Xəbər lenti

Müxalifət paytaxt meriyasına seçkiləri Paşinyanın hakimiyyətdən salınmasının “baş məşqi” adlandırdı-ermənilər dəyişikliyə hazırdırmı?

Bu gün İrəvan meriyasına (Şəhər Şurasına) seçkilər keçiriləcək. Bu seçki kampaniyasına avqustun 23-də start verilib və sentyabrın 15-dək davam edib. İrəvanda seçkilərin təşkili üçün 475 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 13 partiya və bir blok iştirak edir.

Biz paytaxt Bakıda hələ ki, belə seçki keçirmədiyimiz üçün oxuculara bəzi aydınlatma verim. Sentyabrın 17-də İrəvanın təxminən 1 milyon seçicisi Şəhər Şurasını seçmək üçün seçkiyə gedəcək. Yəni seçicilər meri birbaşa seçmirlər. Sadə dillə desək, siyasi partiyanı seçirlər. Bu zaman şuradakı yerlər partiyanın səslərinə proporsional olaraq bölünür. Səslər hesablandıqdan və yeni  Şəhər Şurası formalaşdıqdan sonra öz üzvləri arasından yeni mer seçir. Əgər heç bir partiya səslərin əksəriyyətini qazana bilməsə,  Şəhər Şurasının üzvləri meri seçmək üçün koalisiya yaratmalı olacaqlar. 

“Gallup”un Ermənistan bölməsinin son rəy sorğusuna görə, İrəvan sakinlərinin azı 55 faizinin seçkidə iştirak edəcəkləri gözlənilir. Seçki yarışında əsas favorit  Paşinyanın sədrlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası və onun mer postuna namizədi Tiqran Avinyandır. Respondentlərin 22,5 faizi  Paşinyanın partiyasına (yəni həm də Avinyana) səs verməyə hazırdır. Onun əsas rəqibi, keçmiş mer Hayk Marutyana və onun Milli Tərəqqi Partiyasıdır. Nəhayət,  İrəvan sakinlərinin  7,8 faizi müxalif  “Ana Ermənistan” blokuna(meriyaya namizədi Andranik Tevanyan) səs vermək niyyətindədir.

Paşinyan iki gün əvvəl seçki mitinqində iştirak edib. Baş nazir “Mülki müqavilə” partiyasının seçki kampaniyasının şüarı bir az da itəaətkardır- “Bizə deyin, biz bunu edəcəyik!” Paşinyan çalışır ki, seçki hakimiyyətlə müxalifət arasında ciddi siyasi yarışa çevrilməsin, daha çox paytaxtın sosial-iqtisadi problemini həll edəcək təsərrüfatçının müəyyənləşməsi çərçivəsində qalsın. Erməni mediası neçə gündür yazır ki, Paşinyan hakimiyyəti nədənsə, çox narahatdır. Bütün hökumət üzvləri paytaxta təbliğat üçün ezam olunublar.      

Seçkidə əsas müxalif təmsilçisi Andranik Tevanyan isə tam əksinə, bu seçkiləri Paşinyanın hakimiyyətdən salınmasının “baş məşqi” kimi baxır. Tevanyan son açıqlamasında Paşinyan hakimiyyətini seçkiləri inzibati üsullarla saxtalaşdırmamaq barədə xəbardarlıq edib. “Ana Ermənistan”ın lideri deyib ki, bu seçkilərdə əsas məqsəd şəhər problemlərinin həlli deyil, Ermənistanda hakimiyyət dəyişikliyi, “ölkədə təhlükəli proseslərin və güzəştlərin” qarşısını almaqdır. Andranik Tevanyan deyib ki, irəvanlılar bundan əvvəl hakimiyyətin namizədinə(6 ay əvvəl istefa verib) səs verdikləri üçün səhvlərini düzəltməlidirlər. Onun dediklərinə diqüqət edək: “Biz bu seçkilərdə birinci növbədə təhlükəsizlik gündəmini yeniləmək, ikincisi, vətəndaşlara öz səhvlərini düzəltmək imkanı vermək və üçüncüsü, müxalifət elektoratını paytaxtda hakimiyyət dəyişikliyi üçün səfərbər etmək üçün iştirak edirik. Bu, respublika miqyasında hakimiyyət dəyişikliyi həyata keçirməyə imkan verəcək. Ermənistan nəhayət, Nikol Paşinyanın bizi apardığı kabusdan qurtulmalıdır”.

Müxalifət lideri qeyd edib ki, İrəvanın bütün ermənilər üçün roluna və əhəmiyyətinə görə sadəcə, paytaxt deyil. “Bu, inzibati və digər resursların cəmləşdiyi hakimiyyətin sütunlarından biridir. İrəvanda hakimiyyət dəyişikliyi baş verərsə, bu, istər-istəməz ictimai əhval-ruhiyyənin kəskin dəyişməsinə gətirib çıxaracaq. Mənim bu hakimiyyət nümayəndələrinə məsləhətim odur ki, seçkiləri saxtalaşdırmaq barədə düşünməsinlər, qoy paytaxtda hakimiyyəti itirəcəkləri ilə barışsınlar, sonra isə respublika miqyasında təlatümlərə yol vermədən təslim olsunlar” deyə, Tevanyan bildirib.

Rəy sorğularına istinad etsək, rəqəmlər onu göstərir ki, Paşinyanın siyasətindən  narazılığın  artmasına baxmayaraq, ermənilər əksəriyyət etibarilə ciddi daxili siyasi təlatümlərə hazır deyil. Nəzərə alsaq ki, ölkə əhalisinin yarısı İrəvanda yaşayır, bu seçkidə qələbə Paşinyan üçün də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Paşinyan anti-Rusiya bəyanatları fonunda bu seçkilərdə qalibiyyətini mühüm kart-blanş hesab edəcək. Tevanyan Paşinyanın xüsusilə  Rusiyaya yönəlik son addımlarını tənqid edir, Ermənistanı müttəfiqsiz qoymaqda ittiham edir. Amma onun İrəvanı ayağa qaldırmaq üçün Kremldən dəstək ala biləcəyinə dair hər hansı ciddi mənbədən məlumat yoxdur.  İrəvan meriyası əlbəttə ki, Rusiya üçün maraqsız, bəlkə də əhəmiyyətsiz mövzudur, xüsusilə də ona hər hansı müdaxilə. Paşinyan isə düşünür ki, İrəvanı əldə saxlaya bilərsə, hakimiyyəti də qorumaq mümkün olar...  

Paşinyan bu seçkidə həm də partiyasının Ermənistanı guya regionda “demokratiya adası”na çevirdiyi rəyi də yaratmaqda maraqlıdır. Bir-iki saytda müşahidəçilərdən yazıblar, Belarusdan, Rusiyadan gələnlər var. Bədnam Baronessa Koksu da sürüyüb bu seçkilərdə müşahidəçi də gətiriblər.

Nazim SABİROĞLU,

Musavat.com 




Ana səhifəyə qayıt        Baxış: 3 768          Tarix: 17-09-2023, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma