Xəbər lenti
Dünən, 19:25

 

Suriyanın quzeyində hava sahəsini Türk təyyarələrinə açan Rusiyadan sonra PKK/PYD-yə ikinci böyük zərbəni ABŞ vurdu. Dünən Pentaqon adından açıqlama verən mayor Adrian Rankin Gallovay kürd separatçılarının onlara verilən silahlarla Afrinə köməyə gedə bilməyəcəklərini, əks halda, ABŞ-ın dəstəyindən məhrum olacaqlarını açıqladı.

Separatçılar üçün böyük şok effekti yaradan bu açıqlama istər-istəməz ağıllara bu sualı gətirir: ABŞ niyə Afrini güdaza verdi? Ən əsası, Vaşinqton Şimali Suriyanın digər bölgələrindəki PKK/PYD-ni sona qədər dəstəkləyəcəkmi? Ümumiyyətlə, bu proseslərdən sonra Kürdüstan proyekti nə qədər realdır?

Zənnimizcə, bu sualların cavabı Pentaqon sözçüsünün məlum açıqlamasıyla eyni gündə Hudzon İnstitutunda keçirilən bir konfransda Yaxın Şərq analitiki Maykl Doran tərəfindən bütün incəliklərinə qədər verilib. Analitik çıxışında ABŞ-ın Suriya siyasətini ciddi tənqid edib və bunun Obama hakimiyyətinin ən böyük səhvi adlandırıb. O, PKK/PYD-nin dəstəklənməsi məsələsində Yaxın Şərqdə ABŞ-ın ən böyük müttəfiqi olan Türkiyənin aldadıldığını iddia edərək deyib:

 

Maykl Doran

“Hazırda PYD/PKK məsələsi Türkiyə ilə ABŞ arasındakı ən əhəmiyyətli problemlərin başında gəlir. Əgər bu problem aradan qalxsa, bir çox şey daha asan olacaq”.

 ABŞ-ın Yaxın Şərqdəki maraqlarını Türkiyənin həyati mənafelərini nəzərə almadan həyata keçirməyin qeyri-mümkünlüyünü vurğulayan Dorana görə, bunun səbəbi Ankaranın regionda Vaşinqtonun ən mühüm tərəfdaşlarından biri olması ilə bağlıdır: “Türkiyəni özümüzdən təcrid etsək, vəziyyət daha da pisə gedə bilər. Barak Obamanın son dərəcədə qısamüddətli hədəflərindən bu gün stratejik nəticə əldə etməyə çalışırıq. Bu, bizim hazırdakı ən böyük ikili standardımızdır".

Analitik Obamanın stratejik yanılmasının nədən ibarət olduğuna da aydınlıq gətirib:

“Obama Suriyada İŞİD-ə qalib gəlmək üçün Türkiyədəki separatçı terror təşkilatı PKK-nın Suriya uzantısı olan PYD/YPG ilə işləməyə üstünlük verdi və bunu Ankaradan gələn bütün xəbərdarlıqlara baxmayaraq etdi. Burada söz oyunu qurmayacağam; Suriyada PKK-nı silahlandırma qərarı aldı və bunun ciddi nəticələri oldu".

 

Halbuki, PKK-nın İran və Rusiya ilə də yaxın münasibətləri olduğunu bildirən Doran Vaşinqtonun bunu nəzərə almadığını və gələcəkdə ABŞ əsgərləri bölgəni tərk edəndə sözügedən terror təşkilatının digər cəbhəyə - İran və Rusiyaya yönəlməkdən başqa çarəsinin qalmayacağını vurğulayıb:

“Bu vəziyyətdə bizim Suriyada sonsuza qədər qalmaqdan başqa alternativimiz yoxdur və biz regionun gələcəyində qətiyyən mühüm olmayan bir ünsürü yeganə tərəfdaşımız olaraq seçdik. Halbuki, digər tərəfdaşlarla da çalışmalıydıq. Əks təqdirdə, türkləri özümüzdən uzaqlaşdırmış olardıq və olduq da".

Bundan sonra ABŞ-ın Türkiyə ilə Suriya kürdləri arasında vasitəçi olmaqdan başqa variantının qalmadığıni, əks halda bölgənin tamamilə Moskvanın nəzarəti altına keçəcəyini bildirən analitik Türk ordusunun əməliyyata niyə Afrindən başlamasına da aydınlıq gətirib:

“Türklər “Obama bizə PYD-ın Fəratın qərbinə keçməyəcəyi barədə söz vermişdi” deyirlər. Mən onlara inanıram. Bu məsələdə Ankaraya qarşı səmimi davranmadığımızı düşünürəm. PYD-nin Afrində və hazırda döyüşdükləri bəzi yerlərdə olmaları üçün heç bir səbəb yox idi”.

 

Nəticə:

ABŞ-ın Yaxın Şərq siyasətinin formalaşmasında önəmli rol oynayan analitikin fikirlərindən də aydın olur ki, Vaşintqon artıq Obama hakimiyyəti tərəfindən ortaya atılan Kürdüstan proyektindən imtina etmək niyyətindədir. Çünki bu layihənin perspektiv planda Rusiyanın və İranın işinə yaradığını düşünür.

Rusiya üçünsə özünün Şərqi Aralıq dənizindəki hərbi donanması marşrutu üzərində üçüncü bir qüvvənin ortaya çıxması lazım deyil.

Qeyd edək ki, Rusiyanın isti dənizlərə açılan yeganə qapısı Qara dəniz – Aralıq dənizi üzərindədir və Suriyanın Tartus limanı onun Qara dəniz hərbi donanmasına bağlıdır. Böyük dövlət olmaq, dünya nəhənglərindən biri statusunu qorumaq və ya çevrilmək xətrinə Moskva bu dəniz xəttinə böyük əhəmiyyət verir.

 

Şimali Suriyada qurulması nəzərdə tutulan Kürdüstanın son sərhəddi isə Aralıq dənizi sahillərində tamamlana bilərdi. Bu isə Tartus limanının tam ağzında Rusiyanın baş bəlasına çevriləcək gücün ortaya çıxması demək idi.

 Görünür, məhz bu səbəbdən Rusiya kürd zolağının ən strateji nöqtəsində - Aralıq sahillərinə yaxın bölgədə yerləşən Afrini ABŞ-a buraxmamış, öz nəzarətinə götürmüşdü. Bu vəziyyətdə ABŞ üçün də Kürdüstanın heç bir əhəmiyyəti qalmamışdı. Çünki bu proyekt əslində Rusiyanın Aralıq dənizindəki ayağını kəsmək üçün lazım idi.

 

Rusiyaya geri dönərsək, bu bölgənin Suriyada qalması və Qara dənizdən Aralığa uzanan marşrutun ən önəmli keçidində yerləşən Türkiyə ilə münasibətlərinin müttəfiqlik səviyyəsində olması daha maraqlıdır.

Bir sözlə, Kürdüstan layihəsi artıq heç kimə maraqlı deyil.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 473          Tarix: 24-01-2018, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma