Abutalıb Səmədov: “Ümid edək ki, Putin səhvini anlayacaq...”
“Ya 900 gün ərzində biz təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, ”artsax"da insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da dünya erməniliyinin əsas dayaqlarından birini itirəcəyik".
“Miatsum” qoxusu verən bu sözləri mifik “artsaxı”n təzə “dövlət naziri”, Kremlin adamı, erməni oliqarx Ruben Vardanyan dünən öz soydaşlarına video-müraciətində bildirib.
“İnsanların heç nə edə bilməyəcəyini söyləməsi mənim üçün qəbuledilməzdir. Ola bilsin ki, siyasətçi, dövlət qurumunun əməkdaşı kimi heç nəyi dəyişə bilməzsən, amma bir erməni kimi, bir insan kimi... Burada 115 min insan yaşayır (?! - red.), onların 30 mini uşaq, gənclərdir. Onlar dəstəyi hiss etməli, başa düşməlidir ki, gücsüzlük üzündən tənha buraxılmayıblar”, - deyə Ruben təlaş içində qeyd edib.
Arxasında Rusiyanın durduğu oliqarx-dələduz ardınca sadə erməniləri Azərbaycana qarşı daha da qızışdıraraq deyib: “Bizim indiki müharibəmiz vətən müharibəsidir (! - red.). İrəvanda kimi və nəyi izləyirsiniz, nəyi müzakirə edirsiniz, bilmirəm, amma bizdə vətən müharibəsi gedir. Ya bunu anlayacaqsınız, ya da anlamayacaqsınız: 115 min erməni, Ermənistan vətəndaşları, diasporçular, artsaxlılar təhlükədədir və biz öz biganəliyimizlə bunu ən böyük təhlükəyə çeviririk. Bunu vurğulamaq istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranlı durumda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağımız və birbaşa danışmağımızı istəyirəm. Bizim yalan söyləməyə haqqımız yoxdur, hər şeyi öz adı ilə çağırmalıyıq. Bizdə böhran yaşanır”.
Vardanyan 900 gün rəqəmini əlbəttə ki, boşuna demir. Bununla o, Rusiya sülhməramlı qüvvələrin mandatının bitəcəyi 2025-ci ilin 10 noyabrına 6 ay qalmış (2025-ci ilin 10 mayı) Bakının verəcəyi imtina qərarınadək olan tarixi nəzərdə tutur. Kapitulyasiya sənədində yazılıb ki, 6 ay qalmış tərəflərdən biri razı olmasa, sülhməramlılar 6 ay sonra Qarabağı tərk edəcək.
Bu mənada Ruben Vardanyanın 900 gün xofu, məyusluq qarışıq, isterikası tamamilə anlaşılandır: hər necə olmasa, separatçı-quldurlar ətrafında həlqə yavaş-yavaş da olsa, permanent şəkildə daralır, üstəgəl, rəsmi Bakı Kremlin tulası, qarabağlı olmayan Vardanyanla heç bir danışıq aparmayacğının, 2025-dən sonra Rusiya “sülhməramlıları”nın mandatının uzadılmayacağının aydın anonsunu verib. Odur ki, Ruben həm qorxur, həm də öz aləmində guya Bakını qorxudur, bizə yenə “əlcək” atır, “artsaxın vətən müharibəsi”ndən dəm vurur.
Bu arada Vardanyanın öz “komandası”nı formalaşdırmaqla əlaqədar Moskvaya gedəcəyi məlum olub. Bu haqda “Hraparak” qəzeti yazıb. Qəzet 9 “nazir”inin baş separatçı Araik Arutyunyan tərəfindən istefaya göndərilməsinə diqqət çəkir və qeyd edib ki, buna göstəriş verən də Vardanyan olub.
Nəşr Moskvaya gedəcək Vardanyanın yeni “komanda” formalaşdırmağa başladığını iddia edib. “Artıq ”xarici işlər naziri" postuna namizədlər də var. Mənbə bildirir ki, Vardanyan bu “post”a Ermənistanın keçmiş xarici işlər nazirləri - Vardan Oskanyan və ya Ara Ayvazyanı gətirmək istəyir. Vardanyan yeni komandanı yerli ermənilər hesabına formalaşdırmaq istəyir. Amma bu alınmasa, kadrları ya Ermənistandan, ya da xaricdən gətirməyə çalışacaq", - məlumatda vurğulanır.
Beləcə, məlum olur ki, Vardanyan Qarabağa xaricdən kadrlar gətirməyi də planlaşdırır. Bu isə Bakının onsuz da dolmaqda olan səbir kasasını daşıra bilər.
Bəs Vardanyan üçün “divar” nə vaxt qurtaracaq? Onun Qarabağda qəfil peyda olduğu kimi, qəfil də aradan çıxması, yaxud Kremlin öz itini geri çağırması mümkünmü? Qapalı kanallarla Bakı bu barədə Moskvaya mesaj veribmi? Geri çağırmasa, onu nə gözləyir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, əslinə qalsa rus sülhməramlıları Vardanyanı Qarabağa buraxmamalı, onun orda yerləşməsinə imkan verməməliydilər: “Ancaq son dövrlər olduğu kimi bu dəfə də Putin Rusiyası reallıqları düzgün qiymətləndirə bilmədi və növbəti dəfə yanlış qərar verdi. Azərbaycan Prezidenti bu günlərdə qəti şəkildə bəyan elədi ki, ”Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək, ancaq Moskvanın göndərdiyi adamla heç bir təmas olmayacaq, bizim nümayəndələr onunla danışmayacaqlar". Bu birbaşa Moskvaya göndərilmiş mesaj idi: münasibətlərimizin müttəfiqlik deyil, heç olmasa normal səviyyədə qalmasını istəyirsinizsə adamınızı təcili Qarabağdan götürün.
Vardanyanın Qarabağda qalmasının bölgədə vəziyyəti gərginləşdirəcəyi, Rusiyanın vasitəçilik imkanlarını xeyli azaldacağı barədə yəqin ondan sonra da Moskvaya xəbərdarlıq olunub. KTMT sammiti ərəfəsində Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığında bu məsələnin ətraflı müzakirə edildiyi istisna olunmur. Vladimir Putin bu xəbərdarlıqlardan düzgün nəticə çıxara biləcəkmi? Ehtimal çox az olsa da, hər halda ümid edirik ki, Rusiya rəhbəri Ruben Vardanyanın Qarabağda qalmasının münasibətlərimizin soyuqlaşmasına gətirib çıxaracağını, onun vasitəçilik şansının qalmayacağını, Türkiyə ilə münasibətlərdə ciddi problemlər yaşanacağını anlaya biləcək".
Bununla belə A.Səmədovun sözlərinə görə, etiraf etməliyik ki, bu ehtimal o qədər də yüksək deyil: “Son aylar biz dəfələrlə Rusiya prezidentinin son dərəcə yanlış, dövlət başçısına qətiyyən yaraşmayan, ”intriqa" qoxulu bəyanatlarının şahidi olmuşuq. Çox güman ki, bu dəfə də eyni davranış təkrarlanacaq və Rusiya təzyiqə əl ataraq sülh sazişinin öz vasitəçiliyi ilə imzalanmasına çalışacaq. Bu vəziyyətdə biz təmkinimizi qorumalı, erməni təxribatlarına uymadan indiyə qədər yürütdüyümüz siyasi xətti davam etdirməliyik. İlin sonuna qədər Avropa İttifaqının və ABŞ-ın birgə vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına nail olmaq üçün əlimizdən gələni etməliyik. Eyni zamanda, həm onların, həm də Türkiyənin dəstəyi ilə 900 gündən sonra rus sülhməramlılarını yola salmaq üçün artıq hazırlıqlara başlamalıyıq".
Bəzi siyasətçilər isə hesab edir ki, Ruben Vardanyan Qarabağda doğulmayıb, Rusiya vətəndaşıdır və o, Azərbaycan ərazisinə ayağını qoyan andan cinayətkardır. Çünki Azərbaycanın razılığı olmadan Azərbaycanın ərazisinə daxil olub, sərhədimizi qanunsuz keçib. Ona görə də Vardanyana cinayət işi açılmalıdır. Onun həbs olunması istiqamətində əməliyyat həyata keçirilməlidir. Vardanyanın separatçı ermənilərə qoşulub özünü “dövlət naziri” elan etməsi isə daha bir cinayətidir. Bu cür cinayətkarlara qarşı necə davranılırsa, Vardanyana da o cür davranlılmalıdır. O, silahlı ermənilərin Azərbaycanın hərbi birləşmələrinə qarşı hücumlar etməsinə göstərişlər verən zaman isə terrora rəhbərlik edən cinayətkar kimi fiziki məhv edilməlidir.
Etibar SEYİDAGA,
“Yeni Müsavat”
Paylaş: