Xəbər lenti

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın xarici siyasətindəki “qara qutu” Əli Şamxani vəzifəsindən kənarlaşdırıldı.

Şamxaninin vəzifədən uzaqlaşdırılması İrandakı radikal hərbi-siyasi dairələrin kəskin baxışlarının xarici siyasətdə praqmatik baxışlara üstünlük verən şəxslər üzərindəki qələbəsidir.

Şamxaninin xələfi Əli Əkbər Əhmədiandır, onun tərcümeyi-halından görünür ki, diş həkimliyi ixtisasına yiyələnməkdən İran-İraq müharibəsindəki iştiraka, daha sonra SEPAH-ın komandanına qədər məsafə qət edib.

İranda radikal qüvvələr xarici siyasətdə liberal mövqedə duranlara çox şans vermək istəmirlər, bunun səbəbləri odur ki, molla rejiminə daim düşmən obrazı lazımdır.

Şamxani İranın idarə edilməsində iştirak edən mühafizəkarlar tərəfindən keçmiş prezident Həsən Ruhaninin qalığı kimi qələmə verilirdi, onun Səudiyyə Ərəbistanı ilə əlaqələrdə səhifə açan fiqura çevrilməsi radikalların ürəyincə deyildi.

İrandakı sərt xətt tərəfdarlarının Əli Şamxani ipini qırması üçün yaradılan informasiya zəminlərinə diqqət etmək lazımdır, o, hələ casusluqda ittiham edilərək edam olunan keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin hamisi kimi qələmə verilirdi.

Nə var idi ki, Şamxani müdafiə naziri olarkən Əkbəri onun müavini olub, daha sonralar isə Əkbəri Böyük Britaniyanın xeyrinə casusluq edib və buna Şamxani yaşıl işıqlar yandırıb.

Başqa bir detal da var: İran rejimin insayderləri kimi Şamxaninin iki övladı - Həsən və Hüseyn - ilə də “vurulub”, onların iri gəmiçilik şirkətləri də daxil olmaqla böyük biznes sahibi olmaları barədə xəbərlər dövriyyədə olub.

Buna baxmayaraq, Şamxani İranın xarici siyasətində parlayan ulduza çevrilirdi, ancaq onun Körfəz ölkələri ilə rahat münasibətlər qurmaq bacarıqları həzm olunmurdu. Bu da onun öz xoşu ilə deyil, sıxışdırılaraq istefaya getdiyini arqumentləşdirə bilən göstəricidir.

Yox, o fikir də düzgün olmaz ki, İran dövləti bütünlüklə Səudiyyə Ərəbistanı və digər region dövlətləri ilə münasibətlərin nizamlanma öhdəliyini Şamxaninin monopoliyasına vermişdi. Məsələ burasındadır ki, ali rəhbərlik və SEPAH Şamxaninin daha çox kredit qazanmasının qarşısını aldılar, çünki xarici siyasətdə heç bir halda şəxslər üzərindən müstəqil kurs yürüdülməsi Tehran üçün qəbuledilməzdir.

Şamxaninin əvəzedicisinin SEPAH (Şamxani özü də SEPAH-da qulluq edib) tərəfindən idarəolunan “raket” olması bir sıra mühakimələr üçün açardır.

İran, görünür ki, xarici siyasətdə radikal addımları üstün tutur, hətta balanslaşdırıcı loyal münasibətləri belə, arxa plana atmaqdan çəkinmir.

Şamxani son zamanlar Azərbaycanla münasibətlərin də tənzimləyicisi qismində yeni rol alırdı, rəsmi Bakının tələb etdiyi “Hüseyniyyun dosyesi” belə, Ali Milli Təhlükəsizlik Şurasına həvalə edilmişdi. Lakin SEPAH həmin qovluğu yenidən öz əlinə aldı və beləliklə Şamxaniyə “Azərbaycanla münasibətlərdə əsas söz bizimdir” mesajı verildi.

Düzdür, indi Şamxani Ali Rəhbərliyin Məqsədinin Tanınması və Siyasi Məsləhət Şurasının üzvü təyin edilib, amma bu, onun İran xarici siyasətindəki gizli əl olan Ali Milli Təhlükəsizlik Şurasındakı keçmiş vəzifəsindən sonra formal xarakter daşıyır.

Hərçənd, sual olunur ki, görəsən, İrandakı kadr dəyişikliklərindən sonra Şamxani daha mühüm vəzifəyə təyinat ala bilərmi? Bu suala cavabı birmənalı göstərmək çətindir, lakin belə bir proqnoz üçün əsas var ki, Şamxaninin gedişi İranın xarici siyasətdə daha mühafizəkar bir istiqamətə doğru irəliləməsində özünü göstərəcək.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 5 993          Tarix: 23-05-2023, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma