Bir şey aydındır ki, KQB “mogikan”ı üsyanı bələkdə boğa bilməməsi ilə öz avtoritetinə zərbə vurdu; Natiq Cəfərli: “Onun üçün yaxın 1 ildə çox pis və pis ssenari görünür”
Rusiya lideri Vladimir Putin 10 gün öncəki hərbi qiyamın “altında” qalan nüfuzunu xilas etmək, geri qaytarmaq üçün səylərini davam etdirir. Bu mümkün olacaqmı, cavabını demək çətindir. Bir şey aydındır ki, Putin kimi bir KQB “mogikanı”nın üsyanı bələkdə boğa bilməməsi onun avtoritetinə zərbə vurub. Bu isə gələn ilin martında gözlənilən prezident seçkilərində özünü mütləq neqativ tərəfdən göstərəcək, əgər təbii ki, Kremlin hazırkı başçısı həmin seçkilərə qatılsa və ya qatıla bilsə...
Son məlumatlara görə, hakimiyyət həm də Ukrayna savaşında ciddi zərər görən imicini düzəltmək məqsədilə yenidən təbliğat vasitələrinə əl atıb. Rusiyada təbliğata, kremlpərəst sənətçilərə əlavə yarım milyard rubl ayrılıb. Rusiya bu məqsədlə müxtəlif layihələrə səxavətlə pul xərcləməkdə davam edir. Təbii ki, başqa kontrplanlar də ediləcək. “Bundan sonra Sergey Şoyqu və digər generallar işdən çıxarıla bilər. Əlbəttə, onlar üçün daha ağır ssenarilər də mümkündür”. Bunu amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl “Vaqner” hərbi şirkətinin silahlı qiyamı zamanı baş verən proseslərlə bağlı müsahibəsində deyib.
“Putin niyə Priqojini bağışladı, axı o, qiyamı vətənə xəyanət kimi qiymətləndirmişdi” sualına Qobl belə cavab verib: “Putinin Yevgeni Priqojini bağışladığını düşünmürəm. Sadəcə, anladı ki, "Vaqner"ə qarşı radikal addım ona baha başa gələ bilər".
Bəs bundan sonra müdafiə naziri Sergey Şoyqu və “Vaqner” rəhbəri Yevgeni Priqojinin taleyi necə olacaq? Pol Qoblun cavabı: “Biri öləcək, digəri qəhrəman olacaq. Bunu əminliklə deyirəm. Amma hansının taleyinin necə olacağını konkret olaraq proqnozlaşdırmaq çətindir. Ukrayna üçün yaxşı fürsət yaranıb”.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti, qondarma “Donetsk Xalq Respublikası”nın sabiq “müdafiə naziri” İqor Girkin isə hesab edir ki, Rusiyada yeni qiyam uzaqda deyil. Onun fikrincə, “Vaqner” qiyamına görə heç kimin cəzalandırılmaması Rusiyadakı bəzi qüvvələri yenisinə həvəsləndirir. Girkin bildirib ki, “Vaqner” qiyam zamanı 6 helikopter, 1 təyyarə vurub, 10-dan yuxarı hərbi pilotun həyatına son qoysa da, buna görə qiyamçılar nəinki cəzalandırılmayıb, əksinə, onlara tam hərəkət sərbəstliyi verilib: “Üstəlik, Priqojin Rusiyanın sərhədini sərbəst keçir, Peterburqda yaşayır, hakimiyyət isə "belə də lazımdır" görüntüsü yaradır. Qiyam vaxtı özünü adekvat aparmayan, qorxaqlıq edən bir vəzifəli şəxs belə işdən azad olunmayıb, xaricə qaçan ali dövlət xadimləri - hamısı öz yerində qalmaqdadır. Prezidenti xatırladan şəxsin (Putinin - red.) dilindən onları töhmətləndirən bir kəlmə, bir işarə belə səslənmədi". İ.Girkinə görə, məhz cəzasızlıq Rusiyada tezliklə yeni qiyamları stimullaşdıracaq: “Növbəti üsyan uzaqda deyil, cəbhədə iri məğlubiyyətə bağlıdır - baş verəndə qalxan üsyana qarşı heç kim çıxmayacaq. Çünki hamı gördü ki, hakimiyyəti qorumaq üçün qiyamçılara qarşı çıxıb həyatlarını itirənlərə heç kim qiymət vermədi. Onları öldürənlər cəzalandırılmadı. Adi özünüqoruma instinktini belə itirmiş şəxslərin rəhbərlik etdiyi ölkəni xilas etmək mümkün deyil”.
Bu arada “Vaqner” qüvvələri olmadan Ukraynada döyüşmək Rusiya üçün asan olmayacaq. “Hazırda və yaxın gələcəkdə "Vaqner" təşkilatının xüsusi hərbi əməliyyatlar zonasını tərk etməsi ilə əlaqədar yeni səfərbərlik dalğasına ehtiyac yoxdur". Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov isə belə deyib. “Yeni səfərbərlik dalğası tələb olunmayacaq. Rusiya Federasiyasının Prezidenti aydın və konkret şəkildə bildirib ki, yeni səfərbərlik olmayacaq. Hərbi qulluqçuların müqavilə əsasında planlı cəlb edilməsi aparılır, bölmələrin formalaşdırılması və hazırlanması gedir”, - deyə o qeyd edib. Putin növbəti prezident seçkilərinə bir ildən də az vaxt qalmış (mart, 2024) müddətdə öz zədələnmiş imicini bərpa edə biləcəkmi? Ümumiyyətlə, növbəti seçkilərə qalacaqmı? Priqojin qiyamından sonra hadisələrin üstündən bu cür sükutla keçiləcəkmi, ya qarşıda kimlərisə cəza gözləyir?
Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, bundan öncə və elə indi də belə hadisələr tez-tez Afrika ölkələrində olurdu, qonşu ölkələr araya girir, qan tökülməsinin qarşısını alırdı: “Hətta belə ölkələrə, "banan respublikaları", deyirdilər. İndi eyni hadisə Rusiyada oldu, ölkənin, Putinin onillərdir yaratdığı “maço” obrazı, “hər şeyə o nəzarət və idarə edir” tezisi çökdü. 23 ildir yaradılan, “xalq Putini, hakimiyyəti sevir və dəstəkləyir” tezisi də çürüdü - Putin səhər bu hadisəyə “qiyam” deyir, ölkəni qorumağa çalışır, Priqojinin dəstəsinin qarşısına isə xalq çıxıb onları dayandırmağa çalışmır. Məsələn, Türkiyədə hələ də müxtəlif suallar doğuran çevriliş cəhdi olanda Ərdoğanın bir sözü ilə yüzminlərlə vətəndaş küçəyə çıxmışdı".
N.Cəfərlinin fikrincə, Kreml təbliğatçıları cidd-cəhd edərək, “müdrik Putin” obrazı yaratmağa çalışırlar, amma alınmır: “O, səhər "qiyam, cinayət, cəza" dediyi hadisəyə, onlarla əsgərini qətl edən, təyyarə, helikopter vuran biri ilə axşam anlaşır, cinayət işi bağlanır, baiskar azadlıqda qalır - bu, müdriklik yox, oyuncaq dövlət, “banan respublikası” görüntüsü verir. Nəticə isə budur: Priqojinin gələcək taleyi müəmmalıdır, amma “Mavr öz işini gördü, Mavr gedə bilər”, yəni artıq bunun bir anlamı yoxdur. Çünki elita Putinin acizliyini gördü, artıq onun üçün yaxın 1 ildə (gələn il seçki ilidir) çox pis və pis ssenari görünür. Pis ssenari odur ki, gedir, amma özünə “varis” təyin edib rahat dincəlməyə gedir (Borya Volodyanı təyin edən kimi), çox pis ssenaridə isə varisi elita anlaşıb təyin edir, Putin isə hər şeyin günahkarı kimi elan edilib cəzalandırılır. Yəni onun üçün yaxşı ssenari görünmür".
Siyasi şərhçi Ramiyə Məmmədova əlavə edir ki, Priqojinin tələbi Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin vəzifədən uzaqlaşdırılması idi: “Bu da baş vermədi. Nə Şoyqu işdən azad edildi, nə Priqojinə təzyiq göstərildi. İndi onun gah Belarusda, gah Rusiyada olduğu xəbərləri tirajlanır. Bu hadisələrdə Lukaşenkonun imici yüksəldi. Çünki Putinin yox, məhz "Batka"nın telefonunu açaraq onu eşitdi və qiyamı dayandırdı. Yəni Rusiya lideri həm də bu aspektdən imicinə zərbə yemiş oldu. Amma fikrimcə, Vladimir təmkinlidir və zamanı gözləyir. Əgər bu ağır proseslərdən çıxa bilsə, günün birində Priqojinin öldürüldüyünü eşidəcəyik. Şoyquya gəlincə, əməliyyatların gedişində onu istefaya göndərməz və etimadsızlıq formalaşdırmaz".
Təhlilçiyə görə, faktiki olaraq, Rusiya prezidenti Ukraynada işğalçı müharibəsinə başlamaqla bir il beş ayın içərisində savaşı öz içində gördü: “Yəni od düşdüyü yeri yandırır. Putin Donbas əhalisini müdafiə adı ilə başladığı işğalçı əməliyyatların ortasında görməkdədir ki, "Vaqner" onun ordusu ilə çiyin-çiyinə döyüşməkdən imtina edib, tankları Rostov küçələrində var-gəl edirdi, Voronejdən Moskvaya kolonlar varıydı, xalq qiyama “yox” demədi, komandada narazılıq artmaqdadır, Ukrayna cəbhəsində isə iriqmiqyaslı nəticələr, hərbi uğurlar görünmür. Bu, Putinə lazım idimi? Ona görə gələn seçki ağır keçəcək. Lavrov da bugünlərdə təsdiqlədi ki, Qərb seçki ərəfəsində Rusiyanı qarışdırmağa hazırlaşır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Paylaş: