ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Təhlüksizlik Əməkdaşlığı Agentliyinin Türkiyəyə 3.5 milyard dollar dəyərində “Patriot” havadan müdafiə sistemi satışına icazə verməsi ciddi müzakirələrə səbəb oldu. Pentaqonun bu qərarı, açıq şəkildə etiraf edilməsə də ən çox Rusiyada maraqla qarşılandı. Nədən ki, Türkiyə artıq neçə müddətdir ki, Rusiyadan S-400 raket qurğuları almaq üçün danışıqlar aparmış, ən sonunda ortaq məxrəcə gəlinmiş və həmin qurğuların qardaş ölkəyə göndərilməsi mərhələsinin başlanması gözlənilirdi. Tam bu sıralarda Pentaqonun məlum qərarı Rusiyada şübhə ilə qarşılanmış, Türkiyəyə NATO-nun təzyiqi kimi qiymətləndirilmişdi. Hətta ekspertlər arasında Türkiyənin S-400 almaq istəyinin sadəcə bir blef olduğuna inananlar da az deyil. Bəziləri isə Türkiyənin S-400 silahlarını aldıqdan sonra onun sirlərini ABŞ-a sata biləcəyindən ehtiyatlanırlar.
Ankaranın “Patriot” raketləri alması ehtimalının bu cür əks-səda doğurması təsadüfi deyildi. Zira rus hərbçilərinin fikrincə, S-400-lər hərbi texniki baxımından “Patriot”lardan xeyli qüvvətli silahdır və Türkiyəyə daha ucuz – 2.5 milyard dollara satılacaqdı. Bu durumda Ankaranın bir milyard dollar bahalı olan və daha qısa məsafəli “Patriot”-a yönəlməsi ilk baxışdan həqiqətən anlaşılan deyil və S-400-lərdən vaz keçiləcəyi təəssüratı yaradır. Rəsmi Ankara isə S-400-lərdən vaz keçmək fikrində olmadığını iddia edir. Beləcə, bir-birinin alternativi olan iki havadanqoruma sisteminin eyni anda alınacağı və bunun üçün kifayət qədər ciddi pulların ödəniləcəyi (ikisinə bir yerdə 6 milyard dollar) ehtimalı istər-istəməz müxtəlif suallara yol açır.
Fikrimizcə isə, Türkiyənin həm S-400, həm də Patriot silahlarını eyni anda almaq istəməsinin tam səmimi və real əsasları var və bunları iki yerə ayırmaq mümkündür. Əsaslardan biri geo-siyasi, digəri isə hərbi amillərdən qaynaqlanır.
Geo-siyasi amillər
Geo-siyasi amillər Türkiyənin iki hərbi qüdrətin maraqlarının toqquşduğu coğrafiyada yerləşməsi və qardaş ölkənin onlar arasında balanslaşdırılmış siyasət yürütmək məcburiyyətində qalması zərurətindən doğur. Başqa sözlə desək, Türkiyə hansısa tərəfdə dayanıb onunla eyni taleyi bölüşmək və ya “müttəfiqinin” siperinə çevrilmək niyyətində deyil. I Dünya müharibəsində təktərəfli xarici hərbi siyasətin ağır bədəllərini ödəyən və Almaniya ilə eyni gəmidə batmağın yaratdığı dağıntılar altından çıxmağı bacaran qardaş ölkə bu məğlubiyyətdən lazımi dərslərini almış, daha sonrakı illərdə mümkün olduğu qədər balanslı xarici siyasət kursu yeritməyə çalışmışdır. İstər II Dünya savaşında bloklara qoşulmamaqla, istərsə də rus təhlükəsinin güncələndiyi 1950-ci illərdə NATO-ya üzv olmaqla sərgilədiyi özünümüdafiə siyasətləri qardaş ölkəni bu günlərə daşımış, o, eyni zamanda hansısa qütbə aid olmağın gətirdiyi “mükəlləfiyyət”lərdən vaxtaşırı incə manevrlərlə yayınmış və bugünkü yüksəlişini təmin etmişdir. Başqa təbirlə desək, taleyin dərsləri bu ölkəyə iki qüdrət arasında necə dayanmağı öyrətmişdir. Hansısa tərəfin tam əsirinə çevrilməyin dövləti böyütməyəcəyini dərindən anlayan Ankaranın, nə qədər NATO üzvü olsa da, digər silahlı qüdrətlərlə mehriban münasibətlər qurmağa çalışması başadüşüləndir. Ən azı ona görə ki, tərəflərin girdiyi qanlı yarışlar nə Türkiyənin milli davasıdır, nə də ona fayda gətirir. Ankara bu yarışlarda balanslaşdırılmış siyasətlər yürüdərək, qazanclı çıxa biləcəyini gözəl anlayır.
Hərbi amillər
Hər iki müdafiə sistemlərinə eyni anda sahib olmaq Türkiyənin hərbi qüdrətini də artırır. Belə ki, uzun illər NATO çətiri altında qalmaq bu ölkənin hərbi qüdrətini nəinki gücləndirmədi, əksinə müttəfiqə inam onu bu sahədə xeyli geri saldı. Ötən əsrin əvvəllərində super dövlətlərin dünyaya sahib olmaq yarışına girəcək qədər özünə güvənən və dövrün hərbi texnikası baxımından onlardan çox da fərqlənməyən, hətta Qurtuluş müharibəsində dünya dövlətlərinə qarşı ağır döyüşlərdən qalib çıxan Türkiyənin indi ənənəvi rəqiblərilə boy ölçüşmək qüdrəti mübahisəlidir. Rəqiblərinin nüvə silahlarından tutmuş uzunmənzilli raketlərə qədər güclü müdafiə sistemləri olduğu halda Ankara bu hərbi qüdrətini yeni-yeni formalaşdırmağa çalışır. Onun son zamanlar sınaqdan çıxardığı ilk ən uzun mənzilli raketi Bora sadəcə 280 km uzaqlıqdakı hədəfi dəqiq vurma gücünə malikdir. Halbuki, Türkiyənin nəinki bir vaxtlar hərbi sahədə yarışdığı Qərb dövlətləri və ya Rusiya, hətta qonşu İranın belə mənzili min kilometrlərlə ölçülən raketləri var. Odur ki, qardaş ölkə özünün milli raket sistemlərini inkişaf etdirməli, bundan əvvəl isə havadan müdafiəsini yaxşılaşdırmağa çalışmalıdır.
Yeri gəlmişkən, qeyd edək ki, Türkiyənin indiyə qədərki havadan müdafiə gücü əsasən hərbi aviasiya gücünə dayanırdı. Yüzlərlə müasir təyyarələrilə qardaş ölkə bir çox Qərb dövlətlərini də geridə qoyur. Di gəl ki, müasir çağımızda hərbi aviasiyalar etibarlı havadan müdafiə sistemi sayılmır. İndi yaxın, orta və uzun mənzilli raketlər daha etibarlı müdafiə qüdrəti hesab olunur.
II Dünya müharibəsində Yaponiya – ABŞ arasında gedən müharibələrdə kamikazelərlə döyüş metoduna əl atması müasir raket sistemlərinin ilham qaynağına çevrilmiş, dövlətləri insan itkisini azaltmaq üçün pilotsuz “kamikaze”lər istehsalına yönəltmişdir. Məhz bu səbəbdən təyyarə görünüşlü ağıllı raketlər, ballistik silahlar kəşf olunmuşdur. Bu mənada bir çox uzunmənzilli raketlər yaponların insansız kamikazelərinin müasir formasından başqa bir şey deyil və dövlətlərin havadan müdafiə anlayışlarını dəyişdirmişdir və qardaş ölkə də bunun fərqindədir.
Görünür, eyni anda həm S-400-lərin, həm də “Patriot”ların alınması da bu fərqindəlikdən qaynaqlanır və həmin siyasətin Türkiyəyə qazandıracağı ən böyük avantajlardan biri, sözsüz ki, hər iki qüdrətin istehsal etdiyi silahların özəlliklərinin öyrənilməsi və bunların üzərində milli raket qurğularının hazırlanması olacaq. Sözsüz ki, bu, qardaş ölkənin perspektiv planıdır. Cari planda isə hər iki raket sistemi üzərində havadan etibarlı müdafiəni təmin etməkdir.
Hərbi ekspertlərin fikrincə, “Patriot” aşağı mənzilli raketləri və təyyarələri zərərsizləşdirmək üçün daha uyğun silahlardır. Belə ki, PAC2GEM-T orta hündürlükdə havadan müdafiə silahı kimi tanınır. Əsasən, təyyarələrə qarşı istifadə olunur. Hər bateriyasında 4 raket başlığı daşıyır. PAC3MSE isə tamamilə ballistik raketləri vurmaq üçün hazırlanıb. Real müharibə mühitində dəfələrlə sınaqdan çıxarılan bu müdafiə sistemi mənzili 1000 kilometrə qədər dəyişən ballistik raketləri dəqiq vurması ilə ad çıxarıb. Türkiyə bu silahlarla Rusiyadan, Ermənistandan, İrandan, Suriyadan, İsraildən və Yunanıstandan gələ biləcək qısamənzilli raketlərə qarşı özünü qoruya bilər. Üstəlik, bu raket sistemləri aşağı yüksəklikdə uçan zərbələri daha dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir.
S-400 raketləri isə yüksək hündürlükdə havadan müdafiə sistemidir. Təhlükəni 400-500 kmdən alqılayan bu sistem Türkiyəni uzaqmənzilli raketlərdən və yüksəkdə uçan təyyarələrdən qoruyacaq.
Bir sözlə, Türkiyə hər iki silahı almaqla öz üzərində ikiqatlı müdafiə sistemi yarada biləcək.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: