Xəbər lenti

Ötən gün diqqət yenə Rusiya paytaxtına yönəlmişdi. Brüssel sammitindən on gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan üçtərəfli formatda görüşdülər.

Bakı ilə İrəvan arasında normallaşma prosesi, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarla bağlı Rusiya ilə Qərb arasında müəyyən rəqabətin getdiyi ortadadır. Brüssel görüşü davam etdiyi dövrdə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı qeyri-müəyyən açıqlama verərək Moskvada XİN başçılarının üçtərəfli görüşünü keçirməyə hazır olduqlarını tələsik bəyan etmişdi.

Moskvada diplomatların üçtərəfli görüşündə də Azərbaycan və Ermənistan arasında həlli vacib məsələlərə dair qeyri-adi hadisə baş vermədi. Rusiya paytaxtında ikitərəfli görüşlər, çıxışlar, açıqlamalar oldu.

Sergey Lavrov bu il Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsinin planlaşdırıldığını bildirdi. O, 3 ölkənin parlamentariləri arasında da görüşlərin başlamasını təklif etdi. Lavrov “Moskva Bakı ilə İrəvan arasında böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaq sülh müqaviləsinin imzalanmasını gözləyir” deməklə yenilik etmədi. Çünki iki ölkə arasında belə sənədə qol çəkilməsində maraqlı olanların hamısı oxşar bəyanatlar verir. Düzdür, S.Lavrov bununla həm də bildirmək istəyib ki, guya Rusiya da sülh tərəfdarıdır.

Rusiya XİN başçısı görüşün yekunu olaraq vurğuladı ki, rəsmi İrəvan Qarabağdakı ermənilərin Azərbaycan nümayəndələri ilə mümkün qədər tez görüşməyə razı salmağın zəruriliyini başa düşür. Ancaq istər Brüssel, istərsə də Moskva görüşü qabağı İrəvanda və Azərbaycanın Xankəndi şəhərində keçirilən mitinqlər S.Lavrovun verdiyi nikbin açıqlamanı alt-üst edir.

Görüş ərəfəsində baş verən hadisələrə qısa nəzər salaq; İrəvanda və Xankəndində Azərbaycana qarşı mitinqlər keçirilir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları separatçıların tör-töküntülərinin yenə mənşəyi məlum olmayan yükünü, yaxud hərbi avadanlığını müşayiət edib. İrəvandan naməlum yüklə dolu TIR-lar Laçın yolundan keçməklə Xankəndinə getmək üçün yola salınıb.

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də, Moskvada görüşdən bir neçə saat əvvəl mətbuat konfransı keçirərək bir sıra reallığı əks etdirən açıqlamalar verib. Onun çıxışından bəzi nümunələrə nəzər yetirək - “Ermənistanı daim münaqişə vəziyyətində yaşamağa çağıranlar onun mövcudluğunu sual altına qoyur”, “İstənilən vəziyyətdə dövlət problemlərini həll edərkən “rus çarına məktub” janrına əl atmağı dayandırmalıyıq”, “Moskva diplomatik dildən tərcümədə deyir: 30 ildir müstəqillik əldə etmiş ölkəsiniz, müxtəlif məsələlərlə bağlı Moskvaya nə qədər müraciət etmək olar. Amma biz buna öyrəşmişik. Hətta rus çarına məktub “janr”ımız var. Biz nə vaxta qədər belə yaşaya bilərik?!" və s. Bu kimi açıqlamalarla o, regional məsələlərə real yanaşan, xüsusən Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləyən, sülh müqaviləsinin imzalanmasını istəyən sülhsevər və praqmatik hökumət başçısı təəssüratını yaratmaq istəyib.

Onun doğrudan sülhsevər olmasını kölgədə qoyan məsələlər də var: İrəvandan Xankəndiyə yola salınan “yüklər”, İrəvanda sülh prosesinə mane ola biləcək, Azərbaycana təzyiq məqsədi ilə təşkil olunan mitinqlər, Laçın yolu ilə qaçaqmal daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin müdafiəsi, Ermənistanın yerli əhalisi olan qərbi azərbaycanlıların vətəndaşlıq hüququnu danması, yaxud onu yersiz arqumentlə ört-basdır etməyə cəhd göstərməsi, sülhməramlıların müşayiəti ilə Qarabağda qanunsuz silahlı dəstələrə hərbi avadanlığın daşınması, Ermənistanın hərbçilərini Qarabağdan hələ də çıxarmaması, minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı yarımçıq açıqlaması və s.

Nikol Paşinyan bu konfransda Ermənistanın sülhsevər, reallığı dəyərləndirən, əməkdaşlığa əhəmiyyət verən, regional maraqları nəzərə alan ölkə obrazını yaratmağa çalışıb. Bununla o, həm də Moskvaya ismarış da göndərib. Amma İrəvanda hakimiyyətdə oturanların açıqlamaları ilə əməlləri üst-üstə düşmür. “Qarabağ Azərbaycanın ərazisidir” deyib, “Qarabağdakı ermənilərin hüquqlarını müdafiə etmək üçün mandatı yoxdur” söyləməklə İrəvandan Laçın yolu ilə Xankəndiyə TIR-lar göndərmək cəhdi Paşinyanın ikiüzlü manevrindən xəbər verir.

Bu baxımdan, rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin İrəvanın açıqlamalarına inanması üçün etimad və etibar mühiti mövcud deyil. Paşinyanın dediklərinə “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa” atalar sözü daha çox uyğun gəlir.

Moskva ilə İrəvan arasında da ziddiyyət görünməkdədir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında sərhədyanı bölgədə yerləşdirilən Avropa İttifaqının mülki müşahidə missiyasını tənqid edib. Bildirib ki, bu missiya "dərdlərə dərman" olmadı. Onun sözlərinə görə, müşahidəçilər Rusiya ilə geosiyasi qarşıdurma tapşırığını yerinə yetirir...

Odur ki, ziddiyyətli açıqlamalar, aksiyalar, inadcıl davranışlar, Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda 200 ildir davam edən qarşıdurma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, sülhə, sərhədlərin müəyyənləşməsinə, əməkdaşlığa, ikitərəfli danışıqların nəticə verməsinə əsas maneə olaraq qalır. Ona görə də Moskva görüşü də statistika, tərəflər arasında münasibətlərin normallaşması üçün edilən cəhdlərin sayının artırılması baxımından kəmiyyət dəyişikliyi sayıla bilər.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 4 319          Tarix: 26-07-2023, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma