Xəbər lenti

Azərbaycanın bir həftə ərzində baş verən iki hadisəni - əsgərlərə işgəncələr və bayraq təxribatını birləşdirərək Ermənistana qarşı həmlə strategiyasına yeni elementlər qatacağı şübhəsizdir. Baş verənlər Nikol Paşinyan administrasiyasının işini daha da çətinləşdirəcəkdir.

Əlverişsiz hava səbəbindən hərbi xidmət etdikləri Naxçıvan ərazisindən azaraq Ermənistana keçən iki hərbi qulluqçu ilə bağlı vəziyyət Bakı-İrəvan danışıqlarındakı gərginliyə əlavə yük vurur.

Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistanın əsirliyindədirlər, onlar işgəncələrə məruz qalırlar, lakin beynəlxalq təşkilatların bəyanatları çox sönük görünür. Burada təəccüblü bir şey yoxdur, Qarabağın və indiki Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycan haqsız tərəf kimi göstərilib və erməni millətçiliyinə haqq verən mövqelər dövriyyədə olub.

Azərbaycanlı əsirlərin humanitar qaydalara və beynəlxalq konvensiyalara zidd davranışlara məruz qalması sülh gündəliyi üzrə problemləri artıracaq.

Hücum strategiyasında yeni elementlər

Ancaq bu da məntiqlidir ki, Azərbaycanın beynəlxalq aləmdə və danışıqlar masasında hərbi-humanitar aspektlər üzrə əlini gücləndirəcək. 

Bu hadisənin hərarəti soyumamış Ermənistanda daha bir təxribat yaşandı - İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına hücum edildi. Hadisə Ermənistanın beynəlxalq və mötəbər tədbirlərə ev sahibliyi etmək statusunu əlindən alan prosesə çevrilə bilər.

Azərbaycanın bir həftə ərzində baş verən iki hadisəni - əsgərlərə işgəncələr və bayraq təxribatını – birləşdirərək Ermənistana qarşı həmlə strategiyasına yeni elementlər qatacağı şübhəsizdir. Həqiqət budur ki, Azərbaycan danışıqların nəticələrini istədiyi kimi sona çatdırmaq üçün Ermənistana təzyiqlər etdikcə və İrəvan ikibaşlı mövqe sərgilədikcə sülh proqramına xələl gətirilən hadisələr də olacaq. 

Paşinyan böyük dilemma qarşısında

Sülhə aparan yol ilkin stereotiplərin dağılmasıdır, bu, daha çox milli-mənəvi dünyadakı dəyişikliklə əlaqədar olmalıdır. Ermənistan hakimiyyətində və erməni cəmiyyətində isə revanş üçün maksimalist mövqe qalmaqdadır, hərçənd getdikcə bunun əlçatmaz olduğunu başa düşəcəklər.

Ermənistanda müharibənin tərəfdarı olanlar emosiyaları qızışdırdıqca, Nikol Paşinyan administrasiyasının işi çətinləşir. Baş nazir böyük dilemma qarşısındadır – bir tərəfdən Azərbaycanın təzyiqləri, digər yandan isə erməni cəmiyyətindəki əhval-ruhiyyənin onu sıxışdırması.

Son hadisələrdəki millətçilik-daşnak motivlərinin özünü aydın göstərməsi Azərbaycana danışıqlarda təqdim edəcəyi arqumentləri çoxaldır. Sülh gündəliyinin effektiv nəticələr hasil etməsi üçün birinci növbədə Ermənistandakı anti-Azərbaycan ovqatında redaktələr edilməlidir. Əks təqdirdə Azərbaycan hərbi-siyasi addımlarla erməni cəmiyyətinin gözündəki od-alovu söndürəcək.

Azərbaycan onsuz da Ermənistan üzərində böyük üstünlüklərə malikdir, lakin erməni cəmiyyətinin qorxusu bir az ələ fürsət düşən kimi qəfil şəkildə qisasçılıq hissi ilə əvəzlənir. Deməli, Ermənistan tərəfdən ara-sıra eşidilən sülh səsləri sürüşkən xarakterə malikdir, sadəcə, vaxt qazanmaq üçün ortaya atılan ideyalar toplusunun bir qismidir.

Azərbaycanın alternativ variantlar.

Revanşist hisslərin sönməməsi Azərbaycanı alternativ variantlara sövq edir və Bakı məcburdur ki, sərhədlərin delimitasiyasından tutmuş bir çox digər əməliyyatları fərqli formada həyata keçirsin. Yalnız bundan sonra revanşizm də, Ermənistanın dövlət siyasətindəki qeyri-müəyyənlik də təhlükəsiz məsafələrə çəkilə bilər. Hələ ki, danışıqlar üçün imkanlar tükənməyib və kanallar qapadılmayıb. Müsbət cəhət odur ki, Azərbaycanla Ermənistan bəzi problemlərin həllində müəyyən mexanizmləri gücləndirməyə çalışır. Ancaq Ermənistan sülh proqramında irəliləyiş üçün müəyyən edilmiş qrafiklərə əməl etməli və sərhəddə insidentlərdən çəkinməlidir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər rəsmi Bakının tələb və şərtlərini yerinə yetirməli, təmaslar üçün düzgün mövqedə dayanmalıdır.

Ermənistan və Qarabağdakı erməniləri ruhlandıran kənar qüvvələr Azərbaycana qarşı xırda xallar qazanmağa cəhd etməməlidir. Təcrübə göstərir ki, bunun faydası yoxdur. Bütün bunlar danışıqların konseptual istiqamətlərini təşkil edir, ancaq maraqlı olan budur ki, həmin ümumi ideyalardan hansı detallar çıxır. Bu detallar əsasən iki mərkəzdə - Rusiyada və Avropa İttifaqında müəyyən edilir və hərəsinin öz xarakteri mövcuddur. Son zamanlar isə bu tendensiyaya ABŞ də aşkar şəkildə qoşulub.

Azərbaycan üçün Rusiya mərkəzli danışıqlar ona görə əhəmiyyətlidir ki, 10 Noyabr Bəyanatının icrası üzrə Moskvanın öhdəlikləri xatırlansın və Kremlin üzərinə məsuliyyət qoyulsun. 10 Noyabr Bəyanatı ümumilikdə postmünaqişə dövrünün hərbi-siyasi və təhlükəsizlik, iqtisadi aspektlərini təyin edən baza sənəddir.

Avropa İttifaqı və ABŞ isə daha çox humanitar məsələlərin həllində mühüm rol oynayır, hərçənd artıq onların da ambisiyaları genişlənib və hərbi ölçü almağa başlayıb. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası regionda vəziyyəti tarazlaşdırmaq əvəzinə, daha da gərginləşdirir, çünki Rusiya Qərbin bölgədəki aşkar iştirakına fərqli yollarla cavab verə bilər.

Proqnozları ümumiləşdirsək deyə bilərik ki, Azərbaycanla Ermənistan arasında insidentlər davam edəcək və bunun hərbi ölçüləri daha çox sərhəddə özünü göstərəcək. Lakin danışıqlar da bu proseslərin davamı kimi gündəmdə qalacaq.

Kaspi.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 895          Tarix: 21-04-2023, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma