Xəbər lenti


 
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçakın dünən işdən azad edilməsinin yeni detalları aydın olub.
 
Ovqat.com xəbər verir ki, səbəb - Ruslan Xomçakla Ukrayna Müdafiə naziri Andrey Taran arasında uzun müddətdir durmadan sərin yellərin əsməsi imiş.
 
Hətta iş o yerə çatıb ki, Xomçak öz nazirini bu ilin fevral ayında məhkəməyə verib. Üstəlik, nazirə qarşı üsyan bayrağı qaldıran təkcə Baş komandan da olmayıb. Onun kimi, Hava Qüvvələrinin komandanı Sergey Drozdov və Baş Qərargah rəisi Sergey Korniyçuk da Müdafiə naziri ilə məhkəmədə hesablaşmaq qərarına gəliblər. Hərbçilər ötən ilin noyabr ayında müdafiə naziri Andrey Taranın xidməti araşdırmalar nəticəsində onlara verdiyi ciddi töhmətlərə etiraz ediblər. Məlumata görə, Korniyçuk və Xomçak Kiyev rayon İnzibati Məhkəməsinə, Drozdov isə Vinnitsa Məhkəməsinə şikayət ərizəsi veriblər. Yüksək rütbəli hərbçilərin üçünün də Taranın bir sıra əmrlərini yerinə yetirməkdən imtina etdikləri bildirilir.
 
 
Ekspertlərin fikrincə, nazirlə hərbçiləri qarşı-qarşıya gətirən əsas səbəb Ukrayna hərbi sisteminin NATO-ya inteqrasiya məqsədilə aparılan islahatların yarımçıqlığıdır. NATO-nun idarəetmə anlayışında ordunun maliyyələşdirilməsi, hərbi siyasətin həyata keçirilməsinə nəzarət nazirə həvalə edilir. Adətən mülki şəxslər arasından seçilən nazirin hərbi büdcənin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamaq hüququ var. Görünən budur ki, Taranın bu hüququndan istifadə etməsi və bəzi nöqsanları aşkarlaması generalları bərk qəzəbləndirib. Onlar da nazirlə məhkəmədə qarşılaşmaq fikrinə düşüblər. Bu isə ordudakı vahid komandanlığı zəiflətdiyindən Ukrayna prezidenti ikisindən birini seçmək məcburiyyətində qalıb və Xomçakı istefaya göndərib.
 
Müdafiə nazirinin generalların fəaliyyətində hansı ciddi nöqsanları ortaya çıxardığı bilinmir, hərbi sirr kimi qorunur. Amma böyük ehtimalla, söhbət maliyyə vəsaitlərinin mənimsənilməsi, korrupsiya faktından gedir.
 
Hərbi mütəxəssislər Taran-Xomçak ixtilafını yalnız subyektiv amillərlə əlaqələndirməyin yanlış olacağı qənaətindədirlər. Hakim qənaətə görə, bu ixtilafın obyektiv səbəbləri var və başlıca səbəb nazirlə hərbi rəhbərliyin səlahiyyət sahəsində bir çox nöqtələrin kəsişməsidir. NATO standartlarına inteqrasiya edən Ukrayna ordusu köhnə ənənələrdən də tam xilas olmadığından bu cür problemlər yaşanır. Ölkə rəhbərliyi, xüsusilə parlament bu kəsişmə nöqtələrini ortadan qaldıracaq ciddi hüquqi islahatlara getməsə, Xomçakın yerinə gələn yeni Baş komandanla nazir arasında bənzər ixtilaflar ortaya çıxa bilər.  İki güc arasında əsas problem isə büdcə vəsaitlərinə nüfuz etmək və təsir uğrunda mübarizə aparmaq cəhdlərindən doğur.
 
Xomçakın hərbi nizam-intizamı pozan fəaliyyətlərə yol verməsi Ukrayna prezidenti Vladimir Zelenski və onun sözçüləri tərəfindən də etiraf edilib. Dünən Zelenski istefa barədə verdiyi açıqlamada bildirib ki, Ruslan Xomçak Müdafiə Nazirliyi və təhlükəsizlik sektorunda kadr dəyişiklikləri çərçivəsində Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsindən azad edilib. Prezident qeyd edib ki, müdafiə sahəsi sabit, əlaqələndirilmiş, rəhbərlər arasında dəqiq perspektiv və anlaşılmazlıq olmadan fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, rotasiyalar müdafiə sahəsində irəliləyişlər üçün həyata keçirilir: dövlət sifarişi hazırlanmasından "ön cəbhədəki hərbçilərin komandanlığına qədər.
 
Prezidentinin mətbuat katibi Sergey Nikiforov isə istefanın səbəbini daha konkret sözlərlə əsaslandırıb: “Xomçak, Taranla daimi münaqişələrə görə vəzifədən kənarlaşdırılıb. Zelenski onun vətənpərvərliyinə, sədaqətinə və peşəkarlığına şübhə etmir, amma Müdafiə Nazirliyi ilə Baş Komandanlıq arasında hələ də mövcud olmayan sinerji yaradılmalıdır”.
 
Nikiforov bundan əvvəlki açıqlamalarından birində isə təsdiq etmişdi ki, Xomçak və Taran arasındakı münaqişə “hərbi rəhbərlərin səlahiyyətlərinin kəsişməsindən”, onların bəzi məsələlərdə bir-birinə zidd qərarlar verməsindən qaynaqlarınır və “problemi yalnız hər iki vəzifənin təsir dairəsini qanunla bölüşdürməklə həll etmək mümkündür”.
 
Qeyd edək ki, dünən vəzifəsindən uzaqlaşdırılan Xomçak Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib. İki ildən bir qədər çox Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsini icra edən Xomçak bundan əvvəl Donbasdakı silahlı münaqişədə, o cümlədən İlovaysk uğrunda gedən döyüşlərdə fəal iştirakı ilə seçilən "B "sektoru" hərbi bölmələrinin komandanı olub.
 


Ana səhifəyə qayıt        Baxış: 5 584          Tarix: 28-07-2021, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma