“Saakaşvili dostu Mətyu Brayza ilə birlikdə Əliyevlərə lobbiçilik edəcək”.
Eks-spiker Rəsul Quliyevlə bu dəfə Qüds problemindən tutmuş, Rusiya-ABŞ münasibətlərinə, Azərbaycandaxili məsələlərə qədər bir çox mövzuları masaya yatırdıq.
Rəsul Quliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:
(Əvvəli bu linkdə: http://ovqat.com/manset/15657-rsul-quliyev-rdoan-xcaltindn-ban-yuxar-qaldrmamaldr.html)
II Hissə
-Rusiyaya qarşı həm Avropa İttifaqı, həm ABŞ tərəfdən növbəti sanksiyalar gözlənilirmi? Hər halda Aİ sanksiyaların zamanını uzatdı. Bu sanksiyalar işə yarayacaqmı?
Rusiya yaranandan bu günə qədər sivil Avropa ölkələrinin həyat tərzinə yaxınlaşmağa cəhd edir, ancaq getdikcə daha da uzaqlaşır. Məsələn, Rusiya 1905-1917-ci illərdə Avropaya daha yaxın idi, nəinki bu gün. Son 30 ili götürsək, 1988-90-cı illərdə sovetlər Avropaya kifayət qədər yaxınlaşmışdı. Rusiyada zaman-zaman diktatorlar peyda olur və əldə edilmiş cüzi inkişafların üzərindən xətt çəkirlər. 2000-ci ildə peyda olmuş, məhdud ağıla malik, demokratiya, insan azadlığının Qərb tərəfindən kəşf edilmiş yalan olduğunu qəbul edən Putin, sözsüz ki, Rusiyanı Avropa həyat tərzindən daha da uzaqlaşdırdı, bu proses davam etməkdədir və edəcəkdir. Rusiya böyük bir ərazini əhatə edən, 17-ci əsrdə yaranmış bir dövlətdir. 146 milyonluk əhalisinin 130 milyonu Avropa, 16 milyonu isə Asiya qitəsində yaşayır. Bir tərəfində Komfuci, budda fəlsəfəsi ilə silahlanmış tradisiya (ənənələr) ilə yaşayan Çin , Hindistan, Yaponiya, Koreya və başqaları, o biri tərəfində dünyada Nyuton, Adam Smit, Eynşteyn kimi alimləri ilə müasir sivilizasiyanın fundamentini qoyan və inkişaf etdirən Qərb dayanıb. Bu hibrid aqressiv nəhəng ölkə heç bir yaşayış tərzini qəbul edə bilmədiyindən (Daha doğrusu, diktatorları qəbul etməyə imkan vermədiyindən), ətrafındakı Azərbaycan tipli kiçik ölkələri də özü kimi zillətdə yaşamağa məcbur edir. Azərbaycanın intelligensiyası ruslarınkından azı 3-4 dəfə aşağı olduğundan, bizim xalq bu zulmü qəbul edən ən münbit ölkədir. Və bu da Əliyevlər rejiminin xalqı kölə kimi saxlamaqda işini asanlaşdırır. Rusiya rejiminin və vətəndaşlarının işləmə qabiliyyətinə görə heç bir sanksiyasız Qərb ölkələrindən 3-6 dəfə aşağı (yaşamaq səviyyəsinə görə) səviyyədə olduğu aksiomadır. Sanksiyalar Rusiyanın iqtisadiyyatını darmadağın edəcək, həyat səviyyəsi böyük sürətlə tənəzzülə gedəcək. Nə deməkdir sanksiya? Sanksiya Rusiyaya Qərbin investisiya gətirməsini dayandırır. Qərb texnologiyası əsasında yeni zavod və fabriklərin tikilməsini dayandırır. Həm işsizlik artır, həm də bir çox malların istehsalı sadəcə olaraq mümkün olmur. Valyuta ehtiyatı olmadığından, məsələn, özündə olmayan malları Çindən alıb gətirməsi üçün ya neft və qazla, ya da torpaqları ilə ödəmə aparmağa məcbur edilir. 2018-ci ilin fevralında ABŞ Konqresi əvvəllər nəzərdə tutduğu sanksiyaları Rusiyaya tətbiq etsə, ölkənin maliyyə vəziyyəti yaxın bir neçə ilə darmadağın olacaq.
-Azərbaycan seçki ilinə qədəm qoyur. Tam belə bir zamanda geopolitik sahədə ciddi ayrılmalar yaşanır. Rəsmi Bakının uzun illərdən bəri davam etdirdiyi balanslaşdırma siyasətini Rusiyanın xeyrinə dəyişdiyi müşahidə olunur. Vaşinqtondan bu seçki ilində Bakıya hansı reaksiyaları gözləyirsiniz?
-Bakının, sizin təbirlə desək, balanlaşdırma siyasətinin Rusiyanın xeyrinə dəyişdiyi müşahidə olunmur. Ölkə üçün heç bir əhəmiyyəti olmayan balanslaşdırmanı siyasət adlandırmaq mümkündürsə, sual ortaya çıxır: kimə və nə üçün lazımdır bu siyasət? Bu siyasət xalqa yox, hakimiyyətdə olanlara xidmət edir. Qərb onlara pullarını gizlətmək və övladlarını rahat yerləşdirmək üçün lazımdır. Rusiya isə rejimlərini dəstəkləmək üçün əhəmiyyət kəsb edir. Bu siyasətin nə torpaqları azad etmək, nə də xalqın yaşayışını yaxşılaşdırmaqla heç bir əlaqəsi yoxdur.
O ki qaldı 2018-ci il seçkilərinə, bu dəfə də Qərbin münasibəti 23 ildə olduğu kimi qalacaqdır. Elə bir dəyişiklik gözlənilmir. “Azad olmaq istəməyən xalqa heç bir xarici ölkə zorla azadlıq verməyəcək” fəlsəfəsini azərbaycanlıların başa düşməsinə bu 23 il kifayət etməli idi, təəssüf ki, bu belə olmadı. İstər müxalif media qurumlarının, istərsə də hökumətin TV-lərinin küçələrdə sorğular apardığı sadə insanlar, gənclər bu rejim haqqında elə mədhiyyələr söyləyirlər ki, xəcalət çəkirsən. Siz minnəfərlik mitinqlərdən sonra prezidentin A.İ-na səfərini müşahidə etmisinizsə, onun necə özünü inamlı apardığını, necə ölkədə demokratiyanın qələbəsindən danışdığını görməmiş olmazsınız. Aİ-nın rəhbərləri faktiki onu alqışlayırdılar.
-Rəsul müəllim, Azərbaycana Rusiyadan hər hansı hərbi təhlükə gözlənilirmi? Axı, adətən nəhəng dövlətlər qarşılaşdıqları iqtisadi böhrandan yaxa qurtarmaq üçün lokal müharibələrə can atırlar. Rusiyanın yenidən post-sovet məkanını ilhaq etmək perspektivi nə qədər realdır?
-İndi nəinki 19, heç 20-ci əsr də deyildir. 21 əsrdə lokal müharibələrlə iqtisadi böhrandan çıxmaq mümkün deyil, əksinə, bu, böhranı daha da dərinləşdirər...
-Amma fakt budur ki, Rusiya Ukraynanın bir hissəsini ilhaq edib.
-Rusiyanın Krımı işğal etməsi (referendum pərdəsi altında), Donbassa qoşun yeritməsi ilk növbədə onun öz iqtisadiyyatını ağırlaşdırdı. Neftin qiymətinin düşdüyü bir vaxtda Rusiyanın belə bir addım atmasını elementar ağılla belə, izah etmək mümkün deyil. Ölkənin başında Putin kimi sovetlərin dağılmasını 20-ci əsrin ən böyük faciəsi, Stalini özünün kumiri hesab edən imperiya paranoyuna mübtəla birisi durmasaydı, heç vaxt Rusiyanı məhvə aparan bu addım atılmazdı. Adətən, qonuşularla müharibələr ölkə daxilindəki vəziyyətin ağırlığından diqqəti uzaqlaşdırmaq üçün edilir. Ukrayna avantürasından sonra Rusiyanın qonşularına təcavüz etməsi qeyri-real görsənir. Rusiyanın hücum edə biləcəyi cəmi 2 ölkə var: Azərbaycan və Qazaxstan. NATO-nun üzvüləri, o cümlədən Ukrayna, Moldova və Qürcüstana hücum etmək RF üçün katastrofiya ilə qurtarar. Azərbaycan və Qazaxıstan hakimiyyəti isə faktiki özlərini Putinin vassalları kimi aparırlar, ona görə də aqressiyaya əsas yoxdur. Putin Rusiyası, əksinə, Ukraynada törətdiklərindən yaxasını qurtarmalı və sanksiyalardan xilas olmağa çalışmalıdır. Əlavə aqressiya ocağı açmamalıdır.
-Ukraynadan söz düşmüşkən, Saakaşvilidən danışmamaq günah olardı. Saakaşvilinin Ukraynada başlatdığı hərəkatın regional təsirləri necə ola bilər? Bu, növbəti “məxməri” inqilab dalğasıdırmı? Proseslərin arxasında hansı dövlət dayanır və məqsəd nədir?
-Saakaşvili Gürcüstanın prezidenti olub ( 2 dəfə), siyasi və iqtisadi reformaların keçirilməsinə rəhbərlik edib. Saakaşvilinin komandası, sözün əsl mənasında, reformistlər idilər, ancaq son vaxtlar liderlərinin qeyri-adekvat hərəkətləri partiyasının seçkiləri uduzması və Ukraynadakı paranoyik hərəkətləri isə partiyasının parçalanması ilə nəticələndi. İndi Gürcütan parlamentində Saakaşvilinin partiyasının gücünün neçə faiz olduğunu söyləmək çətindir. Fikirimcə, parçalanandan sonra 15 faizdən çox deyil. Reformaları və RF-na qarşı barışmaz mövqeyinə görə (2008-ci ildə atdığı dəli səviyyəsində addımlarına görə iki respublika Gürcüstandan birdəfəlik ayrıldı) Qərb ölkələri ona loyal yanaşırlar və Ukrayna prezidentindən ona qarşı mülayim olmağı xahiş etdilər. Nəticədə cənab Saakaşvili azğınlaşdı, qanunlara məhəl qoymadı, ağzına gələnləri danışmağa başladı. İlk gündən ətrafında olan Timoşenko, Sadavoy onun dəli bəyanatlarından təşvişə düşüb uzaqlaşdılar. Çox qısa zamanda həbs ediləcəyindən və ya Gürcüstana veriləyəcəyindən təşvişə düşən Saakaşvili Poroşenkoya məktub yazıb onu əfv etməyi xahiş etdi. Ancaq qatar artıq getmişdi. Çox ehtimal, Saakaşvili yaxın vaxtlarda Ukraynanı tərk edəcək, ola bilər, Hollandiyaya (arvadı Hollandiya vətəndaşıdır) getsin və ya başqa bir yerə.
Ukraynada isə 2018-ci il dönüş ili olacaq. Reformalar işləməyə, həyat səviyyəsi inkişaf etməyə başlayacaq. Saakaşvilinin aranı qarışdırmaq üçün (Ukrayna kimi loyal ola biləcək) yeni bir ölkə tapması (o cümlədən Gürcüstan) mümkün deyildir. Ehtimal var ki, o, dostu Mətyu Brayza ilə birlikdə (Brayza artıq neçə illərdir, Azərbaycandakı rejimə lobbiçiliklə məşğuldur) Əliyevlərə lobbiçilik edəcək.
-Bir həftədən sonra 2018-ci ilə qədəm qoyacağıq. Yeni ili necə proqnozlaşdırırsınız?
-2018-ci il mənim üçün birinci növbədə Azərbaycana dönüb seçkilərdə iştirak etmək cəhdim ilə yadda qalacaq.
Ölkənin daxilində isə 2018-ci ildə nəyinsə kardinal dəyişəcəyini görmürəm. Müstəqillik əldə ediləndən bu günə qədər müxalifətçilik edən müvəqqa liderlərin öz təşəbbüsləri ilə siyasi səhnədən gedəcəklərinə ümid bəsləyirəm. Belə bir addım atılarsa, ölkədə müəyyən canlaşmaya təkan ola bilər.
Dünyada 2018-ci il ABŞ-ın və Çinin daha da inkişaf etməsi ilə davam edəcək, Amerika özünün super güc statusunu bərpa edəcək. Bu iki dövlət kosmos proqramlarına görə sürətlə irəli gedəcəklər. Rusiya bu sahədə də əhəmiyyətini itirəcəkdir.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Paylaş: