Xəbər lenti

 
 
Rusiyanın Avropaya çəkdiyi ən iri qaz kəmərlərindən olan “Şimal axını-2” layihəsi başa çatıb. Sonuncu boru da kəmərə əlavə olunub və layihə işə düşəcəyi günü gözləyir. İldə 55 milyard kub mert qaz nəqlini nəzərdə tutan bu layihə ilə Rusiyanın Avropaya ümumi qaz ixracının mühüm qismi daşınacaq. Nə qədəri? Gəlin, hesablayaq. 
 
“Qazprom” hələ 2018-ci ildə bu qitəyə qaz nəqlini 200 milyard kub metrə çatdırdığını bildirmişdi. Avropanın qaz tələbatının limiti və Aİ qanunvericiliyi Rusiyanın ümumi nəql potensialını daha da artırmağa imkan vermir. Deməli, “Şimal axını-2” layihəsi Rusiyanın Avropaya ümumi qaz nəqlinin 25%-dən çoxunu ixrac edəcək.
 
Sözsüz ki, “Qazprom” bu qaz kəmərini işə salarsa, başqa kəmərlərdən hansısa birini dayandırmağa da məcburdur. Əslində Rusiyanın da “Şimal axını-2” kəmərini çəkərkən məqsədi elə bu idi – Ukrayna vasitəsilə qaz nəqlini dayandırmaq. ABŞ-ın təzyiqləri ilə Rusiya bu planını 2024-cü ilə qədər təxirə salsa da, sonunda Ukraynanı özünün qaz kəməri layihələrindən uzaq tutacağı bəllidir.
 
Amma indi məlum olur ki, “Şimal axını-2” layihəsi başa çatsa da, bu, hələ onun aktiv fəaliyyətə keçməsi anlamına gəlmir. Rusiyanın bu dəfə də əl-ayağına dolaşan Polşa və Ukraynadır. Onlar Aİ-nın anti-inhisar qanunvericiliyini əsas götürüb, “Şimal axını-2” layihəsini dayandırmağa çalışırlar.


 
Ovqat.com-un məlumatına görə, Polşa ilə yanaşı Ukrayna da “Şimal axını-2” layihəsinin operatoru müəyyənləşdirəcək qurumda yer almaq istəyir. Hər iki dövlətin “Şimal axını-2” layihəsini dayandırmaq üçün istinad etdikləri arqument isə eynidir: Aİ qanunvericiliyinə görə, bir təchizatçı şirkət öz məhsulunun müştərilərə paylanılmasına operatorluq edə bilməz.
 
 “Şimal axını-2” layihəsinin rəsmi operatoru təchizatçı şirkət olan “Qazprom”a bağlı “Nord Stream 2 AG”-dır. Aİ qanunvericiliyinə əsasən, “Qazprom” ya bu törəmə şirkətini başqasına satmalı, ya da onun operatorluq haqqının ən azı 50%-dən imtina etməlidir. “Şimali axını-2” layihəsinin maya dəyəri 9-10 milyard dollara başa gəldiyindən indiki iqtisadi böhran vəziyyətində hansısa Avropa şirkətinin qalxıb “Nord Stream 2 AG”ı alacağı qəliz məsələdir. Səhmlərin yarısını satmaq da asan deyil və Rusiya öz iqtisadi taleyini kiminsə insafına bağlamaq istəmir. 
 
Əslində “Qazprom”un törəmə şirkəti “Nord Stream 2 AG”in yaradılması da Avropada heç bir qurumun operatorluq məsuliyyətinin altına girmək istəməsindən qaynaqlanmışdı. Məlum olduğu kimi, layihəni Avropanı enerji inhisarına almaq cəhdi kimi qiymətləndirmiş və tərəfdaşlarını açıq şəkildə bundan imtina etməyə çağırmışdı. Üzərindən az keçməmiş Avropa Komissiyası da anti-inhisar qanunvericliyinə düzəliş edərək, ittifaq üzvü olmayan ölkələri də onun əhatə dairəsinə salmışdı. Məhz bu qanun dəyişikliyindən sonra Moskva “qanunun geriyə işləmə funksiyasi yoxdur” məntiqinə əsaslanıb “Şimal axını-2”nin Aİ-nin yeni qərarnaməsindən əvvəl çəkilməyə başladığını iddia etsə də, Brüssel tərəfindən bu arqument əsaslı qəbul olunmamış, yeni qaydaların bu zamanadək fəaliyyətə başlamayan bütün şirkətlərə şamil ediləcəyi bildirilmişdi. Dolayısıyla “Qazprom”un qarşısına “ya yeni qaydalara uyğunlaş, ya da qitəni tərk et” şərti qoyulmuşdu. Rusiya isə bu şərtlərə məhəl qoymadan kəməri çəkmiş, “necə olsa yumşalarlar” arxayınçılığına qapılmışdı.


 
Fəqət Moskvanın “Mən sizin babanızam, mən nə desəm, o olur” məntiqi işə yaramamış, kəmər çəkilib bitdikdən sonra bəzi Şərqi Avropa ölkələrinin təzyiqi ortaya çıxmışdı. Necə ki, ötən il Polşa Aİ-nin mövcud anti-inhisar qanunvericiliyi əsas gətirib “Şimal axını-2” layihəsinin tikintisini dayandırmaq üçün məhkəməyə müraciət etmiş, “Qazprom”un avropalı ortaqları təşvişə düşüb  operatorluq fikrindən daşınmışdılar
 
Qeyd edək ki, o zamana qədər “Şimal axını-2”nin əsas səhmdarı "Qazprom" ASC - dir və şirkət layihədə 51% - lik paya malik idi. Onun ortaqları isə aparıcı alman enerji şirkətləri “Wintershall Holding GmbH” və “E. ON Rürgaz AG” hər biri səhmlərin 15,5%-nə malik idilər. Hollandiyanın “N. V. Nederlandse Gasunie” ilə Fransanın “GDF SUEZ” şirkətlərinin isə hər birinin layihədə 9% payı vardı.
 
Düzdür, ABŞ-ın və bəzi Avropa dövlətlərinin təzyiqlərinə baxmayaraq, həmin şirkətlər layihənin həyata keçirilməsi üçün əllərindən gələni də əsirgəməmiş, “Qazprom”u texniki avadanlıqlarla təchiz etmişlər. Amma inşasında bu qədər maraqlı olmalarına baxmayaraq, onların operatorluqdan çəkilməsi “Şimal axını-2” layihəsinin perspektivini şübhə altına alır və digər şirkətlərin də operator ortaqlığına həvəslənməsini əngəlləyir.
 
Rusiya bu problemi özünün digər bir enerji şirkəti "Rosneft"lə həll etməyə çalışır: layihənin yarısını "Rosneft”ə, digər yarısını “Nord Stream 2 AG”a vermək sürətilə. Fəqət Moskvanın bu “çoxbilmişliy”inin Brüssel məhkəməsi tərəfindən qəbul ediləcəyinə inam azdır. Bu da “Şimal axını-2” layihəsinin hətta işə düşəcəyi halda nəql gücünün yalnız yarısından istifadə etməsini şərtləndirir. 


 
Məsələ bununla da bitmir. Məlumata görə, Rusiya “Şimal axını-2” layihəsini işlətməyə başlamaq üçün daha iki sertifikat almalıdır. Bunlardan biri texniki sertifikatdır, digəri isə Ukraynanın da aralarında yer almaq istədiyi qərarverici arbitrlərdən təşəkkül tapan müstəqil operatorluq sertifikatıdır. Birinci sertifikatı Almaniyanın ekoloji mühafizə qurumları da verə bilər. İkinci sertifikatın verilməsini isə Şərqi Avropa ölkələri təkbaşına Berlinə ötürmək niyyətində deyillər. Bu sertifikat olmadan isə boru kəməri işə başlaya bilməz.
 
Ovqat.com-un məlumatına görə, Almaniyanın qaz ticarəti münasibətlərini də tənzilmləyən dövlət orqanı Federal Şəbəkə Agentliyinin (BNetzA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fit Volff (Fite Wolff) mediaya açıqlamasında bunu bəyan edib.
 
O, bildirib ki, Polşanın Dövlət Enerji Şirkəti PGNiG “Şimal axını-2” layihəsinin təchizatçısı “Qazprom”la onun operatoru “Nord Stream 2 AG”nin eyni şirkət olduğunu əsas gətirib avqustun əvvəllərində Avropa Məhkəməsinə müraciət edərək, layihənin fəaliyyətinin qanunazidd olduğunu və bu səbəbdən də dayandırılmasını istəyib. Həmin şikayətə əsasən veriləcək qərar layihənin işləməsinin qarşısını ala bilər.
 
BNetzA yetkilisinin sözlərinə görə, operatorluq sertifikatı olmadan boru kəmərinin istifadəsi ağır sanksiyalara səbəb ola bilər. “Hal -hazırda sertifikatlaşdırma proseduru üçün təqdim olunan sənədlərə baxılır. Əlavə sənədlərin tələb edilib-edilməyəcəyinə hələ qərar verilməyib”, - Fit Volff EADaily-yə açıqlamasında bildirib.
 
Alman rəsmisi bildirib ki, iyun ayının sonunda layihə operatoru “Nord Stream 2 AG” “müstəqil bir operator” kimi proaktiv sertifikatlaşdırma üçün müraciət etdiyini açıqlamışdı. İndi o, təchizatçıya bağlı olmadığını sübut etməlidir.
 
BNetZa sözçüsünün fikrincə, alman tənzimləyici orqanının son qərarını verməsi üçün oktyabrın sonuna qədər zamanı var. Əgər “Nord Stream 2 AG” öz müstəqilliyini təsdiq edən sənəd təqdim edərsə, onu baxılması üçün Avropa Komissiyasına göndərəcəklər.
 
 
Volf onu da istisna etməyib ki, “Qazprom”un bu törəmə şirkəti "sertifikatlaşdırma işini başa vurmasa, qaz boru kəmərinin uyğunsuzluq istismarına görə cəzalandırıla bilər".
 
Bəs Polşanın “Şimal axını-2” kəmərinin fəaliyyətini dayandırmaq üçün müraciətində əsaslandığı arqument nədən ibarətdir?
 

 
PGNiG-nin İdarə Heyətinin sədri Pavel Maevski bu sualı belə cavablandırıb.
 
“"Nord Stream 2 AG” bütün bazar iştirakçıları üçün rəqabət və bərabər şərtlərin təmin edilməsini nəzərdə tutan Üçüncü Enerji Paketinin ümumi prinsiplərinə riayət etmək istəmir. Xüsusilə, “Nord Stream 2”nin sahibi, mülklərin ayrılması, üçüncü tərəfin infrastruktura girişi və şəffaf tariflər haqqında qaydaların tətbiqindən qaçmağa çalışır. Qaz kəmərinin Avropa Birliyinin və ayrı -ayrı Aİ üzv dövlətlərinin enerji təhlükəsizliyinə mənfi təsiri də əhəmiyyətli bir faktordur. Bu səbəbdən PGNiG, BNetzA tərəfindən həyata keçirilən sertifikatlaşdırma proseduruna qoşulmaq və Avropa Komissiyasına öz mövqeyini bildirmək qərarına gəldi. Aİ Məhkəməsinin OPAL ilə bağlı qərarından sonra heç kim enerji həmrəyliyi prinsipini və qərarlarının digər AB ölkələrinin təhlükəsizliyi üçün nəticələrini göz ardı edə bilməz". 
 
Maraqlıdır ki, eyni təşəbbüslə Ukrayna da çıxış edib. Baxmayaraq ki, Polşadan fərqli olaraq, o, Aİ-nin belə üzvü deyil. Fəqət “Şimal axını-2 layihəsinin lobbiçiliyini edən Almaniya ilə ABŞ arasındakı razılaşmaya əsasən, bu layihədə Ukraynanın maraqları qorunmalıdır. ABŞ-ın bu şərtini, prinsipcə, Moskva da qəbul edib. Dolayısıyla, Kiyevin rus qazını sertifikatlaşmasında rol oynaması o qədər də təəccüb doğurmur. Təəccüb doğuran o ola bilər ki, Ukrayna öz maraqları əleyhinə çəkilən “Şimal axını-2” layihəsində qanun pozuntularına göz yumsun və “Qazprom”a sertifikat versin.
 
PGNiG “Nord Stream 2 AG”nin iyunda Almaniya tənzimləyicisinə göndərdiyi “kərmərin istismarına hazırlıq” müraciətinin Berlin tərəfindən rədd edilməli olduğuna inanır. Çünki Üçüncü Enerji Paketinin tələb etdiyi kimi, operatorluğa iddia edən bu şirkət “Qazprom"dan tam ayrılmayıb.
 
Polşa Dövlət Enerji Şirkətinin Baltik dənizində Rusiya-Almaniya qaz boru kəməri layihələrini dayandırmağa çalışması ilk belə hal deyil. Bundan əvvəl də Polşa şirkəti Rusiyanın digər qaz kəməri “Şimal axını” ilə əlaqədar da Avropa Məhkəməsinə müraciət etmiş və məhkəmə çəkişməsini qazanmışdı. Belə ki, Aİ Məhkəməsi PGNiG-in şikayətini baxaraq, Almaniya hökumətinə "Şimal axını"nın quru hissəsində, “OPAL” qaz kəmərinin tam gücü ilə işləməsini dayandırmış və Avropa Komissiyasının layihəyə istisnalarla bağlı qərarının ləğvini təsdiqləmişdi. PGNiG BNetzA-nın “Şimal axını-2” kəmərini Üçüncü Enerji Paketindən çıxarılması ilə bağlı qərarını şikayət edən “Nord Stream 2 AG”-nin şikayətinə baxıldığı Düsseldorf Ali Torpaq Məhkəməsinə də iddiaçı qismində qatılmışdı.


 
Xatırladaq ki, dünən — sentyabrın 10-da  "Şimal Axını-2"nin tikintisi başa çatdırılıb. Bloomberg agentliyi etibarlı mənbələrə verib ki, kəmərin ilk xətti oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Lakin Ştralzunda Dağ-mədən İdarəsindən bildirilib ki, onlara qazın qəbuluna icazə verilməsi üçün hələlik heç bir sənəd təqdim olunmayıb.
 
"Qazın qəbuluna icazə yalnız sənədlər təqdim edildikdən sonra verilə bilər", — deyə idarənin nümayəndəsi bildirib.
 
Layihənin operatoru “Nord Stream 2 AG” isə vəziyyəti şərh etmir, lakin bu ilin sonuna qədər qaz kəmərinin istismara veriləcəyinə ümid etdiyini bildirir. Belə görünür ki, Rusiyanın Avropa Məhkəməsinin ədalətinə bel bağlamaqdan başqa çarəsi qalmayıb və böyük səbrsizliklə oktyabrın sonunu gözləyir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 316          Tarix: 11-09-2021, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma