Xəbər lenti


Beynəlxalq geosiyasətin yeni trendi nisbətən kiçik dövlətləri bir-biri ilə əməkdaşlıq quraraq müstəqil fəaliyyətini tələb edir. Belə uğurlu birliklərdən biri özünü Türk Dövlətləri Təşkilatında (TDT) təcəssüm etdirir. 2009-cu ildə bu birliyin cəmi dörd üzvü olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə (5 üzv + 2 müşahidəçi ölkə) çatıb.

Ovqat.com xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin TDT-nın perspektiv fəaliyyəti ilə bağlı analizində belə deyilir.

Tədqiqat mərkəzinin fikrincə, TDT-nın digər strukturlardan əsas fərqi – geosiyasi mərkəz hesab edilən xarici sponsorun olmamasıdır: "Ölkələr arasında inteqrasiya Qərb, Rusiya və Çinin təsiri və ya dəstəyindən deyil, üzv ölkələrin milli maraqlarının üst-üstə düşməsindən qaynaqlanır. Digər tərəfdən TDT digər təşkilatlardan fərqli olaraq iştirakçı ölkələrin müstəqillik və suverenliyinə heç bir təhdid formalaşdırmır. Türkiyə NATO, Qazaxıstan və Qırğızıstan isə KTMT üzvləri olsalar da, bu onlara təşkilat çərçivəsində uğurla əməkdaşlıq etməyə mane olmur.

2021-ci ilin noyabrın 12-də TDT-nin VIII Zirvə görüşündə R.T.Ərdoğan üzv ölkələr arasında ticarət dövriyyəsinin cəmi 21 mlrd.$ olmasını bildirib, bu göstəricinin artırılma zərurliyini vurğuladı. Zirvə görüşündən sonra təşkilat üzvləri ikitərəfli, çoxtərəfli və həmçinin təşkilatdaxili inteqrasiyanın dərinləşmə və intensivləşməsində böyük nailiyyətlər əldə etmişlər. Son bir neçə ay ərzində ikitərəfli inteqrasiyaya Azərbaycan və Qırğızıstan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi bəyannamə, Azərbaycan və Türkmənistan arasında Dostluq yatağının birgə mənimsənilməsi memorandumu, o cümlədən AzərbaycanTürkiyə və Qazaxıstan ilə, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə və axırıncıların bir-biri ilə imzaladıqları vacib ikitərəfli sazişlər nümunə ola bilər.


İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, hər ikisi isə isə öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır. Belə strateji istiqamətlərdən biri nəqliyyat-logistika layihələridir. Qırğızıstan səfərində dövlətimizin başçısı Azərbaycanda yüklərin bütün istiqamətlərə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturunun olduğunu bildirmiş və bütün bu imkanların “qırğız qardaşlarımızın sərəncamında” olduğunu qeyd etmişdir. Azərbaycan və Qırğızıstan quru və ya dəniz vasitəsilə qonşu olmadığından anlaşılandır ki, tərəflər arasında istənilən nəqliyyat əməkdaşlığı digər təşkilat üzvlərinin iştirakını nəzərdə tutur. Çoxtərəfli əməkdaşlıq Azərbaycan prezidentinin Özbəkistan səfəri zamanı da müzakirə edilmişdir. Vurğulayaq ki, buna qədər Özbəkistan Türkmənistan ilə müvafiq danışıqlar aparıb, Türkmənbaşı dəniz limanına çıxış əldə etmişdir. Bu danışıqların davamı və özbək mallarının Avropaya çıxarılması məqsədilə Azərbaycanla multimodal daşımaların təşkili üzrə razılıq əldə edilmişdir. Əldə edilən razılaşmalara əsasən, Özbəkistan öz mallarını Türkmənistan, ordan Azərbaycan limanlarına və daha sonra BTQ dəmiryolu ilə Avropaya daşıyacaqdır.

Bu nəqliyyat xətti ilə yanaşı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Transxəzər nəqliyyat dəhlizi üç türk dövlətini birləşdirmiş olur. Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi isə gələcəkdə təşkilat üzvlərinin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına çıxış əldə etməsinə imkan verə bilər.


Beləliklə, dövlətlər TDT kimi təşkilatlar sayəsində geosiyasi güc mərkəzlərinin iştirakı olmadan öz hədəflərini reallaşdırmaq imkanı əldə etmiş olurlar.

TDT-nın həyat məkanı və imkanları nə qədər geniş olsa da, onun nüvəsini məhz Azərbaycan təşkil edir. Buna əmin olmaq üçün xəritəyə baxmaq kifayətdir. Azərbaycanın coğrafi mövqeyi, proseslərin lokomotiv və katalizatoru olması, həmçinin Türkiyə və Mərkəzi Asiyanı yaxşı anlaması onu türk dövlətləri arasında körpü və bağlayıcı roluna çevirir.

Beləliklə, ümumi dil, din, tarix və mədəniyyət faktorlarına əlavə olaraq cari layihələr, türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı asılılığı dərinləşdirib, gələcəkdə, ölkələr arasında təhlükəsizlik tərəfdaşlığının yaradılmasını məntiqəuyğun edir."  

Sözsüz ki, TDT-in və onun əsas düyün nöqtəsi olan Transxəzər nəqliyyat dəhlizinin ən zəif həlqəsi Cənubi Qafqaz regionudur

ŞƏRQƏ BAXIŞ Analitik Mərkəzi mövzu ilə bağlı analizində bu məsələyə diqqət ayıraraq yazır ki, Cənub Qafqazın "qaynadığı" artıq heç kimə sirr deyil: "Rusiyanın Ukrayna ilə müharibədə olduğu bir zamanda Cənubi Qafqazda nələrinsə dəyişməsi gözləniləndir. Nələrin dəyişəcəyini isə birlikdə görəcəyik….

Hazırda bizim üçün ən fəlakətli ssenaridən biri Rusiyanın Gürcüstana müdaxilə etməsidir. Türkiyə və Avropaya nəfəs yolumuzda baş verəcək belə bir dəyişiklik katastrofik olardı. 

Həm rəngli inqilabın uğurlu örnəyi, həm də Qara dəniz bölgüsündə onəmli olması səbəbilə Gürcüstan Ukraynaya bənzəyir…


Gürcüstanın işğalına qarşı ən ciddi çəkindiricilik Türkiyənin regiondakı maraqlarıdır. Gürcüstana hərbi müdaxiləsi işğal baş verərsə, Azərbaycanla bağlantı, Xəzərə çıxış, boru kəmərləri və s. Rusiyanın nəzarətinə keçər. Eyni zamanda, Qara dənizin bölgüsündə şimal sahildə üstünlük qazanan Rusiyanın Gürcüstan vasitəsilə şərq sahillərini də ələ keçirməsi cənub sahildəki Türkiyə üçün ciddi itki olacaq. Türkiyəni narahat edən digər məsələ Rusiya ilə birbaşa quru sərhədinin yaranması olacaq. 

Ukrayna cəbhəsi açıq olarkən Gürcüstana müdaxilə ehtimalı az görünür. Lakin Rusiyanın hansı iddialarla müharibəyə başladığını hamımız bilirik… Ukraynadan sonra digər bir cəbhəyə girişmək ehtimalı yüksəkdir və Gürcüstan əsas təhlükədə olan ölkələrdən biridir

Türkiyənin belə bir mümkün prosesə hansı müstəvidə reaksiya göstərəcəyi isə Cənubi Qafqazın yenidən bölüşdürülməsi prosesində həlledici olacaq. Türkiyə Rusiya ilə sövdələşmə yolunumu seçəcək, yoxsa regiona birbaşa müdaxilə variantına keçiləcək? Təbii ki, Türkiyənin mümkün reaksiyasında 90-cı illərdə olduğu kimi NATO-nun da mövqeyi önəmli olacaq. Maraqlısı budur ki, 90-cı illərdən fərqli olaraq Qərb bu dəfə Türkiyə-Rusiya qarşıdurmasında ciddi şəkildə maraqlı görünür"…





Ana səhifəyə qayıt        Baxış: 7 192          Tarix: 31-07-2022, 06:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma