Xəbər lenti

  

Eks-spiker Rəsul Quliyevin Ovqat.com-a müsahibəsinin II hissəsini təqdim edirik:

(əvvəli: http://ovqat.com/logoxeber/8715-rsul-quliyev-liyevlrin-azrbaycandan-imal-koreya-duzltmk-fikri-olmayb-yoxdur.html)

-Rəsul müəllim, sözsüz ki, mövcud rejimin indiki qədər güclü olmasında xarici faktorlar da az rol oynamayıb. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər naziri Lavrov bu yaxınlarda etdiyi çıxışlarından birində Qarabağ, Dinestryani  problemlərin ortaya çıxış səbəbinin Qərbin post-sovet ölkələrinə müdaxiləsinin qarşısını kəsmək üçün olduğunu etiraf etdi. Sizcə, bu etiraf Rusiyanın əsas hədəflərindən birinin Azərbaycan olduğunu göstərmirmi? Demokratik qüvvələr rus əngəlinə qarşı nə etməlidirlər?

-Rusiyanın imkanları keçmiş Sovet İttifaqı ilə müqayisədə azdır. Rusiya qismən gənc dövlətdir (monqol tatar işğalı 16-cı əsrin başlanığıcında qurtarıb) və yarandığından bu günə qədər qüdrətli bir xalq olduğunu sivil yolla sübut edə bilmədiyi üçün həmişə zəif qonşularına aqressiya tətbiq etməklə özünü tanıtdırmağa cəhd edib. Mülkiyyət toxunulmazlığı olmayan, bazar iqtisadiyyatını qəbul etməyən, çinovliklərinin rüşvətxor və azğın olduğu Rusiyada “piyaniskəlik” genetik xəstəliyə çevrilib. Alkoqoldan zəhərlənmiş dumanlı başlar həmişə diktaturaya üstünlük verib, demokratiyanı ancaq azsaylı intellegensiyası qəbul edib. Nəticədə rusların İvan Groznı, Pyotr 1, Ekaterina 2, Nikolay 1, Aleksandr 3, Lenin və Stalin kimi qaniçənlər xoşlarına gəlir. Reformist Aleksandr 1 və 2, Xruşşov, Qorbaçov və Yelçini isə adam hesab etmirlər. İndi meydana yeni bir xəstəruhlu, imperiya yaratmaq arzusu ilə yatıb duran Putin çıxmışdır. Sovetlər vaxtı yaradılmış (özünün 18 illik idarəçiliyində heç nə formalaşdıra bilməyib) strateji nüvə silahları, ağır bomba daşıyan  təyyarələri ilə dünyanı şantaj edən Putin sovetdən çıxmış respublikaları əgər onun əmrlərinə tabe olmazlarsa işğal xofuyla təhdid edir. Ən pisi isə “bu, mənim haqqımdır” sərsəm fikirlərinə inanır və ondan əl çəkənə oxşamır. Sovetlərin tərkibindən çıxmış bütün respublikalar Putin Rusiyasından qorxur. Bu qorxunun nəticəsində Şərqi Avropa, Baltik ölkələri qısa bir müddətə NATO-ya daxil oldu və qismən özlərinin müstəqilliyini təmin edə bildilər. Bu gün Ukrayna, Gürcüstan və Moldovanın gecə-gündüz NATO-nun üzvü olmağa cəhd etməsi də bu xofun nəticəsidir. Bu gün Rusiya ilə sərhəddi olan totalitar rejimli Qazaxstan və Azərbaycan daima qorxu içərisində yaşayır. Psevdo-müstəqillikdən dəm vursalar da, Rusiyanın qarşısında həqiqi müstəqilliklərini itiriblər. Putin istədiyi vaxt hər iki ölkəyə qarşı təxribat (Qazaxstanda əhalinin 38 faizi rusdur. Azərbaycanın isə şimalı təxribat ocağı ola bilər) təşkil edib bir hissəsini humanitar kömək adı altında işğal etmək imkanına malikdir. Həyat şəraitinin 2.5 dəfə Rusiyadan aşağı olduğu Azərbaycanda təxribat etmək və xalqın ‘’qızıl’’ ordunu gül-çiçəklə qarşılamağını təmin etmək Rusiya üçün su içmək qədər asandır. Əgər Azərbaycanın liderləri 24 il ərzində anlayıb, azad və demokratik rəqabətdə udmuş insanlardan ibarət dövlət yaratsaydılar, liberal, mərkəzdən idarə olunmayan iqtisadiyat qursaydılar, bu gün Azərbaycanda həyat şəraiti Rusiyadan azı 3 dəfə yaxşı olardı və əks proses yəni Dağıstanın Azərbaycana birləşmək prosesi gedə bilərdi.

-Səbəb nə olursa olsun, hazırda Azərbaycan hakimiyyətinin, siz dediyiniz kimi, Rusiyadan çəkinməsi üçün kifayət qədər əsasları var. Üstəlik, Qərbyönümlü siyasətə meyllənməyin qarşısını kəsən başa amillər də mövcuddur. Azərbaycanın digər yaxın qonşuları olan İran, Türkiyə də anti-Qərb mövqeləri ilə tanınırlar. Yəqin razılaşarsınız ki, hər bir ölkənin xarici siyasət strategiyasını onun yaxın qonşularıyla münasibətləri müəyyənləşdirir. Belə bir şəraitdə Azərbaycanın anti-Qərb mühitində “yaşıl ada” olmaq şansı nə qədərdir?

-Həmin ölkələr həm də Gürcüstan və Ermənistanın qonşularıdır. Amma onlar bizimlə müqayisədə daha çox Qərbə inteqrasiya ediblər. Hətta Gürcüstan artıq Avropa Birliyinin tam astanasındadır. Nə əcəb onlar “yaşıl ada” olmurlar? Fikrimcə, Azərbaycanı digər kiçik qonşularından fərqləndirən başlıca cəhəti siyasi hakimiyyətinin iqtidar hərisliyidir. Rəsmi Bakının apardığı daxili siyasət (total korrupsiya və rüşvət, saxtalaşdırılan seçkilər) misilsiz cəhdlərinə baxmayaraq, ölkənin Avropaya yaxınlaşmasına imkan vermir. Hətta bəyənmədiyimiz Ermənistan Azərbaycanla müqayisədə Avropaya qat-qat yaxındır.

 O ki qaldı böyük qonşularımız kimi təqdim etdiyiniz hər 3 ölkənin strateji hədəflərinə, onlar nəinki eyni nöqtədə birləşə bilməz, əksinə, məqsəd və məramları ilə bir-birindən xeyli fərqlənirlər. İran sanksiyalardan xilas olub Avropaya yaxınlaşmaq istəyir. Türkiyə totalitarizmə, islamçılığa üstünlük verdiyi üçün Avropadan uzaqlaşmaq siyasəti aparır. Rusiya isə özünün işğalçılıq siyasəti ilə (Abxaziya, cənubi Asetiya, Ukrayna) Qərblə faktiki əlaqələri minimuma endirib. Bu baxımdan, Azərbaycan həmin maraq dairələrinin çarpışmasında, istəyib-istəməməsindən asılı olmayaraq, heç bir siyasəti olmayan ‘’amorf’’ vəziyyətində qalmağa məhkumdur. Ölkəni bu məhkumluqdan azad insan, azad iqtisadiyat, azad seçkilər və Qərbə tam inteqrasiya xilas edə bilər. İndiki hakimiyyət bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar.

Digər tərəfdən, sizin böyük qonşular kimi qavradığınız qüvvələr heç vaxt bölgənin cazibə mərkəzi olmayıb və olmayacaqlar da. Buna, ilk növbədə, hər 3 ölkənin ambisiyaları ilə iqtisadi potensialları arasındakı disbalans imkan verməyəcək. Böyük iddialarına baxmayaraq, illik məhsul istehsalı 1 trilyon 200 milyard dollar olan 146 milyon əhaliyə malik Rusiya (Müqayisə üçün qeyd edək ki, 80 milyon əhalisi olan Almaniya 4 trilyonluq məhsul istehsal edir), 880 milyard dollar olan Türkiyə (əhalisi 80 milyon) və 400 milyard dollar olan İran (əhalisi 80 milyon) 3-cü dünya dövlətləridir və heç vaxt dünya siyasətində mühüm rol oynaya bilməyəcəklər.

-Maraqlıdır, o zaman Azərbaycan hakimiyyəti niyə cazibə qüvvəsi olmayan bu 3 dövlət arasında “sendvic” durumunda qalmaqdadır. Sizin özünüz də belə bir məhkumiyyətin mövcudluğunu etiraf edirsiniz. Bu məhkumiyyət hardan qaynaqlanır?

-Nə yazıq ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına heç bir məhəl qoymadığından və öz hakimiyyətini saxlamaq siyasəti apardığından faktiki hər 3 qonşu ölkənin əsirinə çevrilib. Avropayla münasibətini tam itirməmək üçün əvvəl (müsahibənin ilk hissəsində – H. O.) qeyd etdiyim tədbirləri həyata keçirir. Aparılan siyasət nəticəsində Qərbdə “Azərbaycan xalqı demokratik dəyərləri qəbul edə bilərmi” bədgumanlığı yaranıb. Qərb heç bir idarəçilik səriştəsi nümayiş etdirməyən müqəvva müxalifətdənsə, İ. Əliyevi dilə tutmaqla siyasi və iqtisadi islahatlara nail olmağa üstünlük verir. Hakimiyyət isə bu fürsətdən istifadə edərək ata Əliyevdən qalma “balanslaşdırma” siyasətilə bütün xarici dövlətlərlə eyni məsafədə dayanmağa çalışır. Amma bu da bir həqiqətdir ki, artıq həmin siyasət əvvəlki effektini vermir, Azərbaycanın asılılığını artırır...

-Rəsul müəllim, axı, Azərbaycanın bir də Qarabağ dərdi var. Ölkəmiz siyasi oriyentasiyasını ortaya qoyan kimi, bu siyasətdən narazı qalan qüvvələr dərhal Qarabağ kartını işə sala bilirlər. Üstəlik, mövcud rejim Rusiyayla əlaqələrə Qarabağı ermənilərdən almaq şansı kimi baxdıqlarını da gizlətmirlər. Rəsmi, yarırəsmi ağızlarda “Qarabağın açarı Rusiyadadır” kimi fikirlərin səslənməsi də buna sübutdur...

-Mən bu fikirlə razılaşmıram. Rusiyadan hansısa mədət ummaq özünü və ya xalqını aldatmaqdan başqa bir şey deyil. Rusiya Lavrovun dili ilə açıq-aşkar Ermənistanın Qarabağ işğalçılıq siyasətini dəstəklədiyini elan edib və bunu praktikada da göstərir. Ermənistan Qarabağda özünün torpaqları kimi artıq infrastrukturları yaradır (institutlar, hotellər, xəstəxanalar tikir, yollar çəkir ), kənd təsərrüfatı sahələrini istismar edir. İstənilən variantda Dağlıq Qarabağı, Şuşa başda olmaqla,  4.5 min kvadrat kilometr sahəsi ilə ermənilərə versələr belə, onlar Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli və Ağdamdan çıxmaq fikirləri yoxdur. Bu gün həmin torpaqları 25 illik çox ucuz qiymətə arendaya vermək üçün xaricdə yaşayan ermənilərlə gizli danışıqlar aparır. Bir sözlə, bu rejimlə Qarabağın qismən və ya bütövlüklə qaytarılması heç vaxt baş verə bilməz.

-Xatırlayıram ki, bir zamanlar siz maraqlı bir ideya ortaya atmışdınız: Azərbaycan məcburən cəlb olunduğu və Rusiyanın maraqlarına xidmət edən  müharibədən diqqətini ayırmalı,  iqtisadi cəhətdən inkişafa önəm verməlidir. Bu addımı atarsaq, Qarabağdakı ermənilərin öz xoşlarıyla bizim tərkibimizdə daxil olmaq istəyəcəklərini bildirirdiniz. İndi də eyni mövqedəsiniz?

-Bəli, bu sözləri mən demişəm və bu söylədiklərimi həyata keçirməyə də hazıram. Bu günkü Dağlıq Qarabağ əhalisi öz vətəndaşlarının hüquqlarını addımbaşı pozan Azərbaycanın tərkibinə heç vaxt qayıtmaz və eyni zülmü yaşamamaq üçün vuruşmağa məhkumdur. Azərbaycandakı insan haqlarının tapdalandığı şəraitdə heç bir Qərb ölkəsi Dağlıq Qarabağın Azərbaycana  qaytarılmasına Ermənistanı məcbur etməz. “Ərazi bütövlüyünü qəbul etmişik, Dağlıq Qarabağı bir ölkə kimi tanımırıq, ancaq onlar öz xoşları ilə Azərbaycanın tərkibinə daxil olmalıdır” prinsipi faktiki Qərb tərəfindən qəbul edilmiş tezisdir. Əgər Azərbaycanda demokratiya nəticəsində həyat səviyyəsi ən azı 5 dəfə artsa, beynəlxalq standartlara uyğun məhkəmə sistemi yaradılsa, Dağlıq Qarabağ məmnuniyyətlə avtonomiya şəkilində Azərbaycanın tərkibinə qayıtmağa çalışar. Ermənistanla Gürcüstan da məmuniyyətlə bizimlə hərtərəfli inteqrasiyaya gedər, gələcəkdə Zaqafqaziya parlamenti, mərkəzləşdirilmiş maliyə və sair (sadalamaq istəmirəm) institutlar yaradıla bilər.

-Amma bir məsələ də var. Siz həmin fikirləri deyərkən, Azərbaycanın ən azı potensial olaraq iqtisadi gücü Cənubi Qafqazda ən yaxşı vəziyyətdə idi. Neft bumu bitincə və dünyada “qara qızıl”ın qiymətləri ucuzlaşınca, vəziyyət bizim əleyhimizə dəyişdi. Hər halda Ermənistan və Gürcüstanda vətəndaşların aylıq qazancı bizimlə eyniləşib, hətta bəzi məqamlarda bizi üstələyirlər. Belə bir vəziyyətdə Sizin o strategiyanız da öz əhəmiyyətini itirməyibmi?

-Əksinə, bu gün daha aktualdır. Çinovliklərinin həyat səviyyəsini nəzərə almasaq, Azərbaycan vətəndaşlarının nə vaxtsa, o cümlədən sovet dövründə, Gürcüstan və Ermənistandan yaxşı olduğunu təsdiqləyən heç bir statistika yoxdur. Bir daha təkrar etmək istəyirəm: Azərbaycanın gələcəyi, o cümlədən Qarabağ torpaqlarının geri qaytarılması bizim özümüzdən daha çox asılıdır, nəinki xarici faktordan. Yəni nə RF-sı, nə də İran və Türkiyə torpaqların geri qaytarılmasında heç bir rol oynamaq fikirində deyillər, bu vasitə ilə Azərbaycanı özlərindən asılı vəziyyətdə saxlayırlar.

 Ermənistanın həyasızcasına bizim torpaqları mənimsəməsinə hökümət tərəfindən nəinki müqavimətə, heç kəskin etiraza belə rast gəlmək mümkün deyil. Ermənilər azərbaycanlıları və onun hakimiyyətini daima ələ salırlar, bizlərsə daha çox qulaqardına vurmağa üstünlük veririk.

Qarabağ problemini həll etmək istəyən hakimiyyət “gul bayramı” yazan iki gənci, yaxud 12 min evroya görə Gözəl Bayramlını (uzaqbaşı, cərimələyə bilərdi) həbs etdirməz, Azərbaycanda müstəqil informasiyanın simvoluna çevrilən, həmişə obyektiv olmağa çalışan Mehman Əliyevi zindana salmaz. İnsan haqlarına bu səviyyədə ikrahla baxılan ölkəyə torpaqlarının geri qaytarılmasına heç kim heç vaxt kömək etməz.

-Bayaq bir söz dediniz: ermənilər və gürcülər də bizimlə eyni coğrafiyada yaşayırlar və niyə onlar “yaşıl ada” olmurlar, biz oluruq? Gəlin razılaşaq ki, biz istəsək də, istəməsək də, hər iki qonşumuzdan fərqlənirik və İslam mədəniyyəti dairəsinə daxilik. Tarixi şüuraltımız da bizi bu istiqamətə çəkir. Nə yazıq ki, İslam dünyasında amansız məzhəb savaşları gedir və bu poliqonda üz-üzə gələn dövlətlərdən ikisi bizim yaxın qonşumuzdur və onların Azərbaycan insanına ciddi təsir imkanları var. Necə fikirləşirsiniz, biz bu savaşda əzilməmək üçün nə etməliyik?

-İki dövlət deyəndə, yəqin ki, Türkiyə və İranı nəzərdə tutursunuz.  Başqa təsir gücünə malik olan ölkələri nəzərə almamağınız səbəbi, çox ehtimal, bizm türkəsilli  (İranda da 20-25 milyon türk yaşayır) və əksəriyyətimizin şiə olmağından irəli gəlir. Ancaq hər iki ölkəyə qarşı islam aləmində kifayət qədər düşmənçilik meylləri yaranıb. Həm İran, həm də Ərdoğan Türkiyəsi islam aləmində hegemon rol oynamaq istəyirlər. Ancaq bu mümkün deyil. Azərbaycan da totalitar rejimlə idarə olunduğundan hər iki ölkədən, onlardan daha çox Rusiyadan qorxur. Bu dövlətlərin başçılarını Azərbaycanın özünü kiçik qardaş kimi aparması təmin edir. Onlar xalqın maraqlarına qulluq edən, xalq tərəfindən seçilən prezident və parlament üzvlərinin formalaşmasına həmişə mane olmağa çalışacaqlar. Bu ölkələr bundan sonra da “mənim diktatorum yaxşı diktatordur” fəlsəfəsinə uyğun namizəd axtarmağa üstünlük verəcəklər. Bu da yalnız bir şərtlə baş verə bilər: xalq indikinə nifrət etməli, yenisini sevməlidir. Üstəlik, Türkiyədə totalitarizmin güclənməsi avtomatik olaraq Azərbaycanda indiki hakimiyyəti də möhkəmləndirir. “Aramızda din fərqinə görə qonşularımızla böyük fərq var” tezisinin heç bir fundamental əsası yoxdur. Gürcüstan 3 minillik tarixi olan İran imperiyasının tərkibindən cəmi 200 il bundan öncə çıxıb. Ermənilərin 80 faizi ərəb xəlifəti dövründə islam dinini qəbul ediblər və ən azı 400 il müsəlman olublar. Bildiyiniz kimi İran imperiyasının iki aparıcı xalqı olub-farslar və azərbaycanlılar.

 Ona görə də “bizim aramızda dinlə əlaqədar böyük fərq var” tezisi işləmir.

-Yeri gəlmişkən, Azərbaycan hökuməti bu zamana qədər dini qurumlarla bağlı siyasətində sərt mövqe tutmağa çalışmışdır. Bir müddətə qədər həqiqətən də bu cür metodlar nəticə verib. Amma uzaq perspektiv üçün, görürük ki, sərt metodların bumeranq effekti vermək ehtimalı da var. Azərbaycanı bu təhlükədən sığortalamaq üçün nə edilməlidir?

-Azərbaycan dini dövlətdən qətiyyətlə ayırma siyasəti həyata keçirməlidir. Bu, cəmiyyətdə inkişafın fundamental şərtidir. Vətəndaşlar, hansı dinə qulluq etməsindən asılı olmayaraq, dini hökmlərlə yox, ölkənin qəbul etdiyi qanunlarla yaşamağı öyrənməlidir, başqa sözlə, məcbur edilməlidir. Ancaq dövlət öz növbəsində ucuz qadağa qanunları qəbul etməməlidirlər. Məsələn, çadıra örtməyi, başı bağlamağı yasaqlayan anti-konstitusion qanunlar qəbul etməməlidirlər. Məktəblərdə teologiya dərsi keçirilə bilər, ancaq heç bir dini təbliğ edən dərs keçirilməsinə yol vermək olmaz. Qurandan “Yasin” oxuyan mollara lisenziyalar həmin surənin Azərbaycan dilində tərcüməsini bildikdən sonra verilə bilər. Yasin yas sahibinin tələbi ilə Azərbaycan dilində də oxunmalıdır. Dövlət qanunlarıyla fundamentalizm, doqmatizm məhdudlaşdırılmalıdır. Yəni dinə hucum etmək olmaz, ancaq dinçilərin hamısı qanunlar çərçivəsində yaşamağa məcbur edilməlidir.

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 977          Tarix: 6-09-2017, 08:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma