Fələstinin HƏMAS qruplaşmasının silahlıları oktyabrın 7-si raket hücumlarının müşayiəti ilə İsrailə daxil olub, bir anda misli görünməmiş müharibəyə başladılar. İsrailin əks-hücum tədbirlərinə başlaması, təhlükəsizlik addımlarını gücləndirməsi, səfərbərlik elan edərək, terrorun qarşısını almağa istiqamətlənməsi vaxt apardığına görə həftəsonu müharibə ciddi şəkildə qızışdı.
Hərbi əməliyyatların fonunda dünya iqtisadiyyatı ilə bağlı proqnozlar da səsləndirilməyə başladı. Bazar ertəsi Asiyada ticarət başlayan kimi bahalaşma, tələbatın yüksələcəyi haqqında proqnozlar özünü doğrultdu. Belə ki, həftənin ilk günündəki real göstəricilərə baxsaq, ABŞ fond füçersləri düşüb, xam neft, qızıl və xəzinə istiqrazları isə bahalaşıb. Bazar ertəsi neftin qiyməti bir barel üçün dörd dollardan çox artıb və hətta 88,76 dollaradək yüksəlib.
Bəs maraqlıdır, Fələstin və İsrail arasında müharibə davam edəcəyi təqdirdə bu, dünya iqtisadiyyatına daha hansı təsirləri göstərəcək?
Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, neftin qiymətindəki artımları ciddi hesab etmək doğru olmaz. İqtisadçı deputat deyib ki, “Brent” markalı neftin bir bareli hazırda 88 dollara təklif olunsa da bu, davamlı deyil:
“Müharibənin dünya iqtisadiyyatına təsirləri hələlik hiss edilmir. Nəzərə alsaq ki, region vacib olsa belə, müharibə aparan ölkələrin dünya iqtisadiyyatında payı yüksək deyil. İsrail innovativ məhsul istehsalı və ixracı baxımından fərqlənən ölkələrdən olsa da, ümumən dünya iqtisadiyyatında payı yüksək olmadığından ona yüksək təsirini görməyəcəyik.
Təbii ki, növbəti mərhələdə müharibənin təsirləri onun hansı coğrafiyada yayılmasından asılı olacaq. Əgər müharibəyə digər ölkələr də qoşularsa və əhatə dairəsi genişlənərsə, o halda dünya iqtisadiyyatına təsirlər gözlənilir. Eyni zamanda, neftin dünya bazarlarında qiyməti də daha çox arta bilər. Amma müharibə Fələstin və İsrail arasında, lokal formada davam edərsə, strateji məhsulların qiymətlərinə ciddi təsir edəcəyi proqnozlaşdırılmır”.
İqtisadçı-ekspert Eldəniz Əmirov da müharibənin dünya iqtisadiyyatına təsirlərinin qarşıdurmanın miqyası ilə ölçüləcəyini düşünür. Onun fikrincə, başlıca olaraq, hər iki dövlət özü bu əməliyyatların fəsadlarını çəkəcək:
Dünya iqtisadiyyatında baş verəcək dəyişikliklərin Azərbaycana təsirinə gəldikdə, Rauf Qarayev neftin qiymətinin qalxmasını ölkəmiz üçün müsbət hal adlandırıb:
“Çünki bizim əsas gəlirimiz neftdəndir və bu münaqişə ilk növbədə neftin qiymətinə təsir edəcək. Mövcud gəlirlərimizin həcmində ikinci yerdə vergi və gömrük məsələləri dayanır. Hazırda bildiyimiz kimi, Azərbaycan Gürcüstanla əlaqələri genişlənmək üçün addımlar atır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Yaşıl enerji dəhlizi” layihəsinin sürətlənməsi alternativ enerjilərin satışına gətirib çıxaracaq. Bu da bizim üçün müsbət haldır. Azərbaycan bundan istifadə edərək öz gəlirlərini artıra bilər və neftin nə zamansa ucuzlaşması iqtisadiyyatımıza ciddi təsirlər göstərməz.
Onu da qeyd edim ki, İsrail dünyada yüksək hərbi texnologiya istehsalı ilə tanınan ölkədir. Ona görə müharibənin fəsadları nəticəsində dünya bazarlarında hərbi texnikaların, avadanlıqların qiymətlərində artım müşahidə oluna bilər. Bu durum Azərbaycanın da hərbi sənayesinə təsir göstərəcək. Bu sahədə qardaş Türkiyənin Azərbaycan üçün ön planda olacağını düşünürəm".
Paylaş: