Xəbər lenti

İran və onun tərəfindən maliyyələşdirilən qruplar İraqdakı fəallığını kürdlərə qarşı mübarizə oxu şəklində yenidən şişirdirlər.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmail Qaani İraq hökumətinə xəbərdarlıq edib ki, Bağdad, İraq Kürdüstanı Regionunda kürd silahlı birləşmələrini tərk-silah etsin. SEPAH komandanı əks təqdirdə İranın İraq Kürdüstanındakı kürd silahlılarına qarşı qeyri-müəyyən müddətə hərbi əməliyyatlara başlayacağını söyləyib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri və ölkənin Xarici İşlər Nazirliyi də eyni məzmunlu bəyanatlarla çıxış ediblər.

İran məqsədlərinə nail olmaq üçün kampaniyasını təkcə PKK-ya qarşı deyil, ümumilikdə İraq Kürdüstanı əleyhinə yönəltmək istəklərini göstərir. Bunun səbəbi nədir?

İranın niyyəti Türkiyənin İraqda, o cümlədən İraq Kürdüstanındakı aktivliyinə qarşı iqtisadi, hərbi və siyasi təsirlərini möhkəmləndirmək səylərini əhatə etməkdir.

Hərçənd ki, iqtisadi əməkdaşlıqdakı vəziyyət Türkiyə ilə İranın PKK-ya qarşı birgə mübarizə ruhunu mümkün edə bilər, ancaq Tehranla Ankaranın strateji zehniyyətləri eynilik təşkil etmir.

Bu, hətta PKK-ya qarşı mübarizənin hədlərində də özünü göstərə bilər, belə ki, Tehranın Türkiyənin təsirlərini zəiflətməsi üçün PKK ilə sövdələşmələrə getməsi ehtimalları mövcuddur.

Bu mənada SEPAH-ın İraqdakı kürdlərdən ibarət anti-İran qruplarına qarşı tədbir görəcəyi ilə bağlı hədələrini ümumilikdə Türkiyənin regional genişlənməsinə qarşı hərəkət kimi qavramaq olar.

İranın fəaliyyəti Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələrini dərinləşdirməsi, bu prosesdə İsrailin arxa plandakı dəstəklərini qırmaq məqsədlərini də qiymətləndirməyə imkan verir.

Çünki İsrail İraq Kürdüstanından İrana qarşı əməliyyatları asanlaşdırmaq üçün yararlanır. Məsələn, versiya var ki, İsrailin bu ilin yanvarın 28-də İsfahandakı sursat fabrikinə hücum həyata keçirən pilotsuz təyyarələri İraq Kürdüstanı vasitəsilə İrana gətirilib.

Tehranın digər ittihamı bundan ibarətdir ki, İraq Kürdüstanı daxilindəki qruplaşmalar İrandakı etiraz aksiyalarına dəstək veriblər.

Məntiq belə deyir ki, İranın İraq Kürdüstanındakı niyyətləri Türkiyə-İsrail əlaqələrinin yaxşılaşması, bunun İraqdakı geosiyasi təsirlərinə qarşı yönəlir.

Azərbaycan üçün İraq Kürdüstanı Türkiyə ilə strateji müttəfiqlik məntiqindən dolayı əhəmiyyətlidir və İsrail də kürdlərlə rəsmi Bakının münasibətlərinə isti yanaşır. Hələ ki dəqiq bir fakt yoxdur, amma İranın İraqla bağlı addımlarını özünün klassik tezislərini icra etməsi ilə yanaşı, Bakı-Ankara-Təl-Əviv üçbucağındakı əməkdaşlıq əleyhinə yönəltdiyi ehtimalı yüksəkdir.

Versiya çıxarmaq olur ki, İraqda baş verən və ya ola biləcək hadisələrdən sonra İranın Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığının Cənubi Qafqaz platformasını zədələmək meyilləri üzə çıxsın.

Bununla belə, ehtimal yoxdur ki, İranla Türkiyə İraqda və Cənubi Qafqazda hərbi toqquşma riskinə getsinlər. Mübarizədə uzağı kəşfiyyat sahəsindəki fəaliyyətlər bir-birlərinə qarşı güclənə bilər.

İsrail-İran düşmənliyinin də İraqda birbaşa müharibə yaradacağı versiyası zəif səslənir, lakin Tehranla Təl-Əviv regiondakı maraqlarını İraqla paralel olaraq Cənubi Qafqaz oxu üzrə kəskin şəkildə toqquşdurmağa davam edəcəklər.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 2 923          Tarix: 31-08-2023, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma