Xəbər lenti


Ötən il tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.

Heydər Əliyev: "Mən Naxçıvanda çevrilişə son qoydum və indi də çalışıram ki, Surət Hüseynovun çevrilişinə son qoyum…"


(Əvvəli burada:https://www.moderator.az/news/332307.html )


“…Heydər Əliyevin dediklərindən ən dəhşətlisi Surətin hakimiyyətə və prezidentliyin özünə iddialı olduğunu deməsi idi. Əliyev bunun məntiqini özü düşünə  bilməyənlər üçün belə izah etdi: Heydər Əliyevin Prezidentin vəzifələrini öz üzərinə götürmək istəməməsi hakimiyyətdə boşluq yaratmışdır və boşluğu aradan qaldırmaq zərurəti var. Və Surət bunu edəcəkdir, əgər Əliyev bunu etməsə… Bəs Əliyevin buna cavabı nə idi? Əgər Elçibəy hakimiyyətin qeyri-qanuni əlundən alınmasını istəmirsə, qoy qayıtsın və buna ehtiyac olan anda ölkəni idarə etsin…

Geriyə nəzər saldıqda siyasi poliqrafda bu kiçik hissə Surət Hüseynovun əsla Heydər Əliyevin aləti olmamasına ilk həqiqi işarə idi…

Lakin hər halda  Surətin prezidentliyə iddiası və Heydər Əliyevin məsələ ətrafında manevrlər etməsi, görünür, Elçibəyi hörmətdən salmaq və biabır etmək planının yalnız başqa bir hissəsi idi.  Belə bir şübhə Heydər Əliyevin Surətin ünvanına pis nə isə demək istəməməsindən yaranırdı. Xüsusilə qeyd etməliyəm ki,  o, bütün proses ərzində yalnız bircə dəfə hərbi qiyam sözünü işlətdi. Sonradan isə mən jurnalist hiyləsi işlədərək bu sözü onun ağzından güclə çıxartdım. Bu, parlamentdə baş verdi, başqa bir mətbuat konfransında… 
Həmişəki kimi yerli jurnalistlər “bədahətən” verilən suallar vasitəsilə Heydər Əliyevə öz ölməz məhəbbət və sədaqətlərini canlı yayımla izah edirdilər…

“ Vışka”nın jurnalisti: “Heydər Əlirzayeviç, bu düzdürmü ki, sizin müqəddəs vətənə ən çox ehtiyacı olan bu anlarda qayıdışınızın yeganə səbəbi  ilk respublikamızın Lenin, Stalin və Beriya tərəfindən süquta yetirildiyindən bəri ən böyük çətinliklə üz-üzə gəlmiş əziz xalqımıza olan təmənnasız ölməz sədaqətinizdir?..” 

Heydər Əliyev: 

“Yaxşı, mən çox şadam ki, sən bu sualı verdin, çünki əslində  mənim bu həddindən artıq ağır vəziyyət zamanı qayıtmağımın yeganə səbəbi( və sair. Və i.a.) …” 

Bu sətirlər də daxil olmaqla, beşincimi, yoxsa altıncımı sualdan sonra  mən qərara gəldim ki,  yığıncağı bir az canlandırım.  Daha dəqiq desəm, mən  Heydər Əliyevdən soruşdum, nə üçün o, 1992-ci ilin oktyabrında Naxçıvanda hökumətin Daxili İşlər nazirini rəsmi surətdə vəzifəyə təyin etmək cəhdini”çevriliş” adlandırmışdı, lakin 1993-cü ilin iyununda isə Surət Hüseynovun Bakıya yürüşü ilə bağlı bu sözü işlətməkdən imtina edir.   Orta səviyyəli oxucu üçün bir az qəribə səslənə bilər, ancaq bu sual zalda lal sükuta səbəb oldu… 

“Mən sizin sualınızı başa düşmürəm, Tomas”- Heydər Əliyev gülümsədi və onun əsəbi gülüşü zala yayıldı.

“Nə üçün siz Surət Hüseynovla və Gəncə hadisəsi ilə əlaqədar olaraq bir dəfə də “çevriliş” sözünü işlətmədiniz?” – deyə mən sualı təkrar etdim. 

“Mən hələ də anlaya bilmirəm” – deyib Əliyev güldü.

“Çevriliş, başa düşürsüz, çavriliş” – bir daha təkrar etdim.

“Hə, yaxşı, Tomas”- deyə oHeydər Əliyev cavab verdi - Mən Naxçıvanda çevrilişə son qoydum və indi də çalışıram ki, Surət Hüseynovun çevrilişinə son qoyum…”

Bu mətbuat konfransındakı sualımdan sonra Azərbaycanda mənə ev adamı kimi müraciət edridilər.  Camaat küçədə məni dayandırıb Əliyevə “həmin sualı verdiyimə görə” təşəkkür edir və liftlə harasa qalxanda, yaxud qəzet köşkünə yaxınlaşanda adımı pıçıldayırdılar – adımı Heydər Əliyevin öz ağzından eşitmişdilər. Sonra  1991-ci ilin noyabrında  Qarabağda vertolyot  qəzasında həlak olana qədər Mütəllibovun mətbuat katibi olmuş Osman Mizəyev adına “İlin jurnalisti” mükafatına layiq görülməyim haqda xəbər aldım.  Bu ya məni satın almaq cəhdi, ya da tezliklə senzura qoyulacaq, uzun, zülmət gecəyə doğru addımlayan Bakı mətbuatının son azad nəfəsinin təşəkkür nidası idi…”
 

(Davamı var)

Qeyd: 

Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.


Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun  “Azərbaycan gündəliyi”  kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla  keçirilmişdir...

Təqdim etdi: Sultan Laçın



Ana səhifəyə qayıt        Baxış: 2 707          Tarix: 30-06-2020, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma