Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib.
Axar.az xəbər verir ki, Hindistan mediası Ermənistan nümayəndə heyətinin iştirakı ilə sınaqların tam 40 gün davam etdiyini bildirib. Bu isə sınaq deyil, belə çıxır ki, erməni hərbçilər 40 gün müddətində haubitsalardan istifadəni öyrənib və praktikada təcrübədən keçiriblər.
Artıq bu haubitsaların Ermənistan tərəfindən sifariş edildiyi vurğulanıb, ancaq müqavilənin dəyəri açıqlanmayıb.
Erməni ekspert Leonid Nersisyan mənzili 24 km olan və dağlıq ərazidə istifadəyə yarayan bu haubitsalardan Ermənistanın 70-100 ədəd ala biləcəyini deyib.
Onun sözlərinə görə, ümumilikdə İrəvan 18 ədəd “Pinaka” reaktiv yaylım atəş sistemi (atış məsafəsi 70 km), çoxlu sayda tank əleyhinə sistemlər və s. almağı da planlaşdırır. Bu isə bütün müqavilələrin ümumi dəyərinin 500 milyon dollara qədər artırılması deməkdir.
Xatırladaq ki, bundan öncə Hindistanın Ermənistana 244 milyon dollarlıq silah verəcəyi bildirilsə də, sonradan bu rəqəm 260 milyona qaldırılmışdı.
Nersisyan bu “kiçiklüləli” haubitsaların Ermənistan ordusunu ciddi şəkildə gücləndirəcəyi gümanındadır.
Qeyd edək ki, Hindistan mediası ötən ilin noyabrında Ermənistana 155 mm-lik ATAGS haubitsaları satılacağını da yazmışdı.
Paylaş: