Xəbər lenti
Dünən, 19:25

  

Eks-spiker Rəsul Quliyev maraqlı təşəbbüslə çıxış edib. O, sosial şəbəkə izləyicilərinə müraciət edərək bildirib ki, yaxın günlərdə Azərbaycandakı mövcud vəziyyət və inkişaf istiqamətləri barədə yazı hazırlayacaq. Oxuculardan onları maraqlandıran konkret suallar varsa, göndərmələrini  xahiş edən eks-spikerin bu təşəbbüsü izləyiciləri tərəfindən də müsbət qiymətləndirilib. Rəsul Quliyevə xeyi sayda suallar gəlib və gəlməkdədir.

 

Suallara cavabların maraqlı olacağını nəzərə alıb Rəsul müəllimdən qələmə alacağı yazını Ovqat.com-a göndərməsini və bizim vasitəmizlə yaymasını xahiş etdik. Sağ olsun, təklifimizi yerə salmadı. Biz də öz növbəmizdə ona verdiyimiz sözü tutaraq, yazını ictimai müzakirəyə təqdim edirik.

III Hissə

Suallara cavab verməmişdən öncə ikinci yazıya verilmiş  şəhrlərdən danışmaq istəyirəm.

Azərbaycanda korrupsiya və rüşvət rejimindən faydananların sayı 100 mindən çoxdu. Onların bu rejimi dəstəkləyəcəyi gözləniləndir. Bu insanlar yaşından asılı olmayaraq (bu tipli gənclər daha bədbaxt adamlardır. Qabaqda hələ 50 il ömürləri var. İşləmək əvəzinə, beyinlərini yaltaqlığa təkmilləşdirməyə yönəldəcəklər), ağıllarını inkişaf etdirə bilməyiblər.

Bu gün azərbaycanlılar qonşularımızdan 50-70 faiz pis yaşayırlar; bu, sübuta yetirilmiş faktdır. Bu statiskanı tərtib edənlər dünyanın tanınmış alimləri və siyasətçiləridir. 20 faiz torpaqları 25 ildir ermənilərin işğalında saxlayan, bir milyondan çox qaçqının ən azı 70 faizinin öz torpaqlarını artıq tanımamasına nail olmuş hakimiyyət komandasının kapitanlarını necə qəhrəman hesab edilə bilər? Ümumiyyətlə, “qəhrəman” sözünün mənasını anlayırmı bu yazıqlar?

“Bu rejim ölkəmizi dünyaya tanıtdırıb” deyənlər haqlıdır. Ancaq rejim ölkəni korrupsioner, rüşvət alan və verən, oğru, insan haqları tapdalanan bir ölkə kimi tanıtdırıb dünyada, cənablar! Buna görə normal insanlar xəcalət çəkməlidir, fəxr etməməlidirlər.

Qonşularımızın vətəndaşları seçkilərə iki il qalmış seçki gününü bilir və ona hazırlaşırlar. Bizdə isə seçkilərə 11 gün qalıb 10 adamdan maksimum 2-si  (oda seçkiləri saxtalaşdıracaq məktəb müəllimləri və çinovniklərdir) prezident seçkisi olacağından xəbərdardırlar. “Bu hakimiyyət qüdrətli dövlət yaradıb deyənlər” ölkənin qüdrətini nədə görürlər - 20 faiz torpaqlarının itirilməsində, neft pullarının havaya sovrulmasında və ya günahsız insanların həbs edilməsində? Bir sözlə tərifləyəndə, dəstək verəndə çalışın abır çərçivəsində olsun.  

 

-Gülaga Əliyev soruşur: Rəsul bəy, bu gün ölkədəki neft-kimya sənayesinə rəhbərlik edənlərin işi sizi təmin edirmi? Əgər indiki vəziyyətdə sizə baş nazir postu təklif etsəydilər, razılaşardinizmi? Əgər razılaşsaydınız, nə kimi islahatlar aparardınız?

 

-Onların işinə qimət vermək mümkün deyildir. Çünki neft satışından gələn pulların 90 faizini ölkə rəhbəri idarə edir. Onlara ancaq maaşı vaxtı vaxtında verməyə (hərdən o da olmur) pul ayırırlar. Bəzi rekonstruksiyalar etmək üçün kiçik pul ayırmalarının xərclənməsi də PA-nın əlindədir. Bu günkü Baş nazirin səlahiyyətləri prezidentin tapşırığı ilə bəzi sənədlərə qol çəkməkdir, vəssəlam. Bəzi nazirlərin, Prezidentin ətrafında olan yaxınlarının səlahiyyətləri Baş nazirdən qat qat üstündür. Mənim Baş nazir olmağım Prezidentin səlahiyyətlərinin 90 faizinin azaldılması, Kabinetin formalaşmasında onun işinin ancaq Baş nazirin təqdim etdiyi fərmana qol çəkməklə qurtaracağı halda mümkündür. İslahatların keçirilməsini bütövlüklə Nazirlər Kabineti həyata keçirməlidir. Ancaq söylədiklərim reallaşarsa, mən bu postu tutmağa razılaşaram. Mən ideyalarıma məhəl qoyulmadığı üçün istefa verib getmişəm və heç vaxt başqa bir addım atmaram. Deməli, heç vaxt heç kim mənə belə bir təkliflə müraciət etməz.

 

-Rufat Hammerşteynin sualı: Sizcə, Azərbaycanda baş verə biləcək xalq çıxışlarının güclənərək siyasi hərəkata çevriləcəyi təqdirdə, xarici təcavüzkar qüvvələr, xüsusilə də Putin rejiminin müdaxilə etməsi nə dərəcədə realdır? Nəzərə alsaq ki, Putin Suriyada Əsəd rejimini qorumaq üçün birbaşa hərbi müdaxilə etdi. Eyni hərəkəti öz sərhəddində yerləşən Azərbaycanda etməsinə hansı faktorlar mane ola bilər?

-Putin psixi xəstədir, o bu günə qədər imperiya xəstəliyindən qurtara bilməyin, sovet imperiyasını bərpa etmək ən böyük arzusudur. Məsələn, Krımı işğal etmək, Donbas və Luqanskda Ukraynaya qarşı müharibə etməklə RF-na, onun vətəndaşlarına vurduğu ziyan fantastikdir. Heç bir ağlı başında olan insan ərazisinin 90 faizinin 100 illərlə boş qalacağını bilə-bilə kiçik əraziləri işğal etməklə ölkəsini bu səviyyədə izolyasiyaya salmazdı. Ona görə Rusiya həmişə olduğu kimi bu gün də Azərbaycan üçün ən təhlükəli dövlətdir. Ölkəni işğal etməkdən çox, ləzgi, talış, və erməni faktorlarından istifadə etməklə Mütəllibov tipli birisini hakimiyyətə gətirməyə cəhd edəcəkdir. Ancaq Suriyadan fərqli olaraq Azərbaycanın qonşuları İran və Türkiyənin reqionda öz maraqları var və bu, rusları açıq təcavüzdən saxlayan faktorlardır.

Sözsüz, Qərb ölkələri də Rusiyanın Azərbaycanı işğal etməsinə qətiyyətli müqavimət göstərəcək. Ən əsas məsələ ölkədə baş verə biləcək iğtişaşlara kimlərin rəhbərlik etməsindən daha çox asılı olacaq.

-Rövşən Əhmədov: Resul müəllim, Avropada rejimin tanıdılması aksiyasına necə baxırsınız? Onlara nə tövsiyyə edərsiniz?

-Bu istiqamətdə Avropada yaşayan həmvətənlərimizin gördükləri işlər təqdirəlayiqdir.

-Rasul Talibov: İlqar Məmmədov barəsində nə deyə bilərsiniz?

-İlqar Məmmədov rejimə boyun əyməyən cəsarətli insandır və sözsüz ona hörmətlə yanaşıram.

-Elşad Məmmədov: Neft - dünən, bu gun, sabah. Yaxın gələcəkdə qiyməti və büdcə?

 -Azərbaycanda vəziyyətin neftdən asılı olaraq yaxşılaşacağı period artıq itirilmişdir.Neftin qiyməti aşağı düşsə, xalqın vəziyyəti xeyli ağırlaşacaq, stabil qalsa vəziyyətin pisləşməsi zəif sürətlə gedəcək. Neftin qiymətinə proqnoz vermək çox çətindir. Ancaq  elektromobillərin istehsalı, başqa enerjilərdən (külək, gün) istifadə edilməsi və şell qazının istehsalının artırılması neftin və qazın qiymətlərinin aşağı düşməsi ilə nəticələnəcək. Azərbaycan büdcəsi neft istehsalının azalmasına görə ildə 1 milyard dollar aşağı düşəcək, bu isə ildə həyat səviyyəsinin 10 faizdən çox pisləşməsi ilə nəticələnəcək.

-Ceyhun Cəfərov: Sizi ölkəni indiki rejimə təhvil verməkdə günahlandırırlar. Bu ittihama cavabınız? Problemdən çıxış yolunu nədə görürsünüz?

-Ölkəni indiki rejimə verməkdə kimlərisə günahlandırmaq olarsa (o dövrdə hakimiyyətdə olan Xalq Cəbhəsindən başqa), mənim rolum birinci onluqda olmayacaq. O dövrdə H.Əliyevin Bakıya gəlməsini istəyən minlərlə adamlardan biri də, bəlkə də ən aktivi mən idim. Ancaq H.Əliyevin gəlib Elçibəyin yerinə prezident olacağı barədə heç düşünməmişdim. Düşünürdüm ki, H.Əliyev öz təcrübəsi ilə parlamentin rəhbəri kimi Elçibəylə birlikdə ölkəni bu vəziyyətdən çıxara bilər və sözsüz, mən də kömək edəcəkdim. Əliyevin təşkil etdiyi şaiələrə inanan Elçibəyin Bakını tərk etməsi hər şeyi alt-üst etdi.




Ana səhifəyə qayıt        Baxış: 4 490          Tarix: 31-03-2018, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma