Xəbər lenti


Hiss olunur ki, ABŞ Ukraynanı atəşkəs elan edib danışıq masasına oturtmaq istəyir. 

 

Ötən ayın əvvəlində Ukraynaya gizli səfər edib Kiyevin əks-hücum əməliyyatı planı ilə maraqlanan MKİ direktorundan sonra bu gün ABŞ Ordusunun Baş Qərargah rəisi Mark Milli də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnıya zəng edib.

 

İddiaya görə, o, həmsöhbətinə deyib: "Ukraynanın əks-hücumu çox uzun və qanlı olacaq".

 

Mark Millinin bu xəbərdarlığı təsadüfi deyil. MKİ direktoru Börnslə görüşdə Ukrayna rəsmilərinin açıqladığı yeni hərbi strategiyaya görə, Kiyev payıza qədər ölkənin cənub   və şərq bölgələrini rus işğalından qurtacaq, beləcə, Krımı faktiki olaraq "girov" götürəcək. Ardınca da Rusiya ilə danışıqlar masasına oturacaq və onu ciddi güzəştlərə getməyə məcbur edəcək.

 

Görünür, Börnsün Vaşinqtona qayıtmasından sonra Pentaqon yetkililəri Ukraynanın yeni layihəsini müzakirə edib və onu bölgədən gələn xəbərlərlə tutuşdurub hərbi strategiyadan çox, "Məlik Məmməd" nağılına oxşadığına qərar veriblər. Milli də reallığı Zalujnının diqqətinə çatdırmaq üçün ona zəng edib.

 

Əslində Pentaqonun mövqeyini anlamaq o qədər çətin deyil. Başda ABŞ olmaqla, bütün NATO ölkələrinin Ukrayna savaşından əsas hədəf və gözləntiləri Krımın rus işğalından təmizlənməsidir. Çünki Qara dənizin şimal sahillərindən başlayıb ortasına qədər uzanan bu yarımada hərbi-strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, yarımada kimin əlində olarsa, Qara dənizin şimal sahillərində o, çox geniş ərazi suları ələ keçirəcək. Ukraynanın yeni hərbi strategiyasında isə Krımın faktiki işğaldan azad edilməsi yox, Rusiya ilə müzakirə masasına yatırılması nəzərdə tutulur. Rusiya isə yeri gəlsə, Moskvanı əldən verər, Krımı yox. Zira Krım onun isti dənizlərə açılan ən önəmli qapısıdır. İsti dənizlərə çıxa bilməyən qüdrətlər isə müasir çağımızda super dövlət olmağa iddia edə bilməzlər.

 

Üstəlik, Qara dənizin ortasında daşınmaz nəhəng təyyarə gəmisi kimi dayanan Krımı heç bir silahla sulara qərq etmək mümkün deyil. Ən əsası, möhkəm qayalardan təşəkkül tapan yarımada, üzərində hərbi limanlar yaratmaq üçün əlverişli məkan xarakteri daşıyır. Onun alternativi Novorossiysk limanıdır ki, zəmini qumsallar üzərində qurulan bu məkan əslində hərbi liman kimi o qədər də münasib deyil. Bu baxımdan Krım Rusiya üçün hərbi logistik baza kimi də əvəzedilməz yerdir.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Ukraynanın Börnsə təqdim etdiyi yeni hərbi strategiyada ölkənin şərqinin ələ keçirilməsi, uzaqbaşı Azov dənizinin sahillərinə qədər irəliləmək hədəflənir. Düzdür, Azov dənizinin sahillərində Ukraynanın Melitopol, Mariupol, Berdyanski kimi nəhəng şəhərlər yerləşir. Amma bu şəhərlər Ukrayna üçün hansısa anlam daşıyır. ABŞ üçün isə hamısı bir yerdə Sevastopol, Yalta, Evpatorya, Feodosiya kimi hərbi strateji əhəmiyyətli bölgələri əvəz edə bilməz. 

 

Ayrıca Krımın kimin əlində olması Azov dənizin də sahibinin kimliyini müəyyənləşdirəcək. Çünki Azovdan Qara dənizə, dolayısıyla həm də Aralıq dənizinə çıxış Kerç boğazı vasitəsilədir. Boğazın bir yaxası Rusiyanın qitə hissəsində, digər yaxası isə Krım ərazsində yerləşir. Təbii ki, Kerç boğazı tamamilə Rusiyanın nəzarətinə keçərsə, Ukrayna Azov dənizindən Qara dənizə çıxışını da itirəcək. Hətta Azov sahillərini işğaldan azad etsə belə. Beləcə, Azov Ukrayna üçün Rusiya ilə bölüşdüyü gölə, Rusiya üçün isə isti sulara çıxa biləcəyi dənizə çevriləcək.

 

Sözsüz ki, ABŞ bu mütəvazi hədəflər üçün daha 10 milyardlarla dollar xərcləmək istəməz. Onsuz da indiyədək 75-80 milyard dollar xərcləyib. 

 

Dərd isə burasındadır ki, əks-hücum əməliyyatlarında ona bəslənən ümidlərini doğrulda bilməyən, gündə ən yaxşı halda 200-500 metr irəliləyən və böyük itkilər verən Ukrayna indiki vəziyyətində danışıqlar masasına oturdulsa, güzəşt qoparan yox, güzəşt verən tərəf olacaq.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 011          Tarix: 1-07-2023, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma