Xəbər lenti
21-01-2025, 19:46


Qazaxıstan prezidentinin Azərbaycana səfəri bir neçə məsələ baxımından əhəmiyyətlidir. Bakı və Nur-Sultan Moskva ilə sıx iqtisadi əlaqələrə malikdir və Rusiya iqtisadiyyatında baş verənlər hər iki ölkəyə təsir edir. Rusiyaya qarşı sanksiyaların yaxın 10-15 il ərzində davam edəcəyi gözlənilir. Ona görə də Bakı və Nur-Sultanın cari əməkdaşlığı ilk öncə siyasi-iqtisadi risklərin azaldılması məqsədi güdür.

 

Əməkdaşlığın digər məqsədi nəqliyyat əlaqələrinin inkişafıdır. Qərb Rusiyadan daşımaları dayandırdığından trans-sibir nəqliyyat xətti öz funksiyasını tam yerinə yetirmir. Nəticədə Çindən Avropaya milyonlarla ton yük Orta dəhliz kimi alternativ yollardan daşınır. Orta dəhliz Qazaxıstanın Gürcüstanla ticarət dövriyyəsini 150%, Azərbaycanla isə 200% artırmışdır. Sanksiyaların ehtimal ki, müharibədən sonra da qalması Orta dəhlizin geosiyasi-geoiqtisadi əhəmiyyətini daha da artıracqdır. Daha  əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə xarici və nəqliyyat nazirlərinin keçirdiyi görüşlər bürokratik məsələləri sinxronlaşdırmaq və infrastruktur çatışmazlıqları aradan qaldırmaqla Orta dəhlizin ötürmə imkanlarını artırmaq məqsədini güdürdü. Dünənki görüşdə isə yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi məsələləri müzakirə edildi. Ölkələr arasında ticarət, nəqliyyat, tranzit yükdaşımaları üzrə imzalanan müqavilələr bu müzakirələrin praktiki nəticələridir. 

 

Son aylar Qazaxıstan neftinin dünya bazarına çıxarılmasında problemlər yaşanır. Qazaxıstan, neftinin 70%-ni Aİ-na ixrac edir. Bu Aİ-nın neft idxalının təxminən 6%-ni təşkil edir. Neftin əsas alıcıları isə Rusiyanın geosiyasi rəqibləri olan Fransa, İtaliya və Hollandiyadır. Neft ixracı Qazaxıstan üçün həyati əhəmiyyət daşıyır. ÜDM-nin 15%-i, ixracın 50%-i, büdcəsinin isə 1/3 neft sektoru hesabına formalaşır. Neftin 90%-i Rusiya vasitəsilə daşındığı halda, Moskva indiyə qədər beş dəfə neftin Avropaya çıxarılmasına mane olub. S&P reytinq agentliyi analoji halların gələcəkdə də baş verəcəyini proqnozlaşdırır. İqtisadiyyatı Rusiyanın siyasi ambisiyalarına qurban vermək istəməyən Qazaxıstan neftin bir hissəsini Azərbaycan vasitəsilə daşımağı nəzərdən keçirir. Dünən SOCAR və “QazaqGas” şirkətləri arasında imzalanan memorandum bu sahədə müəyyən razılığın əldə olunduğunu deməyə əsas verir. 

 

Azərbaycanın da Qazaxıstandan gözləntiləri var. 2022-ci ildə Qazaxıstan dünya ölkələrinə $959,1 mln dəyərində taxıl ixrac edib. Taxıl böhranı şəraitində Azərbaycan taxıl idxalının diversifikasiyasına çalışır. Dünən bu sahədə mühüm razılaşma əldə edildi: Qazaxıstan Azərbaycana 100 adda, $300 milyondan çox malın tədarükünü artırmağa hazırdır.

 

Nəqliyyat, enerji və ticarət təhlükəsizliyin təminini tələb etdiyindən ölkələr arasında bu məsələ də böyük əhəmiyyət kəsb edir. Bu baxımndan enerji və nəqliyyat təhlükəsizliyini əhatə edən Şuşa bəyannaməsi və KTMT üzvü Qazaxıstanın ölkəmizlə imzaladığı birgə Bəyannamə olduqca əhəmiyyətlidir. Son sənəddə Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsinin vacibliyi və bunun Orta Dəhlizin tərkib hissəsi olacağı xüsusi vurğulanır. Ona görə ki, Zəngəzur Dəhlizi iki ölkə arasında əlaqələrin inkişafına böyük tövhə verəcəkdir

 

Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına geosiyasi zərurətlə yanaşı liderlərin yenilməz iradəsi də təsir edir. Yaxın illərdə Aİ Azərbaycandan qaz idxalını 2 dəfə artırmağı planlaşdırır. Yanvar-fevral ayları ərzində Qazaxıstan Aİ-na taxıl ixracını 13 dəfə, qazı 4,3 dəfə, neft məhsullarını isə 40% artırıb. İqtisadi vektorların üst-üstə düşməsi 2022-ci ildə ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qalxmasını qaçılmaz edirdi və bu zərurət dünən, “strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ilə gerçəkləşdi. Eyni zamanda, səfər çərçivəsində Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması barədə sənəd imzalandı və Füzulidə uşaqlar üçün inşa ediləcək Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi təqdim edildi.

 

CƏNUBİ QAFQAZ TƏDQİQATLAR MƏRKƏZİ

 





Ana səhifəyə qayıt        Baxış: 6 054          Tarix: 25-08-2022, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma