Xəbər lenti

İyunun 1-də Avropa İttifaqının (Aİ) Kişinyovda Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə “böyük görüş” keçiriləcək. Bir çox müşahidəçilər, politoloqlar, həmçinin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu görüşdə nəhayət, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana

biləcəyini söyləmişdilər.

Lakin çox keçmədən əvvəlcə Ermənistan XİN başçısı Ararat Mirzoyan, daha sonra isə Paşinyanın özü bu məlumatı təkzib etdi. Paşinyan ümumiyyətlə, ortada hazır imzalanacaq sənədin olmadığını bildirdi.

Ardınca məlum Moskva görüşü də daxil olmaqla, hər imkanda yenə Azərbaycanın ünvanına əsassız ittiham və iradlar səsləndirildi. Belə bir mənzərənin fonunda Kişinyov görüşündə sülh müqaviləsinin imzalanmasına ümid etməyə dəyirmi?

Digər yandan N.Paşinyan bu gün İrəvanda keçirilən forumda deyib ki, getdikcə Ermənistan üçün xarici siyasətdə manevr sahəsi və imkanları daralır. O, bunu deyərkən Ukrayna mövzusunu əsas gətirsə də, Ermənistanın xarici siyasətdəki başlıca probleminin məhz Azərbaycanla münasibətlər və Qarabağ mövzusu olduğu şübhəsizdir. 

Məsələ ondadır ki, Paşinyan Azərbaycanla razılıq əldə olunması istiqamətində Qərbin İrəvana təzyiqini getdikcə daha çox hiss etməyə başlayır. Məsələn, Aİ Prezidenti Şarl Mişel son bəyanatında Qarabağdakı erməniləri “keçmiş dqr-in erməni sakinləri” adlandırıb.

Əvvəllər Qarabağ erməniləri bu cür “aşağılanmırdı”... 

ABŞ Dövlət Departamenti isə Prezident İlham Əliyevin Qarabağdakı qondarma qurumun başçılarına amnistiya verilməsinin mükünlüyü barədə bəyanatını yüksək qiymətləndirdiyini bildirib. 

Göründüyü kimi, hər iki mərkəzin mövqeyində Qarabağdakı ermənilərə hansısa beynəlxalq təminat və s. barədə bir kəlmə belə deyilmir. Demək olar ki, təkcə bu iki fakt və yanaşma Qərbin birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü sual altına almadığını və Qarabağdakı ermənilərin taleyinin də Azərbaycanın suverenliyi çərçivəsində həll edilməsini qəbul etdiyinin göstəricisi sayıla bilər.

Təbii ki, bütün bunları Paşinyan hakimiyyəti də görür və anlayır. Onun bu gün “xarici siyasətdə manevr imkanlarımız daralır” deməsinin arxasında həm də bu amil durur. Ancaq digər yandan, daxili siyasətdəki problemlər, revanşist qüvvələrin və diasporanın təzyiqləri, erməni elektoratının radikallaşması qorxusu Paşinyanı mümkün qədər vaxt uzatmağa, prosesi “süründürməyə” vadar edir. Sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, bu sənədi imzalamamaq üçün Paşinyanın əlindəki yeganə “kozır” isə Qarabağdakı ermənilərə beynəlxalaq təhlükəsizlik təminatı tələbidir.

Ermənistan Baş naziri yaxşı bilir ki, Azərbaycan geri çəkilməyəcək və hər hansı beynəlxalq təminatdan söhbət gedə bilməz. Buna baxmayaraq, tələbində durur və prosesi uzadır. Özü də bilə-bilə ki, bu süründürməçilik istənilən an Azərbaycanın səbrini daşıra və Xankəndində xüsusi əməliyyat keçirməsinə zəmin yarada bilər. Necə ki, Azərbaycan Prezidenti artıq ötən gün Laçında dolayısı ilə bunun anonsunu verdi.

Bəs Paşinyan nəyə ümid edir və nəyi gözləyir?

Məsələ ondadır ki, nə qədər paradoksal görünsə də Xankəndində Azərbaycanın xüsusi əməliyyat keçirməsində az qala bizim qədər də Paşinyan hakimiyyəti maraqlı görünür. Çünki Azərbaycan tərəfindən hərbi güc tətbiq ediləcəyi və separatçılar tərkisilah olunacağı təqdirdə artıq heç kim Paşinyanı satqınlıqda ittiham edə bilməyəcək.

Çoxları Paşinyanı hər nə qədər siyasi cəhətdən səbatsız və naşı hesab etsələr də, Ermənistanın Baş naziri 44 günlük müharibədən özü, öz hakimiyyəti üçün lazım olan bəzi doğru nəticələr çıxarıb. O, gördü ki, erməni cəmiyyəti və onun rəqibləri Paşinyanı real müharibəni uduzduğuna görə yox, daha çox 9 noyabr sazişini – kapitulyasiyanı imzaladığına görə ittiham etdi.

Baş nazirin canında qalan bu qorxu indi də ona tarixi yükü olan sülh müqaviləsini imzalamağa imkan vermir. O, bilir ki, sözügedən sənədi imzalayacağı təqdirdə böyük yükün altına girəcək, növbəti dəfə satqın elan olunacaq və yenə hakimiyyətinə böyük təhlükə yaranacaq. Azərbaycanın Xankəndində nəticəsi əvvəlcədən bəlli olan əməliyyat keçirəcəyi təqdirdə isə erməni cəmiyyətinin gözündə Paşinyandan başqa hər kəs günahkar olacaq – “aqressiv” Azərbaycan, satqın Rusiya “sülhməramlısı”, ikiüzlü Qərb, “düşmən” Türkiyə və sair. Beləliklə, “dirəniş göstərən” Paşinyan həm Qərbin təzyiqləri, həm də daxili aqressiv elektorat qarşısında özünü “ağa çıxarmış” olacağını düşünür.

Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti son ana kimi “Qarabağdakı ermənilərin təhlükəsizliyinə beynəlxalq təminat verilməyənə qədər” bəhanəsindən əl çəkməyəcək və sülh müqaviləsini imzalamaqdan yayınacaq. Ona görə iyunun 1-dəki görüşdən də ciddi nəticə gözləməyə dəymir. Bu isə həm də o deməkdir ki, “Xankəndi əməliyyatı”nın addım səsləri daha aydın eşidilməyə başlayır...

C.Məmmədov

“AzPolitika.info”




Ana səhifəyə qayıt        Baxış: 4 911          Tarix: 31-05-2023, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma