Xəbər lenti

 
Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərini ağır artilleriyadan atəşə tutaraq, qəfil hücuma keçib. Nəticədə iki ölkə arasındakı sərhəd boyu silsilə toqquşmalar başlayıb. Bu, 2016-cı ilin aprel döyüşlərindən və 2018-ci ilin ortalarında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən bu yana Ermənistanla Azərbaycan arasında baş verən ən böyük hərbi əməliyyatdır.
 
Ovqat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun Avropanın nüfuzlu nəşrlərindən olan “EurActiv”-da dərc olunan məqaləsi belə başlayır.

“Ermənistan-Azərbaycan toqquşmalarından alınacaq dərslər sərlövhəli məqalədə daha sonra deyilir:
 
“Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlərin ilk günlərində 4 azərbaycanlı əsgər həyatını itirib. Erməni tərəfi isə həmin vaxt təlafatla bağlı heç bir məlumat verməyib. Lakin şiddətli hərbi əməliyyatların getdiyini nəzərə alan istər erməni, istərsə də beynəlxalq ekspertlər Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatına şübhə ilə yanaşır.
 
Hər halda, xarici ekspertlər üçün Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin xüsusilə pandemiya dövründə qəflətən gərginləşməsi gözlənilməz haldır. Koronavirus pandemiyasının hər iki ölkəyə mənfi təsir göstərdiyi bəllidir. Azərbaycanın işğal altındakı ərazilərində son zamanlar cərəyan edən hadisələr, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də Azərbaycanın tarixi Şuşa şəhərinə təxribatçı səfəri vəziyyəti bir qədər də gərginləşdirib. Erməni baş nazir Şuşaya Dağlıq Qarabağdakı işğalçı rejimin yeni liderinin “andiçmə mərasimi”nə qatılmaq üçün yollanmışdı.
 
İki ölkə sərhəddindəki son hərbi əməliyyatlara nəzər yetirərək, Ermənistanla Azərbaycan arasındakı münaqişəsinin perspektivi və hazırkı vəziyyətilə bağlı bəzi nəticələr çıxarmaq mümkündür.
 
Birincisi, son hərbi toqquşmalar Ermənistanın Azərbaycanın artıq işğal etdiyi ərazilərilə kifayətlənmədiyini, bütün imkanlardan istifadə edərək, daha böyük ərazi ələ keçirməyə çalışdığını göstərir. Əslində, ermənilər Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonla birbaşa əlaqəsi olmayan bölgəyə hücumla, tərəflər arasındakı qarşıdurmanın coğrafiyasını genişləndirməyə çalışır. Yəqin ki, bu zaman Yerevan daha böyük ərazilərə nəzarəti ələ keçirə biləcəyini düşünüb.
 
Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri David Tonayanın sözlərinə görə, Ermənistan ordusuna “Azərbaycan tərəfinin təxribatçı hərəkətlərə yol verəcəyi təqdirdə” “yeni əlverişli ərazilər tutmaq” əmri verilib.
 
İkincisi, Ermənistanın qoşunların təmas xəttində deyil, iki ölkə arasındakı sərhəddə hücuma başlaması Yerevanın Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etmək niyyətini göstərir. Ermənistan ümid edirdi ki, bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onun arxasında duracaq. Bu hərbi blokun nizamnaməsində göstərilir ki, quruma üzv olan bir dövlətə hücum hərbi blokun bütün üzvlərinə hücum sayılır. Yerevan məhz bu üzdən toqquşmalar başlar-başlamaz, KTMT-nin təcili iclasının çağırılmasını tələb edib. Lakin onun bu səyləri nəticə verməyib. Görünür, hərbi bloka üzv olan digər dövlətlər Ermənistanın bu təşəbbüsünü dəstəkləməyib. Beləliklə, təcili iclas təxirə düşüb.
 
Üçüncüsü, münaqişənin qəflətən gərginləşməsi hər an genişmiqyaslı müharibənin başlaya biləcəyini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da hesab edir ki, son hadisələr Ermənistan-Azərbaycan münaqişəsinin “dondurulmuş münaqişə” olmadığını bir daha təsdiqləyib. O, Qarabağ probleminin yaxın zamanlarda sülh yolu ilə həll edilməyəcəyi təqdirdə, regional fəlakətə səbəb olacağını istisna etmir.
 
Regionda ciddi maraqları olan böyük dövlətlər nəzərə almalıdır ki, Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşma vəziyyəti daha da gərinləşdirir. Bu, münaqişə tərəfləri, həmçinin ümumilikdə region üçün ağır nəticələri olacaq böyük müharibəyə yol aça bilər. 
 
Sonuncu, lakin digərlərindən heç də az əhəmiyyətli olmayan məqam: son hərbi toqquşmalar göstərir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar imitasiyasına son qoyulmalıdır. Status-kvonu qoruyub saxlamağa, işğal altındakı ərazilərə nəzarəti gücləndirməyə çalışan Yerevan illərdir məhz bununla məşğuldur. Odur ki, substantiv danışıqlara başlanılması üçün beynəlxalq ictimaiyyət Ermənistan liderlərinə təzyiq göstərməlidir.
 
Son illər Azərbaycanın münaqişə ilə bağlı narahatlığını daha çox dövlət və beynəlxalq təşkilat bölüşür. Onlar davamlı olaraq Ermənistanı beynəlxalq hüquq normalarına hörmət etməyə çağırır. Məsələn, bu il iyunun 10-da Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku, həmçinin qurumun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Yerevanla işğal altındakı Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yolun tikintisi planına etirazlarını bildiriblər. Onlar bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər: “Bu addım Dağlıq Qarabağ və ətraf rayonların qanunsuz işğalını möhkəmləndirir”.
 
Biz Ermənistan və Azərbaycan hakimiyyətlərini münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh yolu ilə həllinə dair danışıqlara daha ciddi yanaşmağa”, - deyə bəyanatda qeyd edilir.
 
Bu prinsipial mövqe digər beynəlxalq təşkilatlar və dövlətlər üçün nümunə olmalıdır. Substantiv danışıqlara başlanılması üçün Yerevana təzyiq göstərilməsi vacibdir. Əks halda, dövlətlərarası münaqişələr, iqtisadi problemlər və pandemiya üzündən onsuz da çox sayda problemlə üzləşmiş dünya növbəti humanitar fəlakətlə qarşı-qarşıya qalacaq.


Ana səhifəyə qayıt        Baxış: 3 957          Tarix: 18-07-2020, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma