Xəbər lenti

Xankəndindəki separatçı rejimin marionetlərindən olan rusiyalı milyarder, erməni Ruben Vardanyan aldığı yeni təlimatlara əsaslanaraq Xankəndində yeni terror qrupları toplamağa başlayıb. O, vəziyyəti həddən ziyadə gərginləşdirmək istəyir.

Rusiyanın Xankəndində yolladığı maliyyəçi, lakin siyasətdə tam bəsit düşüncəli adam olan Ruben Vardanyan sosial şəbəkələrdəki akkauntlarında İŞİD terror təşkilatının belə, həsəd apara biləcəyi bəyanatla çıxış edib.

Azərbaycan, Rusiya Federasiyası və Ermənistana ünvanlanmış hədələrdən ibarət olan ultimativ ruhlu bu "manifest" Vardanyanın indiyədək yaydığı bəyanatlar arasında ən marazmatik, eyni zamanda təhlükəli çıxış sayıla bilər, sayılmalıdır da.

Bəyanatında o, Ermənistan və Rusiyanın hakimiyyətlərinin qarabağlı ermənilərlə bağlı tutduqları mövqelərdən kəskin narazılığını ifadə etməklə yanaşı, Rusiya Sülhməramlı Kontingentini (RSK), sonra da Azərbaycanı terror aktları, silahlı hücumlar və diversiyalarla hədələyir.

“Rusiya sülhməramlı kontingentinin komandanlığına Artsax xalqının və siyasi qüvvələrin mövqeyi barədə məlumat verildi və o da göstərildi ki, biz onlardan dəhlizin blokadasını açmaq üçün konkret addımları gözləyirik. Belə şəraitdə dəhliz bizim tərəfimizdən istifadə edilməyəcək. Bu məsələdə güzəştə getmək olmaz. Ermənistana heç bir məhdudiyyət olmadan birbaşa və sərbəst giriş bizim əvəzsiz şərtimizdir”, - R.Vardanyan bildirib.

Vardanyan həm Bakı, həm də Moskva üçün sərt şərtlər irəli sürür və eyni zamanda, "yaranmış situasiya nəticəsindjə" Laçın yolundan istifadə etməyəcəklərini bəyan etmək məsuliyyətini öz üzərinə götürmək iddiasını açıqlayır.

Yəni əsas fəaliyyəti Rusiyadakı bir dəstə oliqarxın və yüksəkçinli məmurun mənimsədikləri pulları Qərb banklarında "yumaq" olmuş, sonradan aldığı əmrə uyğun olaraq Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə gələrək "siyasətçi"liyə başlayan Vardanyan bu ifadə ilə etiraf edir ki, Qarabağ erməniləri üçün “blokada”nı məhz o təşkil edib və o, nəyin bahasına olursa-olsun orada əhalini saxlamaq niyyətindədir.

"Laçın yoludan istifadədən imtina" ilə bağlı sərsəm açıqlamaya gəldikdə isə, Vardanyan özü bilər. Həmin yolla getməyə də bilər, Xankəndində qalaraq destruktiv fəaliyyəti ilə məşğul da olar. Lakin Vardanyan və əlaltıları yolu birtərəfli, volüntarizmə əsaslanaraq qapatmaq fikrinə düşsələr, qarabağlı ermənilərin bu "əlavə və yeni blokada"ya nə qədər dözəcəkləri maraqlı məsələdir.

Qərb banklarındakı maliyyə vəsaitini və Qərb ölkələrindəki əmlakı ilə şirkətlərini Ukraynadakı müharibədən dolayı Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar çərçivəsində itirmək qorxusundan RF vətəndaşlığından imtina edən Ruben Vardanyanın həmin klonudası, xatirinizdədirsə, yalnız ironik hisslər yarada bilərdi.

Yenə də təkrarlayaq: məhz aldığı təlimatlar əsasında Vardanyan Rusiya vətəndaşlığından "könüllü imtina" edərək Xankəndində "siyasi xilas və geosiyasi nicat əməliyyatı"na başlayıb.

Bu təlxəyi Xankəndinə yollayanların iki məqsədi var:

1. Vəsaitlərini sanksiyalardan xilas etmək üçün Vardanyanı "Rusiyanın hakimiyyət və biznes dairələri ilə de-yure və de-fakto heç bir ciddi əlaqəsi olmayan şəxs statusuna sahibləndirmək

2. Xankəndindəki separatçı rejim üzərində Ermənistanın baş naziri Nikol Paşinyanın təsir imkanlarını minimuma endirmək, qarabağlı ermənilərdən Bakıya və İrəvana sürəkli siyasi təzyiq vasitəsi qismində istifadə etmək, vəziyyəti daim gərgin saxlayaraq RSK-nın Qarabağda 2025-ci ildə səlahiyyət müddəti başa çatandan sonra da qalmasını "əsaslandırmaq" üçün zəruri şərtlər toplusuna nail olmaq.

Xankəndindəki separatçı rejimin rəhbərti Araik Arutyunyan bu siyasi təlxəyi "dövlət naziri" təyin edəndə də təlimatlar əsasında hərəkət etmişdi, lakin sonradan R.Vardanyanın Ermənistanda hakimiyyətə yiyələnmək niyyətini anlayanda Nikol Paşinyanın sərt tonlu göstərişlərindən sonra Vardanyanı vəzifəsindən kənarlaşmağa vadar etdi.

Arutyunyanın bu qərarının digər səbəbi isə Ruben Vardanyanın idiotik və aqressiv bəyanatları ilə rəsmi Bakını qəzəbləndirməsiydi. Separatçı rejim anlamışdı ki, Vardanyanın qarşısı alınmasa, Xankəndindəki xuntaya qarşı antiterror əməliyyatı qaçılmazdır.

R. Vardanyanın manifestində ən "maraqlı məqam" sondadır. O yazır ki, Azərbaycan aprelin 23-nə qədər vəziyyətə “dönməzsə” hansısa təşəbbüs qrupunun fəaliyyət planı var. Və guya bu planı Araik Arutyunyana da, Qarabağdakı digər qruplara da, RMK-ya da çatdırıblar.

“Əgər nə RMK, nə də beynəlxalq ictimaiyyət heç nəyi dəyişdirə bilməsə - biz həmvətənlərimizin qanuni maraqları, əlimizdə olan dinc və digər vasitələr əsasında hərəkət etmək hüququnu özümüzdə saxlayırıq”, - Vardanyan yekunlaşdırır.

"Digər vasitələr"?! Nədir bu "vasitə"lər?Terror hücumları? Diversiyalar, partlayışlar? Vardanyan başa düşürmü ki, 

bu tipli aksiyaları yerinə yetirəcək erməniləri ölümə məhkum edir? Həmin silahlı ermənilər, daha doğrusu, terrorçular və diversantlar ən yaxşı halda həbs edilərək Bakıda məhkəmə qarşısında duracaq, sonra Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş cəzalarını çəkəcəklər.

Bu, ermənilər üçün hadisələrin ən yaxşı inkişaf məcrasıdır.

Ən pis halda onları Xankəndində torpağa göməcəklər.

İrəvandakı Yerablur məzarlığına da yox, çünki cəsədləri çıxarmaq üçün dəhlizdən istifadə etmək lazımdır. Terrorçularla - və bu qruplar mahiyyət etibarilə terrorçu olacaqlar - heç kim mərasimdə mütləq dayanmayacaq.

Vardanyanın “başqa siyasi qüvvələrin nümayəndələri ilə müzakirələr"dən bəhs edir.

Maraqlıdır, Arayik Arutyunyan, Vitali Balasanyan və başqaları bu barədə həqiqətən nə düşünür? Onların, ümumiyyətlə, belə "müzakirələr və danışıqlar"dan xəbəri varmı?

Varsa, deməli, cinayətkarlar olan A.Arutyunyan və V.Balasanyan Azərbaycan qanunları qarşısında cinayətlərinin sayını daha da artırıblar.

Yox əgər Ruben Vardanyan yalan iddialarla çıxış edirsə, onda Xankəndindəki xunta bilməlidir ki, bəhs etdiyimiz təlxək artıq çox təhlükəli fəaliyyətdədir və həmin fəaliyyət Arutyanyan-Balansanyan tandemi ilə yanaşı, separatçı xuntanın digər rəhbərlərinin legitim hərbi hədəf qismində fiziki zərərsizləşdirilməsi ilə sonuclana bilər.

R.Vardanyanın Rusiyaya ünvanladığı ultimatumlara gəldikdə isə, situasiyaya bir qədər geniş baxmaq gərəkdir.

Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsov Rusiya sülhməramlı kontingentinin (RSK) yeni komandanı qismində artıq üç gündür ki, Xankəndindədir.

Erməni mediası dünəndən üç rusiyalı - RSK-nın artıq sabiq komandanı, general-mayor Andrey Volkov, general-polkovnik Aleksandr Lentsov və daha bir rusiyalı rəsminin Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi (SNBM) ilə bağlı müzakirələr apardıqlarını iddia edirlər.

İrəvandakı "Hraparak" qəzeti bununla bağlı yazıb: "Ermənistan sanki kimsəyə gərək deyil, “itkin” düşüb. Bəzi mənbələr iddia edir ki, A. Lentsov mövcud prosesi müvəqqəti olaraq, belə desək, dəstəkləməyə gəlib. Probemlər həllini taparsa, onu Moskva geri çağıracaq. Çünki Ukraynada müharibə aparan Rusiyanın indi Lentsov kimi generallara məhz hərbi əməliyyatlar teatrında ehtiyacı var. RSK-nın məqsədi azərbaycanlıların inşa etdikləri sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi, onun yerində sadəcə, rentgen skanerlərinin quraşdırılmasına nail olmaqdır. Yəni RSK Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılmasını və Azərbaycan tərəfinin də prosesi sadəcə, onlayn izləməsini istəyir".

RSK-nın komandanlığının əsas diqqəti indi təhvil-təslim əməliyyatına və Həkəri üzərindəki SBNM-lə bağlı müzakirələrə qarışdığından Ruben Vardanyana cavab verilməyib.

Lakin Rusiya generalitetinin və siyasi strukturlarının fəaliyyət ənənələrini, xüsusilə də bölgədəki situasiyanı nəzərə alsaq, Xankəndindəki təlxəyə veriləcək cavabın əsla mülayim olmayacağını təxminləmək olar.

Çünki o, təlimatlar çərçivəsindən kənara çıxaraq terrorçu kimi davranmağa başlayıb.

Trend.az




Ana səhifəyə qayıt        Baxış: 5 874          Tarix: 27-04-2023, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma