Xəbər lenti

 
 
Rus ordusunun Qara dəniz Donanması Krasnodar bölgəsində S-400 hava müdafiə sistemlərindən də istifadə olunduğu bir təlim keçirib.
 
Ovqat.com-un məlumatına görə, xəbəri Rusiyanın Qara Dəniz Donanması yayıb.
 
Xəbərdə bildirilir ki,  təlimlərə 100 hərbi qulluqçu və 30 hərbi texnika qatılıb. Əsasən, “S-400” və “Pantsir-S” hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə keçirilən hərbi təlimdə “texnikalar plana uyğun yerləşdirilib düşmən qüvvələrinin hava hədəflərini aşkarlama və izləmə tədbirləri həyata keçirilib. Bundan əlavə, hədəflərin məhv edilməsi üçün elektron raket atışları həyata keçirilib”.
 
Rus ordusu son zaman ABŞ və Ukraynanın Qara dənizdə birgə keçirdiyi, əksəriyyətinin NATO üzvü olduğu 32 ölkənin hərbi texnika və gəmilərinin qatıldığı "Sea Breeze 2021" hərbi təlimlərinə paralel olaraq sözügedən su hövzəsində hərbi fəaliyyətlərini artırıb. Son təlim də bu qəbildəndir.
 
İyunun 28-də başlayan və iyulun 10-dək davam edəcək "Sea Breeze 2021" təlimində 5 min əsgər, 32 gəmi, 40 təyyarə və 18 xüsusi təyinatlı qüvvə iştirak edir. Rusiyanın Krosnadarda dayanıb əzələ nümayiş etdirdiyi təlimləri Qara dənizdəki NATO qüvvələrinin yanında dəvədə qulaq kimi görünür və Ukrayna Xarici İşlər naziri Kubelanın məşhur sözünü xatırladır: “Rusiya Qara dəniz bölgəsində yalnız bəzi lokal gərginliyi artırmaq qüdrətinə malikdir. Mən onların intihar edəcəklərini düşünmürəm. Uzaq başı NATO-nun ora-burasını çimdikləyib onu təhrik edə bilərlər”.
 
Rus təlimlərində istifadə olunan hərbi silah və sursatlar da əslində NATO-ya heç yabançı deyillər. Onlardan Pantsir-S hava hücumundan müdafiə sistemlərini NATO üzvü olan Türkiyə Suriyada, Liviyada və Qarabağda dəfələrlə dişinə vurub. Hər dəfə də çürük çıxıb. S-400-lərə gəlincə, Türkiyənin son istehsal etdiyi “Akbaba” radar əleyhinə raketlər tam da elə bu HHM sisteminin “qatili” kimi ərsəyə gətirilib. 
 
Maraqlıdır ki, bu məlumat rus media qurumlarında da müzakirə edildiyi bir zamanda Rusiya S-400-lərin iştirakı ilə 100 nəfərlik olduqca kiçik hərbi təlim keçirir. Görünür, Rusiya özünün HHM sistemlərini nümayiş etdirməklə əslində NATO qüvvələrindən çox öz daxili ictimai rəyə oynayır. Çünki hərbi cəhətdən zəif dövlət imici Rusiyanı ilk növbədə içdən çökdürə bilər.
 
Digər maraqlı cəhətlərdən biri isə odur ki, Rusiyanın hərbi təlimləri Krımda yox, Krasnodarda keçirilir. Yəni beynəlxalq hüquqa görə, Rusiya məxsus olduğu şübhə doğurmayan ərazidə. Mümkündür ki, Rusiya “Sea Breeza-2021” təlimlərindən bir neçə gün əvvəl ingilis esminetsi “Defender”in “Krım Ukraynanın ərazidir” deyib girdiyi dəniz ərazisində növbəti sürprizlə qarşılaşmamaq üçün özünün ən doğma yerində dayanmağı məsləhət bilib.
 


Ana səhifəyə qayıt        Baxış: 4 918          Tarix: 6-07-2021, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma