“İstər Rusiya daxilində, istərsə də onun ətrafında gedən proseslər Ermənistan üçün yaxşı heç nə vəd etmir”.
Ovqat.com-un məlumatına görə, ölkəsi taleyi üçün bu bədbin fikrə düşən erməni yazar Hraçya Qalustyandır.
Yazar “İddiaların sonu: Putinin yenidən prezident seçilməsindən sonra Ermənistanı nə gözləyir?” sərlövhəli məqaləsində fikrini belə əsaslandırır:
2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində seçicilərin 90%-dən çoxu Vladimir Putinə səs verəcək. Bunu “The New York Times” qəzetinə müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bizim prezident seçkilərimiz tam olaraq demokratik deyil, bahalı bürokratiyadır. Putin gələn il 90 faizdən çox səslə yenidən prezident seçiləcək”, - Kremlin sözçüsü bildirib.
O, Rusiya-Ukrayna müharibəsinin perspektivlərini də şərh edib. Peskovun sözlərinə görə, hazırda sazişin imzalanması üçün heç bir əsas yoxdur və Rusiya yaxın gələcəkdə “xüsusi əməliyyatı” davam etdirəcək. Rusiyanın ilhaq etdiyi dörd bölgədən kənarda daha çox Ukrayna ərazisini ələ keçirmək niyyətindədirmi sualına o, belə cavab verib: “Xeyr. Biz sadəcə olaraq indi Konstitusiyamızda bizim torpaqlarımız kimi yazılmış bütün ərazilərə nəzarət etmək istəyirik”.
Bu cavabların hər ikisi Ermənistan üçün də son dərəcə vacibdir. Çünki onlar Kremldə Rusiyanın və bütün dünyanın gələcəyini necə gördükləri barədə son dərəcə aydın təsəvvür yaradırlar. Dərhal deməliyəm ki, maraqlı transformasiya baş verib. Əgər əvvəllər Rusiya heç olmasa bu ölkədə seçkilərin keçirildiyini, demokratiyaya bənzər bir şeyin olduğunu bəyan edirdisə, indi bütün bunları sakitcə rədd edir.
Və bu, soyuqqanlı şəkildə analiz etsək, gözlənilən idi. Rusiyaya qarşı bu qədər sanksiya tətbiq edildikdən sonra, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) 2023-cü il martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsindən sonra Kreml bütün körpülərin tamamilə yandırıldığını düşünür. Artıq normal ölkə kimi görünmək üçün heç bir əsas yoxdur. Hamıya aydın olub, lakin Kreml tərəfindən inkar edilənlər indi onların özləri tərəfindən rəsmən qəbul olunur.
Peskov Putinin yenidən seçilməsinin bütün potensial iştirakçılarını indidən səfeh elan edib. Etiraf edirəm, indi də mənim üçün bu şouda kimin iştirak etməyə razı olacağını anlamaq çətindir. Hamıya və yüksək səslə dedilər - indiki diktatorun yenidən seçilməsi lazımdır.
Putin özü də “xoşuna gəldi – gəlmədi, səbr et, gözəlim!” deyimini təkrarlamağı xoşlayır. Belə çıxır ki, o, bir zamanlar bu sözləri deyərkən Rusiyadan, onun xalqından danışırdı. Hansı ki, onların çeyrək milyonu Putinin yenidən seçilməsi uğrunda artıq Ukrayna çöllərində məhv olunub. Və şou davam etməlidir. Peskov belə deyib, amma ona etibar etmək mümkündürmü? - Bu məsələdə ümumiyyətlə yox.
Putinin arzuladığı və hələ də Ermənistan da daxil olmaqla, bütün KTMT-yə üzv ölkələri cəlb etmək niyyətində olduğu müharibədə daha nə qədər rus ölməlidir, bilmirəm. Ola bilsin ki, Putin yenidən seçiləndən sonra Rusiya ilə uzunmüddətli təmaslarını rəsmən uzatdıqda hər şey dayanacaq. İndi hər şey Putinin istəklərindən yox, ABŞ, Böyük Britaniya və Ukraynanın digər müttəfiqlərindən asılıdır.
Peskov isə yalnız hamıya başa salmağa çalışdı ki, Kreml Rusiyanın işğalçı ölkə olduğunu gizlətmir. “Bəli, Ukraynanın ərazilərini tutmuşuq, əcəb etmişik. İndi tutulan əraziləri özümüzə götürməyə çalışırıq” tərzində. Qərb bu təcavüzün qarşını almağa cəhd edəcək, buna heç bir şübhə yoxdur. Bu isə o deməkdir ki, Rusiyanın bütün resursları bundan sonra da Ukraynada cəmləşəcək. Azərbaycanın sevinməsi üçün daha nə olmalıdır?
Artıq bəyan olunub ki, 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağı tərk edəcəklər. Rusiyanın hərbi-siyasi və iqtisadi imkanlarının zəifləməsi fonunda Bakı-Ankara hərbi-siyasi tandeminin güclənməsi bu nəticəni kifayət qədər real edir. Bu isə o deməkdir ki, “Artsax xalqı” Bakı necə istəyirsə, elə davranmağa məcburdur- ya Azərbaycan pasportu almalı, ya da öz “ata-baba yurdlarını” həmişəlik tərk etməli.
Üstəlik, başa düşmək lazımdır ki, Putin Ermənistanda qanuni yolla seçilmiş hökuməti devirmə cəhdini də davam etdirəcək. Bu, Rusiya diktatoru üçün Mixail Saakaşvilinin devrilməsi ilə eyni sabit ideyadır. İndi Gürcüstan keçmiş prezidenti həbsdə ikən, Putin özünü xoşbəxt görür. O, Nikol Paşinyan üçün də, şübhəsiz ki, eyni şeyi istəyir.
Paylaş: