusiya ilə Qərb arasında Ukraynadan sonra həmin region üzrə ən aktiv cəbhə Mərkəzi Asiya və Cənubi Qafqazdır. Rusiya bu bölgə üzrə iddialarını Gürcüstanın üzləşdiyi ərazi münaqişəsi kontekstində göstərir.
Rusiya Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyadakı qondarma rejimlərin Rusiya ilə dərin inteqrasiyasını dərinləşdirməsinin lehinə yardım edəcəyini bildirir. Görünür ki, Rusiya klassik “böl və idarə et” ənənəsinə yeni forma verərək onu ayaqda tutmaq üçün çox çalışacaq.
Kreml bu addımlarını Mərkəzi Asiyada, Xəzər dənizi regionunda da aktiv halda saxlayacaq.
Kreml yeni sənədlə postsovet məkanında əməkdaşlıq etdiyi dövlətləri Rusiyanın kölgəsi altında olan Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb etməyə çalışdığını göstərir.
Ancaq Rusiyanın postsovet zolağını anti-Qərb koalisiyası cəbhəsinə çevirə bilməsi real görünmür.
Buna görə də Rusiya alternativ variant kimi təzyiqləri gücləndirmək, münaqişəli məkanları canlı tutmaq səylərini artıra bilər.
Oxu.az
Paylaş: