ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərindən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişilib. Pelosi bu səfərində Azərbaycana və Türkiyəyə qarşı bəzi xoşagəlməz fikirlər səsləndirsə də, zənnimcə, bütün bunlar blef xarakteri daşıyırdı, Rusiya və İranla əlaqələrini sonlandırması tələb olunan Ermənistana güvən hissi aşılamağa hesablanmışdı.
Məsələ burasındadır ki, Ermənistan bir sıra sahələrdə, xüsusilə də enerji güvənliyi məsələsində bu iki dövlətdən asılıdır. Sözsüz ki, həmin ölkələrlə əlaqələrini sonlandıranda istər-istəməz enerjisiz, yanacaqsız qala bilər. Bu zaman isə Ermənistanın alternativ enerji mənbəyinə ehtiyacı yaranacaq. Belə vəziyyətdə 4 tərəfdən təcrid altında olan Ermənistanın öz enerji təhlükəsizliyi təmin edəcəyi bir yer qalır - Azərbaycan.
Bir çoxlarımıza bəlkə qeyri-adi kimi gələcək bu iddianın bir çox əsasları var. Zaman-zaman Ovqat.com saytı münasibətlərimizin normalaşması müqabilində Azərbaycandan Ermənistana enerji məhsullları veriləcəyi barədə iddialar irəli sürüb və bununla bağlı bəzi konkret məlumatlar paylaşıb. İddialarımızın dəlili sayılacaq bu məlumatlardan bəzilərini diqqətinizə çatdırırıq.
Birinci dəlil: «SOCAR Ermənistanda enerji inhisarçısına çevrilə bilər»
SOCAR Ermənistanın yanacaqdoldurma biznesini tamamilə öz inhisarına ala bilər.
Ovqat.com xəbər verir ki, Ermənistanın Yerevan Today portalı bu iddiadadır.
Portal az qala ikinci “soyqırım” kimi təqdim etdiyi həmin məlumatı Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyanın 2021-ci ilin 27 avqustda mediaya verdiyi bir açıqlama ilə əsaslandırır. Nazir həmin açıqlamasında Gürcüstandan Ermənistana 60 milyon dollarlıq investisiya qoyulacağını bildirib. Onun sözlərinə görə, həmin 60 milyonluq investisiya Ermənistanda yanacaqdoldurma məntəqəsi sektoruna yatırılacaq.
“Yerevan Today”ın iddiasına görə, bu qədər investisiyanın yalnız yanacaqdoldurma məntəqələri açmağa sərf olunması Ermənistan kimi balaca ölkədə həmin sahənin tamamilə inhisara alınması mənasına gəlir.
Erməni mediasının araşdırmaları nəticəsində məlum olub ki, ölkəyə bu qədər böyük vəsaiti yatırmaq istəyən şəxs “müxtəlif vaxtlarda Rusiya, İsveç və Gürcüstan vətəndaşı olan tanınmış iş adamı David Yakobaşvili”dir.
Bəs kimdir bu David Yakobaşvili?
Erməni portalı bu suala belə cavab verir:
“Yakobaşvili Gürcüstanın "Petrocas Energy Group" şirkətinin rəhbəridir və yük daşımaları ilə məşğuldur. 60 milyon dollarlıq sərmayə vədi Ermənistanın benzin və dizel yanacağı bazarını tamamilə udmaq cəhdinin planlaşdırıldığı anlamına gəlir. Yakobaşvilinin şirkətinin Ermənistanda belə bir fürsəti yaxalayacağına şübhə ola bilməz”.
Portalın fikrincə bu, hələ ən pis hal deyil. Bundan daha betəri də var: “Yakobaşvilinin Azərbaycanın neft şirkəti SOCAR-la ortaqlığı var”.
İkinci dəlil: Azərbaycan bu istiqamətdə bəzi kövrək addımlar atıb
Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.
20.12.2021 tarixində yanacaqdoldurma məntəqəsinin açılışı olub. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib.
Bir çoxları düşünür ki, SOCAR-ın yanacaq məntəqəsində qiymətlərin daha ucuz olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq. Bu isə Ermənistan bazarına Azərbaycanın ilk nüfuzudur.
Üçüncü dəlil: SOCAR Ermənistanda bitum zavadu açmaq istəyir
Bundan əlavə, Ermənistanın “Qraparak” qəzeti 22-01-2022 tarixli xəbərində öz mənbələrinə istinadən yazırdı ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzat iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır. Hərçənd SOCAR elə həmin gün bu iddianı yalanlayaraq bildirmişdi: "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdur”. Amma ataların da bir sözünü də unutmamaq lazım: «Od olmasa, tüstü çıxmaz».
4-cü dəlil: Azərbaycan Ermənistanla münasibətdə köhnə səhifəni çevirmək istəyir
6 Oktyabr 2021-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Peter Michalko ilə görüşündə Prezident İlham Əliyev deyib ki, Azərbaycan "səhifəni çevirmək və qonşusu olan Ermənistanla əlaqələr qurmaq" istəyir.
"Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər", - dövlət başçısı bildirib.
5-ci xəbər: «Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər»
Bu il aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev deyib: «Azərbaycan indi Ermənistanı dəvət edir ki, regional inkişafın tərkib hissəsi olsun, bunun üçün imkanlar var. Bu, onlar üçün xeyirlidir”.
İlham Əliyev həmçinin bildirib ki, Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər. “Eyni zamanda, Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı ola bilər”, - deyə o vurğulayıb.
Nəzərə alsaq ki, İran və Rusiya ilə də münasibətlərini kəsən Ermənistan regionda tamamilə təcrid edilmiş vəziyyətə düşəcək, onun Azərbaycanın enerji asılığına düşməkdən başqa alternativi yoxdur. Görünür, sərhədlərimizdəki son döyüşlər də məhz ona görə çıxarılmışdı ki, ermənilər yeri gələndə nə İranın, nə də Rusiyanın ona kömək etmək iqtidarında olmadığını, Azərbaycanla münasibəti normallaşdırmaqdan başqa yolunun qalmadığını anlasın. Zənnimcə, ağlı başında olan hər bir erməni bunu anladı da. Pelosinin Ermənistana səfərinə bu aspektdən yanaşanda aydın olur ki, ABŞ da onlara Rusiya və İran olmadan yaşamağın mümkünlüyünü, yalnız Vaşinqtonun bu şərtlər altında onun təhlükəsizliyinə zəmanət verə biləcəyini təlqin etməyə çalışıb.
Bu iddialar işığında başqa bir nüans ortaya çıxır: yaranmış yeni geosiyasi şəraitdə az qala Ermənistanın xilaskarı kimi çıxış edən Azərbaycan ənənəvi düşməninə öz milli maraqlarının xilafına yardım edə bilərmi? Əlbəttə, xeyr. Ermənistan da bu yaxşılığın bədəlini ödəməlidir. Bizim ondan tələbimiz isə aydındır: Laçın dəhlizi müqabilində Zəngəzur dəhlizi. Əks halda Ozan Arifin məşhur «Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq» mahnısının sədaları yenidən Zəngəzur dağlarında təkrarlana və ən əsası, Ermənistan qışda soyuqdan yox olub gedə bilər.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: