Xəbər lenti

"ABŞ Konqresinin yuxarı palatasının Azərbaycanla bağlı 907-ci maddəyə düzəlişi qüvvədə saxlaması ədalətsizlikdir. ABŞ və Avropa İttifaqı sülh istəyirlərsə, Ermənistanın silahlanmasına imkan verməməlidirlər".

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Tengiz Txilava deyib.

Onun sözlərinə görə, hazırda regionda sülhə bu qədər yaxın bir vaxtda 907-ci düzəlişin ləğv olunmaması, bəzi region ölkələrinə silahın verilməsi təəssüf və narahatlıq doğurur: "Silah satışı ilə bağlı embarqo Ermənistana da şamil edilməlidir. Bu halda verilən qərar ədalətli olardı”.

Politoloq qeyd edib ki, Azərbaycanda Amerika silahı olmasa da, heç bir şey dəyişməyəcək: "Silahın haradan alınması üçün bir mənbə tapılacaq. Amma bu cür addımlar heç də xoş deyil və ədalətsizdir. Azərbaycan başqa ölkənin ərazisinə göz dikmir, özü öz ərazi bütövlüyünü bərpa edib. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur”.

O vurğulayıb ki, Azərbaycanın Qazax rayonunun bəzi kəndləri hələ də Ermənistanın işğalı altındadır: “Bu yaxınlarda Qazaxda oldum və həmin kəndləri uzaqdan gördüm. Düşünürəm ki, Azərbaycanın səbrini sınamaq lazım deyil. Qarabağda olanlar burada da ola bilər. Ermənistan sülh istəyirsə, onda müqaviləni imzalayıb, həmin kəndləri də geri qaytarmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 176          Tarix: 18-11-2023, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma